525.Az

"Türkologiya" jurnalının növbəti seminarı keçirilib


 

"Türkologiya" jurnalının növbəti seminarı keçirilib<b style="color:red"></b>

Dünən "Türkologiya" jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.

Budəfəki seminarın qonağı Türkiyənin Qazi Univerisitetinin professoru Mehman Musaoğlu olub. Professor M.Musaoğlu "Türkoloji dilçilik: problemlər, perspektivlər və təkliflər" mövzusunda məruzə ilə çıxış edib.

Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professorlar Məhərrəm Məmmədli, Kamil Bəşirov, Roza Eyvazova, türk dilləri şöbəsinin müdiri dosent Aygül Hacıyeva, institutun əməkdaşları Qətibə Mahmudova, Şəbnəm Həsənova, Elnarə Əliyeva, Təranə Şükürlü, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dissertantı İmanyar Quliyev, "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov, jurnalın əməkdaşları və seminarın üzvü olan tələbələr iştirak ediblər.

Əvvəlcə jurnalın baş redaktorunun müavini Möhsün Nağısoylu M.Musaoğlunun elmi fəaliyyəti və jurnalın nəzdində keçirlən seminarın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, M.Musaoğlu həm də "Türkologiya" jurnalının beynəlxalq redaksiya heyətinin dilçilik üzrə üzvüdür.

"Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov çıxışında seminar haqqında iştirakçıları ətraflı məlumatlandırıb. E.İbrahimov qeyd edib ki, "Türkologiya" jurnalının nəzdində seminarların keçirilməsi ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirilib. Bu ilk addım artıq bir ənənəyə çevrilib və jurnalın nəzdində seminarlar mütəmadi keçirilməkdədir. Keçirilən seminarların mövzusu türkologiya elminin müxtəlif sahələrinə və aktuallıq kəsb edən məsələlərə həsr olunur.

Daha sonra seminar öz işini professor M.Musaoğlunun məruzəsi ilə davam etdirib. O, ənənəvi, yeni, ən yeni türkoloji dilçilik, ənənəvi-təsviri türkoloji dilçilikdə; təsriflənməyən feillərin və ya feli sifət, feli bağlama və məsdərlərlə bərabər, bəzi sintaktik konstruksiyaların qurucu mərkəzlərinin də budaq cümlənin xəbəri yerində işlənildiyinin göstərilməsi, hərəkətin bitmişliyi, sürəkliliyi və bitiriləcəyini leksik, semantik və morfoloji vasitələrlə ifadə edə bilən analitik feillərdə aspekt kateqoriyasının yox sayılması, sözdüzəldici, formadüzəldici və sözdəyişdirici şəkilçilərin sərhədlərinin qarışdırılmasından danışıb.

Türk dillərinə dair aparılan yeni linqvistik araşdırmalardan danışan M.Musaoğlu "Sözün iki zirvəli tələffüz modeli probleminin türk dillərində izahlı-müqayisəli olaraq öyrənilməməsi və həmin problemin çözümlənməsində "Türk dillərində vurğu sözün son hecasının üzərinə düşər" ənənəvi hökmündən hərəkət edilməsi, sözün struktur, semantik və semiotik quruluşunun kök//şəkilçi və birləşdirici morfemlərə, morf və allomorflara, eyni zamanda, dil-danışıq kontekstinə görə müəyyənləşdirilən sintaktik, semantik və praqmatik komponent olaraq öyrənilməməsi" kimi məsələlərdən də geniş şəkildə seminar iştirakçılarına məlumat verib.

Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şahanə MÜŞFİQ

 





17.05.2018    çap et  çap et