525.Az

Tarixin közərən ocağı - Zirə


 

Tarixin közərən ocağı - <b style="color:red">Zirə </b>

(Əvvəli ötən sayımızda) 

Zirədə Əziz Məhəmməd nəslinə uzun onilliklər "Əzməmmədlilər" deyə müraciət edirmişlər.

Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı, fəlsəfə doktoru, əslən zirəli olan Xəlil Hüseynov bu nəslin Zirəyə köçməsi haqqında yazır: "Dağlıların Zirəyə köçməsi təxminən 300-350 il keçmişə təsadüf edir. Kəndə həmin zonadan ən əvvəl Xızı dağlıları, Bərməkilər, daha sonra isə İsmayıllı dağlıları köçmüşlər.

Kənd əhalisinin qədimdə heyvandarlıqla, xüsusən də qoyunçuluq, keçiçiliklə məşğul olmasını, Xızı dağlarından Bərməkilərin Zirəyə köçü barəsində olan belə bir rəvayət də təsdiq edir: "Kəndlərinə çapqınçı düşdüyünə və mülkünün qarət olunduğuna görə evin ağsaqqalı olan Abid Baba ocaq altında gizlətdiyi bir küp qızılı götürür, öz ailəsini və yaxın qohumlarını üç öküz arabasında yerləşdirərək 10 min baş qoyunu ilə yola çıxır, bu öküz arabalarından biri Buzovnaya, biri Hövsana, Abid Baba özü isə həyat yoldaşı, oğlanları Məhəmməd, Əzməmməd, qızı Sara ilə birgə Zirə kəndinə gəlmişdir. Bu zaman Zirədə yaşayan Kərimlilər və Əbəslər onlara yer vermək istəməmişlər. Çünki Zirənin əsas örüş yerləri bu iki tayfa arasında artıq bölünmüşdü. Lakin uzun danışıqlardan sonra Əbəslər tayfası öz örüş yerlərinin bir qismini Abid Babanın ailəsinə verməyə razılaşmışlar. Beləliklə, Abid Baba ilə oğlanları öz sürülərini Əbəslərin örüşlərində otarmağa başlamışlar. Bir qədər sonra Abid Babanın övladları kəndin yuxarı məhəlləsində torpaq sahələri alıb, özlərinə ev tikib məskunlaşmışlar" (İlqar Fəhmi. Yaxın - uzaq Zirə. Bakı, "Meqa-Print", 2016, səh.20-21 (212).

Zirədə qədim nəsillərdən digər bir ailə - Kərbəlayi Qədim Kərbəlayi Rza Qulu oğlu 1777-ci ildə Zirədə dünyaya gəlmiş, kəndin 1832-ci ildə siyahıya alınması zamanı 55 yaşında idi. Bu vaxt onun oğlanlarından Nəcəfin 10, Bədəlin 3, Qulunun isə 2 yaşı vardı.

Zirənin nüfuzlu ağsaqqallarından Əziz Məhəmməd Əli Məhəmməd oğlunun və Kərbəlayi Qədim Kərbəlayi Rza Qulu oğlunun şəcərəsini XIX yüzillik üzrə nəzərdən keçirdikcə bu iki ailənin yetirdiyi övladlarının xalq üçün, cəmiyyət üçün nə qədər gərəkli, xeyirxah, yurdsevər olduqları müşahidə edilməkdədir.

Zirə kəndinin sakinləri XIX əsrdə ikinci dəfə 17 il sonra, 1849-cu ildə siyahıya alınıb. Bu müddət ərzində kənddə 76 yeni ev tikilib və əhali 70 nəfər artaraq (Baxmayaraq ki, bu temp çox aşağıdır - A.R.) ümumi sayı 318 nəfərə çatmışdır. Daxili insan resursu hesabına 76 evin tikilməsi, ailələrin xüsusi təsərrüfatının genişlənməsi müsbət proses kimi qeyd olunmalıdır.

1849-cu il siyahıya alınmasında kəndin ağsaqqalı Əziz Məhəmməd Əli Məhəmməd oğlunun adına rast gəlmirik. Amma onun oğlanları Əmir Əhməd və Səməd bu müddət ərzində müqəddəs yerləri, o cümlədən, Kərbəla şəhərini ziyarət edərək fəxri "Kərbəlayi" titulu qazanmışlar. Bu vaxt Kərbəlayi Əmir Əhməd Əziz Məhəmməd oğlunun 60 (sənəddə yanlış olaraq 52 yazılıb - A.R.), Kərbəlayi Səməd Əziz Məhəmməd oğlunun isə 57 (sənəddə yenə yanlış olaraq 52 yazılıb - A.R.) yaşı vardı.

