525.Az

İrəvandakı mitinqlər Paşinyanın əleyhinə çevrilə bilər


 

MÜBARİZ ƏHMƏDOĞLU: "ERMƏNİSTANIN YENİ BAŞ NAZİRİNİN ŞƏXSİYYƏTİNDƏKİ QÜSURLAR ONUN YAXŞI RƏHBƏR OLMAYACAĞINDAN XƏBƏR VERİR"

İrəvandakı mitinqlər Paşinyanın əleyhinə çevrilə bilər<b style="color:red"></b>

"Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri zamanı verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib.

Ekspert mühiti Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider kimi qəbul edirdi. Onun keçirdiyi mitinqlərinin gur olmasının əsas səbəblərindən biri də ictimai-siyasi mühit, eləcə də xalqın böyük əksəriyyətinin təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına çoxdan hazır olmasıdır. İrəvan ermənilərinin böyük bir qismi hətta Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır". Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Nikol Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaradıb: "Özünü aldatmağı xoşlayan ekspert mühiti Paşinyanın səsləndirdiyi fikirlərdə bəzi tonallıqları görmək istəmədilər. Onun fikirlərdən bəziləri sensasiyadır. Nikol Paşinyan Azərbaycanla danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi. Ermənistanın yeni baş nazirinin fikrincə, Dağlıq Qarabağ da danışıqlar prosesinə ayrıca qoşulmalıdır. Əslində, onun belə mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına tam uyğundur. Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakının fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib hissəsinə malikdir: Söhbət Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan problemlər və Dağlıq Qarabağ probleminin həllindən gedir. Birinci məsələyə Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların geri qayıtması və buna müvafiq olaraq Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına gəlməsinə şərait yaradılması aiddir. Dağlıq Qarabağ probleminin həllinə gəldikdə isə ilkin mərhələdə 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Sonra isə tədricən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması prosesi həyata keçirilməlidir".

Politoloq qeyd edib ki, Paşinyan isə özünün mərhələli həll variantını təklif edir: "Əvvəlcə Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu mümkündür. İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır. Qısa müddət ərzində müzakirələr bitir və əməli fəaliyyət başlayır".

Mərkəz sədri hesab edir ki, Paşinyanın yaratdığı hərəkat və baş nazir təyin olunması Dağlıq Qarabağ tənzimlənməsində aktivlik yaradıb: "Burada Paşinyan Serj Sarkisyanın tam tərsinə hərəkət edib. Serj Sarkisyanın bütün fəaliyyəti Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli prosesləri tormozlamaq idi. İmitasiya edirdi. Avropa İttifaqı, ABŞ və Rusiya müəyyən ümidlər yaratdı. Avroittifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək təmsilçisi Federiko Moqerininin Nikol Paşinyana təbrik müraciətində Dağlıq Qarabağ tənzimlənməsinin Qərb üçün bir nömrəli tapşırıq adlandırması təsadüfi deyil. Paşinyan görünür, təkcə aktivlik və ümid deyil, həm də iştah yarada bilib".

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın təyin etdiyi yeni müdafiə naziri David Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil: "Onun ən böyük fəaliyyəti 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir. Tonoyan hədsiz aktiv nazir müavini idi. Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək, o, "passiv müdafiədən aktiv cilovlamaya" hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda "Chatam House"-da geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində David Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə, Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq. Bu konsepsiya 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir. Tonoyan az sonra yeni müdafiə naziri Vigen Sarkisyanla yola getmədiyi üçün nazir müavinliyindən uzaqlaşdırıldı. Amma onun Qərblə əlaqələri və təxribat törətmə potensialını o zamankı prezident Serj Sarkisyan yüksək qiymətləndirdiyi üçün Fövqəladə Hallar Naziri təyin edildi. David Tonoyan Fövqəladə Hallar Nazirliyinin əsas funksiyalarını unutdu və bu nazirliyi ikinci hərbi nazirliyə çevirdi. ABŞ və NATO-dan aldığı dəstəklərin hesabına məqsədyönlü hərbi təlimlər keçirdi. Fövqəladə Hallar Nazirliyinin öz funksiyası ilə məşğul olmamasının ən bariz göstəricisi Tonoyanın bu posta olduğu dövrdə Ermənistanda baş verən meşə yanğınlarında əlacsız qalmalarıdır".

Politoloqun fikrincə, David Tonoyanın məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə müdafiə naziri təyin edilib: "Çünki Nikol Paşinyan Serj Sarkisyanın yolunu davam etdirir. Başa düşür ki, Rusiyanı Cənubi Qafqazda hərbi təxribatlara cəlb etmək Ermənistan üçün böyük geosiyasi və maliyyə resursudur. Naxçıvanda təxribat ssenarisi Ermənistan üçün hava və su kimi lazımdır. Əgər Paşinyana Rusiya ilə normal hərbi əlaqələr lazım olsaydı, o, Tonoyanı nazir təyin etməzdi".

Mərkəz sədri bildirib ki, Paşinyan avantürist manerasına görə də Serj Sarkisyanı təkrarlayır: "Serj Sarkisyan təxribatları şüurlu şəkildə hazırlayırdı və Qərbdə müəyyən dairənin dəstəyini əldə edə bilirdi. Nikol Paşinyan isə belə bacarığa və inama malik deyil".

Paşinyanın baş nazir vəzifəsini icra etdiyi ilk günlərdən regional təhlükəsizlik məsələlərində Rusiyaya badalaq gəlməsinə Kremlin reaksiyasının sərt olacağını deyən M.Əhmədoğlu vurğulayıb ki, geosiyasi proseslər Moskvanı ən azı özünə hörmət etməyə vadar edir.

