525.Az

Əziz abituriyentlər, həyatın tək problemi qəbul imtahanları deyil!


 

QƏBUL İMTAHANLARINDA ZƏİF NƏTİCƏ GÖSTƏRƏN ABİTURİYENTLƏRİ İNTİHARA TƏHRİK EDƏN NƏDİR?

Əziz abituriyentlər, həyatın tək problemi qəbul imtahanları deyil!<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin (DİM) may ayının 13-də keçirdiyi qəbul imtahanında aşağı nəticə göstərən Pənah Quliyev adlı abituriyentin özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar etməsi xəbəri cəmiyyətdə ciddi müzakirələrə yol açdı.

Belə faciəli hadisələr əvvəlki illərdə də baş vermişdi, imtahanlarda aşağı nəticə göstərmiş abituriyentlər çıxış yolu kimi intiharı seçmişdilər. Və hər dəfə cəmiyyətin ən müxtəlif təbəqələri belə faciəli hadisələrin baş verməsi ulə bağlı müxtəlif rəy və fikirlər sərgiləyirlər. Bəziləri bu intihar aktının köklərini abituriyentlərin hazırlıq müddətində həddindən artıq yüklənməsində, bəziləri valideynlərin qeyri-məqbul nəticə göstərmiş övladlarına təzyiqində, bir başqaları isə yeniyetmələrin psixoloji hazırlığının istənilən səviyyədə olmamasında axtarır. Günümüzün reallığı budur ki, bir çox valideynlər övladlarına ali məktəbə qəbul olmaları üçün psixoloji təsir göstərir, tez-tez vurğulayırlar ki,  həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdır.

Psixoloq Elnur Rüstəmov hesab edir ki, belə intiharların gerçəkləşməsinə həm ali məktəblərə hazırlıq prosesinin ağır olması, həm də hazırlıq müddətində valideynlərin övladlarına təzyiq göstərmələri kimi amillər xüsusi rol oynayır: "Valideynlərin xofu imtahanlarda aşağı nəticə göstərən emosional abituryentləri intihara sövq edir. Unutmayaq ki, yeniyetmə ona edilən hər bir psixoloji təsirdən sarsıntı keçirə bilər. Bundan başqa, problemli valideynlərimiz də kifayət qədərdir. Buraya ailədaxili konfiliktlər misal ola bilər. Belə deyək, abituriyent intihar edəcəyi günə qədər zaman-zaman bir çox neqativ hadisələr yaşayır və bu neqativ hadisələr yığılıb onun psixologiyasına mənfi stimullar ötürür. Və hansısa gərgin situasiya yarananda, deyək ki, imtahanda istədiyi nəticəni əldə edə bilməyəndə anidən o neqativlər özünü biruzə verir. Buna görə də mən hər zaman deyirəm ki, orta məktəblərdə fənn hazırlığı ilə paralel psixoloji hazırlıqlar da aparılmalıdır. Belə neqativ halların qarşısının alınması məqsədi ilə orta məktəblərdə psixoloji iş qurulmalıdır. Bizdə yalnız hadisə baş verdikdən sonra onu əldə bayraq edirlər. Ali məktəbə qəbul olunmaq arzusunda olanların bir qismi hazırlıq üçün tədris mərkəzlərinə, bir qismi də repetitor yanına gedirlər. Bu uşaqların əksəriyyəti orta məktəbə heç düz-əməlli də getmirlər. Orta məktəbdə psixoloji hazırlıq demək olar ki, yoxdur, şagirdlərlə psixoloji iş arzuolunan şəkildə aparılmır. Son zamanlar Təhsil Nazirliyi bu kimi problemləri həll etmək üçün yeni proqramların tərtib olunması haqqında çıxış elədi. Gözlənilir ki, gələcəkdə o, həyata keçirilsin. Digər bir təəssüfedici məqam da budur ki, bu gün valideynlər uşaqlarının psixoloji hazırlıq keçmələrini də istəmirlər. Əgər orta məktəbdə  psixoloqa müntəzəm şəkildə müraciət edilsə, psixoloq məcbur olub öz üzərində işləyəcək, müasir metodları mənimsəyəcək və bu metodları uşaqlara aşılayacaq. Bizdə orta məktəbdə psixoloqa müraciət, demək olar, yox səviyyəsindədir".