Kərbəlayi Əmir Əhmədin oğlanlarından Atakişi Əmir Əhməd oğlunun 19, Cavad Əmir Əhməd oğlunun isə 16 yaşı vardı. Kərbəlayi Əmir Əhmədin 1839-cu ildə Həmid adlı beşinci oğlu dünyaya gəlmişdir. Onun qardaşı Kərbəlayi Səməd Əziz Məhəmməd oğlunun isə üç oğul övladı dünyaya göz açmışdı. Onlardan Əbdül Mütalib Səməd oğlu (20 yaş), Həşim (1839 təvəllüdlü) və digəri isə 1844-cü ildə doğulmuş, babasının adını daşıyan Əziz Məhəmməd idi.

1849-cu ildə Zirə kəndinin mollası, din xadimi 31 yaşlı Molla Babaş Molla Fətəli oğlu idi.

Üçüncü siyahıya alınma 14 ildən sonra, 1863-cü ildə baş tutmuşdur. Bu müddət ərzində Zirə kəndinin əhalisi köçürmə və süni tədbirlər hesabına sürətlə artmış, əhalinin sayı 318 nəfərdən 825 nəfərə çatmış, onlardan 427 nəfər kişi, 398 nəfər isə qadın cinsinə mənsub idi. Bu dövrdə də kəndin ən hörmətli və nüfuzlu şəxsləri Əziz Məhəmməd oğulları sayılırdı.

Kərbəlayi Əmir Əhməd Əziz Məhəmməd oğlu 1797-ci ildə anadan olmuşdu və 66, Kərbəlayi Səməd Əziz Məhəmməd oğlu isə 1800-cü ildə təvəllüd tapmış və 63 yaşının içində idi. Onların qardaşı Mirzə Əziz Məhəmməd oğlu 1833-cü ildə dünyaya gəlmişdir.

Kərbəlayi Əmir Əhməd Əziz Məhəmməd oğlunun üç oğlu vardı. Onlardan böyüyü Atakişi Kərbəlayi Əmir Əhməd oğlu 1829 təvəllüdlü, Cavad Kərbəlayi Əmir Əhməd oğlu 1833-cü il, Həmid Kərbəlayi Əmir Əhməd oğlu isə 1839-cu il təvəllüdlü idi.

Kərbəlayi Əmir Əhmədin kiçik qardaşı Kərbəlayi Səməd Əziz Məhəmməd oğlunun isə dörd oğul övladı böyüdürdü. Onlardan Əbdül Mütalib Kərbəlayi Səməd oğlu 1829, Həşim Kərbəlayi Səməd oğlu 1839, Əziz Məhəmməd Kərbəlayi Səməd oğlu 1842 və Yusif Kərbəlayi Səməd oğlu 1851-ci il tarixində dünyaya təşrif gətirmişdilər.

Məhəmməd Həsən Əli oğlu qonşuları Kərbəlayi Səməd Əziz Məhəmməd oğlu ilə eyni təvəllüdlü, 63 yaşında idi. Məhəmməd Həsənin oğlu İsa isə 1834-cü ildə dünyaya gəlmişdi (AR MAİ Dövlət Tarix Arxivi, fond-10, siy.-1, s.v.112).

Zirə kəndinin 1863-cü ildə ən qocaman sakini 1769-cu ildə anadan olmuş, 94 yaşlı Kərbəlayi Qədim Əli Lütfəli oğlu idi. XIX yüzildə Zirə camaatı arasında bu rekordu yeniləyən şəxsə rast gəlmirik.

İyirmi üç il sonra, 1886-cı ildə əhalinin siyahıya alınmasına əsasən Zirədə 200 ev, 718 nəfər sakin yaşayırdı. Bu dövrdə kəndin tanınan, sayılan-seçilən şəxsləri Atakişi Kərbəlayi Əmir Əhməd oğlu (57 yaş), Cavad Kərbəlayi Əmir Əhməd oğlu (43 yaş), Həmid Kərbəlayi Əmir Əhməd oğlu (41 yaş), Molla Yusif Kərbəlayi Əmir Əhməd oğlu (35 yaş), Bədəl Qədim oğlu (62 yaş), Ramazan Qədim oğlu (29 yaş), Bala Baba Ramazan oğlu (1884 təvəllüdlü), Əbdül Mütalib Kərbəlayi Səməd oğlu (57 yaş), Məmməd Murad Şahgəldi oğlu (69), Hüseyn Əli Mirzə oğlu (46 yaş), Kərbəlayi Cabbar Məşədi Əli oğlu (57 yaş), Haşım Kərim oğlu (49 yaş), Əsədulla Kərbəlayi Qasım oğlu (38 yaş), Əli Məmməd Məşədi Əsəd oğlu (42), Əli Rza Məmməd Rza oğlu (53 yaş), Aşur Qasım oğlu (41 yaş), Bayram Əli İman oğlu (65 yaş), Kərbəlayi Heybətqulu Məşədi Hacı Məmməd oğlu (68 yaş), Əbdül Hüseyn Allahverdi oğlu (67 yaş), Nur Məhəmməd Nəsir oğlu (66 yaş), Murad Əli İmam Əli oğlu (55), Kərbəlayi Baba Əli Kərbəlayi Bağır oğlu (39 yaş), Kərbəlayi Ağa Məhəmməd Kərbəlayi Şah Məhəmməd oğlu (67 yaş), Molla Bədəl Molla Fətəli oğlu (68 yaş), İsmayıl Molla Fətəli oğlu (56 yaş), Əli Bala Məhəmməd Həsən oğlu (16 yaş) ... və b. idi.