Nikol Paşinyanın militarist dövlət quruculuğunu davam etdirdiyini deyən mərkəz sədri qeyd edib ki, o, baş nazir təsdiq olunarkən proqram xarakterli çıxışında Ermənistanın iqtisadiyyatı üçün 3 sahəni - kənd təsərrüfatı, İT və turizmi inkişaf etdirəcəyini bildirib: "Faktiki, bunlar indiki izolyasiya vəziyyətində olan Ermənistanın iqtisadiyyatının inkişaf etdirmək üçün lazım olan elementlərdir". Lakin Paşinyanın rəhbərlik etdiyi Ermənistanın qonşu dövlətlərə və inteqrasiya birliklərinə açıq olmayacağını deyən politoloq hesab edir ki, o, güclü xarici iqtisadi əlaqələrə və güclü istehsala malik dövlət qurmaq istəyirsə, digər sahələrin inkişafından danışmalıdır: "Qonşulara qarşı yeni münasibət ortalığa qoymalı, inteqrasiya birlikləri ilə kommunikasiyaların qurulması barədə ideyalar verməlidir. Paşinyan isə bunları etmir. Ona görə də, Paşinyanın rəhbərlik edəcəyi Ermənistan yalnız militarist dövlət olacaq və hərbi məsələlər təhsil, səhiyyə digər məsələlərdən qat-qat  üstə dayanacaq. O, indiki "dövlət-ordu" sxemini davam etdirəcək".

M.Əhmədoğlu bildirib ki, Paşinyan Dağlıq Qarabağa səfər edərkən ordunun problemləri barədə məlumatlı olduğunu desə də, Ermənistana qayıtdıqdan sonra silahlı qüvvələrin baş qərargahı ilə iclas keçirib, ordunun hərbçilərinin bütün zəruri əşyalarla təminatını baş qərargahın rəhbərliyinin boynuna qoyub: "Bu, Ermənistan üçün güc çatmaz bir məsələdir. Çünki hakim Respublika Partiyasının təmsilçilərindən biri, müdafiə nazirinin o zamankı müavini Artak Zakaryan Ermənistan ordusunda hərbçilərin zəruri əşyalarının ailəsi tərəfindən göndərildiyi məsələsini aktuallaşdırmışdı. Dövlətin gücü çatsaydı, bu məsələni həll edərdi. İndi Paşinyan baş qərargahın rəisinə şəxsi vəsaiti hesabına bu məsələni həll etdirmək istəyirsə, bu, artıq qanuni və yaxud demokratik yol deyil. Baş qərargahın rəisi Movses Akopyan korrupsiya ilə məşğul olubsa, o, bu fəaliyyətinə görə qanun qarşısında cavab verməlidir. Hərçənd ki, Akopyan və Ermənistan ordusunun digər rəhbərliyinin korrupsiya ilə məşğul olması heç kəsə sirr deyil. Amma burada çox ciddi məsələ var ki, Serj Sarkisyan bu işi görməkdən ötrü sxem qurmuşdu. Özünün Moskva ətrafındakı zavodlarının bir qismi bu sxemin tərkibinə daxil edilmişdi. Serj Sarkisyan "Ordunun büdcədənkənar maliyyələşdirilməsi" anlayışını legitimləşdirmişdi. Ölkənin daxili iqtisadiyyatı, Serj Sarkisyanın digər xarici dövlətlərlə əlaqəsi və diasporla münasibətləri məhz "dövlət-ordu" sxemini pulla təmin etmək üçün qurulmuşdu. O, bu sxemdə faiz üstündə oturmuşdu. Hər yerdən Ermənistan dövlətinə gələn pulların 20-25 faizi onun şəxsi bank hesablarına keçirdi. Bununla da, o, özünün digər siyasi məqsədlərini təmin edirdi. Serj Sarkisyanın maliyyə hesabına yaratdığı komandanın bugünədək onu müdafiə etməsi də kifayət qədər diqqəti çəkir. Ona görə də, hələ ki, Paşinyanın Ermənistanda hakimiyyəti ələ aldığını demək olmaz. Çünki Serj Sarkisyanın qurduğu sxem heç də axıra qədər dağılmayıb".

Paşinyanın yaratdığı vəziyyətin Ermənistan dövlətçiliyi üçün kifayət qədər ciddi təhlükə doğurduğunu deyən M.Əhmədoğlu bildirib ki, o, mitinqləri ənənəyə çevirib: "Paşinyan mayın 11-də Nazirlər Kabinetinin ilk iclasını keçirdiyi anda İrəvanda artıq 4 yerdə mitinqlər keçirilirdi. Bunlardan ən təhlükəlisi Zarui Postancyanın şəhər merinin istefası ilə bağlı tələb mitinqi idi. İstənilən anda bu mitinqlər Paşinyanın özünün əleyhinə çevrilə, onun hakimiyyətdən uzaqlaşdırılmasıyla nəticələnə bilər".

M.Əhmədoğlu qeyd edib ki, Paşinyanın konseptual düşüncəsi formalaşmayıb: "Paşinyanın birinci prezident və həm də uzun müddət ideoloji hamisi olmuş Levon Ter-Petrosyana verdiyi cavab onun dövlətçilik şüuruna, xalq qeyrətinə malik olmadığını göstərir. Paşinyanın şəxsiyyətindəki digər qüsurlar da onun Ermənistana yaxşı rəhbər olmayacağından xəbər verir. Mitinq günləri ərzində onunla çiyin-çiyinə olan şəxslərə laqeydlik göstərməsi qısqanclıqdan doğan məsələdir. Eləcə də bəlli olur ki, Paşinyanın ən böyük problemi "Çıxış" bloku üzrə tərəfdarları ilə münasibətlərindədir".

Ceyhun ABASOV

 





17.05.2018    çap et  çap et