525.Az

Yeni Yaşma kəndinin içməli su təminatı yaxşılaşdırılır


 

Yeni Yaşma kəndinin içməli su təminatı yaxşılaşdırılır<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonunun Yeni Yaşma kəndinin içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb.

Cəmiyyətdən verilən məlumata görə, Yeni Yaşma kəndində 1990-cı illərdə içməli su şəbəkəsi yaradılsa da, magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı.

Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin, əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib. Bu məqsədlə icra olunan layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma qəsəbəsinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəmərinin tikintisinə başlanılıb. Bununla paralel olaraq kənddə 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılır və hər bir ünvana birləşmə verilərək 350 ədəd sayğac quraşdırılacaq. Artıq su xətlərinin 7 km-dən çox hissəsi inşa edilib. Kəndin relyefi nəzərə alınaraq 2 ədəd hidrofor tipli nasosun quraşdırılması layihələndirilib.

Layihənin icrası tam başa çatdıqdan sonra Yeni Yaşma kəndinin sakinləri dayanıqlı içməli su ilə təmin ediləcək. Ümumilikdə, yeni layihənin icrasından kəndin 2600 sakini faydalanacaq.

Qeyd edək ki, 2018-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarında içməli su layihəsi həyata keçirəcək. Bu layihələrdən 15 min nəfər faydalanacaq.

Bununla yanaşı, prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci ilin aprelin 9-da imzaladığı sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 km su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 mindən çox sakini faydalanacaq.

Ümumilikdə, 2018-ci ildə "Azərsu" əhalisinin ümumi sayı 62 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçirəcək.

C.ABASOV

 





17.05.2018    çap et  çap et