525.Az

Etnik baxımdan zəngin bölgələrimiz- Quba


 

Etnik baxımdan zəngin bölgələrimiz- <b style="color:red">Quba</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

(Əvvəli ötən sayımızda)

Bu yazımızda etnik baxımdan palitraya bənzəyən Qubanın məşhur Buduq kəndindən söhbət açacağıq. Buduq Şahdağ milli etnik qrupundan olan buduqluların tarixi, mərkəzi iqamətgahı hesab olunur. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin mərkəzi olub, hazırda isə Buduq bələdiyyəsinin mərkəzidir (1999-cu ildən).

Kənd şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir. Buduq kəndi də nəinki Qubanın, bütövlükdə Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindən sayılır.  Qubanin 64 km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan silsiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadı. Buduq yastanında Gülxana ( Güləxana) karst mağarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından xəbər verir. Meşəsiz dağlıq yamacda yerləşən Buduq böyük strateji əhəmiyyətə malikdir.  Buduq kəndində indi də buduq dilində danışan buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulub. Tarixi mənbələrdə də vurğulanır ki, əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün, kənd çətin keçilən yerdə salınıb. Xatırladaq ki, 276-cı ildən 651-ci ilə qədər şimali Azərbaycanın bir hissəsi İran dövləti olan Sasanilər tərəfindən işğalda qalıb.

Buduqlular kənd yollarının keçilməsinin yalnız yay mövsümündə mümkün olduğu, tam ayrı bir ərazidə məskunlaşıblar.  Buduqlular həmin ərazilərin ilkin sakinləridir. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan mağaralar, burada qədim sakinlərin mövcud olmasına sübutdur.

“Buduq” sözü qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar.

Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin “Came ət təvarix” (Tarixlərin toplusu) əsərində verilib. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə Tumbine xanın 5-ci oğlu Bat–Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi ilə vuruşduğu vaxt, budatlar Çingiz xanla müttəfiq idilər və onun qoşununa birləşmişdilər. Budatlardan çoxlu əmirlər olubmuş, lakin hal–hazırda adları məlum deyil.

Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607 – ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə XVlll və XlX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir.

A. A. Bakıxanovun “Gülüstani–İrəm” əsərində Buduğa və buduqlulara müəyyən yer verilib. XVIII əsrdə Buduq eyni adlı mahalın mərkəzi olub.

Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınmaqdadırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri olub. XX əsrin əvvəllərinə kimi Buduqun əhalisi təxminən 2500-3000 nəfər idi. Hal-hazırda kənddə 300 nəfərə qədər buduqlu yaşayır. Sosial-iqtisadi şəraitlə əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərk ediblər. Dağüstü, Qazmalar, Daliqaya, Qaraqız Buduq, Xaçmazda Ağyazı, Dəvəçidə Yalavanc kəndləri buduqlulardan ibarətdir.

Buduqluların ana dili buduq dilidir.

Buduqlular digər dağ əhalisi kimi, oturaq həyat tərzi keçiriblər. Buduqun əhalisi payız gələndə öz sürülərini orta zolağa, qışda isə daha düzən yerlərə qışlaqlara aparır, yaya kimi orada xüsusi hazırlanmış yerlərdə qalırdılar. Buduqun təsərrüfatının əsasını tarixən maldarlıq və qoyunçuluq təşkil edib. Kəndin coğrafi mövqeyi, təbii şəraiti, geniş otlaq sahələririnə malik olması, əhalinin təsərrüfatının bu sahəsi ilə məşğul olmasına imkan yaradıb.

Qışlaqlara adətən, heyvanların saxlanması üçün yerlər-tövlələr, mağaralar olurdu.

Buduqlular qışlaq və yaylaq şəraitində istifadə etməklə əsas diqqətlərini heyvandarlığın inkişafına veriblər. Əkinçilik buduqluların təsərrüfatında ikinci dərəcəli yer tutub. Buduq mahalının təbii şəraiti əkinciliyin inkişafına imkan yaratdığından bu sahəyə az fikir verilib.

Buduq evləri tarixən 2 otaqlı evlərdən ibarət imiş və alt mərtəbədən adətən heyvan saxlanması üçün istifadə olunub. Otaqlardan biri qonaq otağı hesab edilirdi. Bununla belə Buduq evləri xarici baxımdan gözəgəlimli olmayıb. Dağ əhalisi, eləcə də buduqlular, var-dövləti gözəl tikililərdə axtarmayıblar. Onlar  xalça, gəbə, palaz, yəhər, xurcun, corab, şal və sair toxuyur və bunların müəyyən qismini satış üçün hazırlayırdılar.

Buduqlular İslamın sünni qoluna mənsubdular. Kənddə məscid mövcuddur. Buduq kəndi bir çox savadlı alimlər yetirib, həmin elm adamları Azərbaycanın ictimai, elmi həyatında özünəməxsus rol oynayıblar.

lll 

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

Sevinc MÜRVƏTQIZI

 





09.07.2013    çap et  çap et