525.Az

Azərbaycan qaziləri Ankarada Heydər Əliyev parkını ziyarət etdilər - Foto


 

NÜMAYƏNDƏ HEYƏTİ MUSTAFA KAMAL ATATÜRKÜN QƏBRİNİ ZİYARƏT EDİB, HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN PARKDA OLUB

Azərbaycan qaziləri Ankarada Heydər Əliyev parkını ziyarət etdilər - <b style="color:red">Foto</b>

Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyətinin Türkiyə səfəri davam edir.

Adiçəkilən təşkilatın rəhbəri Emin Həsənli səfərin ikinci günü barədə məlumat verib.

O qeyd edib ki, mayın 16-da nümayəndə heyəti paytaxt Ankarada Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Türk dünyasının iki böyük oğluna ehtiramlarını bildiriblər.

E.Həsənli deyib ki, Anıtqəbirdə Türkiyənin istiqlal mübarizəsi tarixini əks etdirən muzeylə tanış olublar.

QHT rəhbəri Heydər Əliyevin adını daşıyan parkda yaradılan şəraiti yüksək qiymətləndirib: “Parkda Azərbaycanın tarixi və mədəniyyətinin təbliği, eləcə də böyük konfransların keçirilməsi üçün xüsusi mərkəz yaradılıb. Ölkəmizdə də Atatürkün adını daşıyan park yaradılıb, mərkəz fəaliyyət göstərir. Bu istiqamətdə atılan addımlar iki qardaş ölkənin əbədi dostluğunun göstəricisidir".

E.Həsənlinin sözlərinə görə, nümayəndə heyəti Ankarada Reabilitasiya Mərkəzində müalicə alan Türkiyə qazilərini də ziyarət edib: “İstər Türkiyə daxilində, istərsə də Afrində terrorla mübarizədə həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı xəsarət alanlarla Azərbaycanın 20 Yanvar, Qarabağ, o cümlədən, Aprel döyüşləri qazilərinin görüşməsi onlara psixoloji dəstəkdir”.

Ankara səfərinin “Türkiyə Əməkli Subaylar” və “Türkiyə Müharib Qazilər” dərnəklərinin dəvətilə baş tutduğunu deyən QHT sədri bildirib ki, bu cür tədbirlər mütəmadi olaraq keçirilir: “Həm Azərbaycandan Türkiyəyə, həm də Türkiyədən Azərbaycana səfərlər təşkil olunur”.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri davam edir.

Ceyhun ABASOV

 





17.05.2018    çap et  çap et