1892-ci ilə qədər Zirə kəndinə Bakı şəhərindən daha dörd ailə (14 nəfər) köçmüşdür.

Zirə kəndinin halal zəhmətlə boya-başa çatdırdığı bu böyük insanların, nurlu şəxsiyyətlərin vərəsələri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, Sovet rejimi dövründə, quruculuq illərində və dövlət müstəqilliyinin bərpasından sonra nəinki kəndin, bütövlükdə respublikamızın inkişafında xüsusi xidmətləri, dövlətçiliyə sədaqətləri, vətənpərvərlikləri ilə fərqlənirlər...

... XIX yüzilliyin sonuna yaxınlaşmasına baxmayaraq, maraqlıdır ki, kənd sakinlərindən bir nəfərin də soyadının sonluğunda rus xalqının milli mənsubiyyətinə xas olan, soyad sonluğuna aid "ov", "yev", "ski" və s. şəkilçilərinə rast gəlmirik. Zirə əhalisinin böyük əksəriyyətinin adı və ya soyadı ilə qoşa çəkilən "hacı", "məşədi", "kərbəlayi" kimi müqəddəs məkanları ziyarətlə bağlı titulların sıxlığı bu insanların dini inanclarına sadiqliyini, islam dəyərlərinə böyük məhəbbətlərini və ehtiramlarını bildirən qudsal nişanələrdir.

Zirə kəndinin 1886-cı ildə "Əyal dəftəri"nə əsasən əhalinin ümumi siyahısını nəzərdən keçirdikdə təəssüf doğurucu bir məqam da xüsusilə diqqəti cəlb edir. Siyahıdan məlum olur ki, kənd sakinlərindən heç kimə 70 və daha çox il yaşamaq qismət olmayıb... Əlbəttə, burada bir yanlışlığın mövcudluğu şübhə doğurmur. Məlum olduğu kimi, XIX yüzillikdə əhali siyahıya alınarkən "Əyal dəftəri"nin yuxarı hissəsində insanların təvəllüd tarixini müəyyənləşdirmək və dəqiqləşdirmək üçün dörd suala hər bir şəxsin cavab verməsi zəruri idi. Şəxslərin yaşını müəyyənləşdirmək üçün sualların sıralanması aşağıdakı kimidir: "1. Metrik dəftərinə görə doğulduğu ayın, günün və hansı ildə anadan olduğu. 2. Hər birinin kameralında, yəni nüfus dəftərində göstərilən yaşı. 3. Zahirdə sifətindən görünən yaşı. 4. 1886-cı ildə yanvar ayının əvvəlində neçə yaşında gərək olsun" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsinin Tarix Arxivi. Fond-43-2-7334, vərəq 826-954).

Birinci sualın cavabı məlum məsələyə - uzun illər bu sahədə ciddi iş aparılmadığına görə boş buraxılmış, heç bir qeydiyyat aparılmamışdır. İkinci sual əvvəlki siyahıya alınma ilə bağlı olduğu üçün dəqiqliklə köçürülmüşdür. Əsas üçüncü sual: "Zahirdə sifətindən görünən yaşı" - bu sahədə çoxillik təcrübəsi olan mütəxəssislər belə çətinlik qarşısında qalmışdır. İnsanın "sifətindən görünən yaşı" - bu üsulun həmişə özünü doğrultmadığı şəksizdir. Yəqin ki, əhalini siyahıya alanlar bütöv bir kənddə yaşayanların hamısının yaşını yanlış təyin edə bilməzdilər. Bu məqamda əlac yalnız bir ehtimala qalır: Çox güman ki, zəhmətsevər zirəlilər yaşlarından həmişə 20-30 il cavan görünürmüşlər...

Zirənin ən qədim sakinlərindən tarixin közərən ocaq yeri kimi yadigar qalmış kurqanları, daş lövhələri, antik nümunələri, bənzərsiz təbiəti, kəmər kimi belinə dolanan, amma ucları bir-birinə çatmayan sahil zolağı, günəşin hərarətli şəfəqləri ilə sinəsi qabaran dənizi, geniş sahələrdə əkilib-becərilən qara zirənin sağlamlıq üçün ecazkar, şəfaverici qüdrəti və s. cazibədar xüsusiyyətləri ehtimalların, gümanların gerçəkliyini, şübhəsiz ki, əsaslandırır və təsdiqləyir.

(Ardı var)

 





17.05.2018    çap et  çap et