525.Az

"Əsrarəngiz Misir nağılları" kitabının təqdimatı oldu - Fotolar


 

"Əsrarəngiz Misir nağılları" kitabının təqdimatı oldu - <b style="color:red">Fotolar </b>

Mayın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında "Əsrarəngiz Misir nağılları" kitabının təqdimatı və nəşrə çəkilən rəsm əsərlərinin sərgisi keçirilib.

Kitab Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi əsasında çapdan çıxıb.

Sərgidə ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif məktəblərin müəllimləri, şagirdlər, tələbələr, media nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova sərgi haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi uşaqları gələcəyimiz naminə düzgün maarifləndirməkdir: “Eyni zamanda, məqsədimiz uşaqları antik sivilizasiyaların beşiklərindən hesab edilən qədim Misir mədəniyyəti ilə tanış etmək, bu ecazkar ölkənin nağıllarını oxuyan və bu nağıllara illüstrasiyalar çəkən azyaşlı oxuculara dəyər vermək və qiymətləndirməkdir”. O, bu layihənin davamı olduğunu və bununla yanaşı, həmin kitabda yer alan rəsmlərin Misirdə də sərgiləndiyini xüsusi ilə vurğulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, son dövrlərdə həyata keçirilən layihələr də daxil olmaqla uşaq və yeniyetmələrin dünyagörüşündə, maariflənməsində, ümumiyyətlə hərtərəfli inkişafı baxımından kitabxananın əvəzolunmaz fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında layihənin uşaqların istedadlarının kəşf edilməsi və xüsusilə təxəyyüllərinin daha da zənginləşməsi baxımından səmərəli olduğunu söyləyib.

Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed isə öz növbəsində, bu layihədə əməyi keçən hər kəsə minnətdarlığını bildirib və Azərbaycanda Misir nağıllarının böyük rəğbət görməsindən məmnunluğunu qeyd edib.

Daha sonra Azərbaycan Tərcümə Mərkəzindən nümayəndə, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi, Misir uşaq ədəbiyyatı üzrə böyük alim Yaqub Əl Şaruni, Nəsimi Rayon İcra Hakimiyyətindən nümayəndə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli çıxışlarında bildiriblər ki, kitab Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.

Qeyd edilib ki, kitaba 30 Misir nağılı daxil edilib. Layihənin maraq doğuracaq cəhətlərindən biri də Misir nağıllarının Azərbaycan dilində verilməsi, həmçinin, nağıllara çəkilən rəsmlərin uşaqlara məxsus olmasıdır.

Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır. Layihənin rəhbəri və tərtibçiləri Əməkdar mədəniyyət işçiləri Şəhla Qəmbərova və Zahirə Dadaşovadır.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.

Şahanə MÜŞFİQ

 





15.05.2018    çap et  çap et