Belə faciəvi hadisələrin baş verməsinə  həm valideyn xofunun, həm də hazırlıq prosesinin ağırlığının ciddi təsir göstərdiyini bildirən təhsil üzrə ekspert Kamran Əsədova görə, demək olar, hər il ali məktəblərə qəbul imtahanlarının başlaması ilə abituriyentlər arasında intihar hallarının baş verməsi tendensiyasına rast gəlinir: "Sanki imtahan verən abituriyentlər təkcə qəbul imtahanından kəsilmirlər, həm də həyat imtahanından kəsilirlər. Bu kimi halların baş verməsinin əsasən üç günahkarı var: birincisi, məktəb-müəllimlər, ikincisi valideyinlər, üçüncüsü isə ətraf. Xoş olmayan tendensiya odur ki, əksər gənclər həyatının uğura gedən yolunu yalnız ali təhsil almaqda görürlər. Düşünürlər ki, həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdadır. Əlbəttə ki, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxslər var. Təəssüf ki, orta məktəblərdə psixoloq xidməti yetərincə deyil. Psixoloqlar valideyn və şagirdlərlə mütəmadi olaraq işləməli, şagirdləri çətin situasiyadan çıxarmaq istiqamətində formalaşdırmalıdırlar. Danılmaz faktdır ki, bu gün ali məktəblərə sənəd təqdim etmiş hər bir abituriyent ya repertior yanında, ya da hazırlıq kurslarında hazırlaşır. Lakin bir çox hallarda repetitorlar şagirdin real vəziyyəti ilə bağlı valideynə düzgün məlumat vermirlər. Şagirdlər də iştirak etdikləri sınaq imtahanlarının nəticəsini gizlədir və ya şişirdirlər. Valideynlər isə müəllim və şagirdlərin yalanlarına inanıb övladından yüksək nəticə gözləyirlər. Sonda qəbul imtahanları gəlir və məlum olur ki, heç də hər şey deyilən və gözlənilən kimi deyil. Valideynlər əlbəttə ki, uşaqlarına hazırlıq üçün kifayət qədər vəsaitlər sərf edirlər. İmtahanda nəticə aşağı olanda isə hirslərini övladlarından çıxırlar. Zəif psixoloji dözümlülüyə malik olanlar bu çətin situasiyadan çıxış yolunu intiharda görürlər. Hələ bu intihar edənlərdir. İnanın ki, zəif bal toplayıb valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan yüzlərlə abituriyentlər var. Bu tipli xoşagəlməz hadisələrdən yeganə çıxış yolu ali təhilin əlçatımlı olması ola bilər".

K. Əsədov hesab edir ki, çıxış yolu kimi ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, ali məktəblərin qəbul qapıları geniş açılmalıdır: "Bunun üçün ilk növbədə ali məktəblərin keyfiyyətli təhsil verməsini təmin etmək lazımdır. Bundan başqa, valideynlər və şagirdlər bilməlidir ki, bu” hələ son deyil. Qarşıdan ikinci imtahan gəlir. Birinci imtahanla hər şey bitmir. İkinci imtahanda nəticələrini yaxşılaşdıra bilərlər. Bundan əlavə, orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə qəbul ola bilərlər. Yaxud da təhsil haqqı bizdəkindən dəfələrlə aşağı olan qardaş Türkiyədə və digər ölkələrdə ali təhsil ala bilərlər və bunun üçün hansısa imtahana ehtiyac yoxdur. Təəssüf ki, az bal toplayan şəxslər qohum, qonşu və ətrafın münasibətindən qorxur. Cəmiyyət olaraq diqqətli olmaq lazımdır. Əziz abituriyentlər, həyatın tək problemi qəbul imtahanı deyil, gələcək həyatınızda qarşınıza çıxa biləcək problemlərin yanında qəbul imtahanları adi bir şeydir. Yaşayın, həyatı yaşamağa dəyər".

Ruzbeh MƏMMƏD

 





17.05.2018    çap et  çap et