525.Az

Milli Məclisin deputatlarının Gürcüstana səfəri başa çatdı


 

ƏFLATUN AMAŞOVUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

Milli Məclisin deputatlarının Gürcüstana səfəri başa çatdı<b style="color:red"></b>

Mayın 13-dən 16-dək Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

Səfərin ilk günündə nümayəndə heyətinin üzvləri soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda yerli icmanın təmsilçiləri ilə görüşüblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları - Ruslan Hacıyev, Tamaz Naveriani, Marneuli rayonunun icra başçısı Temur Abazov və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

Səfərin ikinci günündə deputatlarımız Gürcüstan parlamentinin vitse-spikeri, parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüblər. Parlamentlərin dostluq qrupları üzvlərinin iştirak etdiyi görüşdə iki ölkə arasında müxtəlif sahələrdəki əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Parlamentlərarası münasibətlərin intensivliyinin dövlətlərimizin daha da yaxınlaşmasına töhfə verə biləcəyi vurğulanıb. Görüşdə, həmçinin, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələlər də nəzərdən keçirilib.

Ə.Amaşov bildirib ki, Gürcüstanda keçirilən görüşlərdə parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi müzakirə olunur. O qeyd edib ki, səsləndirilmiş təkliflərin əsasında əməkdaşlıq üzrə proqram hazırlanacaq: "Bu proqramda deputatların yalnız paytaxtlara deyil, sərhədyanı bölgələrə də qarşılıqlı səfərləri nəzərdə tutulacaq. Habelə bölgələrdə yaşayan sakinlərin bir-birinə daha da yaxınlaşdırılması da planlaşdırılır ki, bunun təminatı üçün mədəni və idman tədbirlərinin təşkili üzərində dayanılır".

Millət vəkilləri həmin gün Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofie Katsarava ilə də görüşüblər. Komitə üzvlərinin də iştirak etdiyi görüşdə beynəlxalq təşkilatlar səviyyəsində təmsilçiliklə bağlı hər iki ölkənin ortaq maraq və mənafeləri ətrafında diskussiyalar aparılıb.

Azərbaycanlı deputatların Gürcüstan parlamentinin Elm, təhsil və mədəniyyət komitəsinin sədri Mariam Caşi başda olmaqla komitənin üzvləri ilə görüşü də fikir mübadiləsi bolluğu ilə yadda qalıb.

Ə.Amaşov Gürcüstanda milli azlıqlar üçün olan "1+4" proqramının əhəmiyyətini qeyd edib. O bildirib ki, sözügedən proqram sayəsində ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır. Deputat, həmçinin, mövcud sahədəki problemlərə diqqət çəkib. Qrup rəhbəri Gürcüstanın Azərbaycandilli məktəblərində Azərbaycan dili və ədəbiyyatı və tarixinin, habelə gürcü dili, ədəbiyyatı və tarixinin tədrisinə diqqətin daha da artırılmasının vacibliyini önə çəkib.

M.Caşi Azərbaycan dövlətinə Gürcüstandakı Azərbaycandilli məktəblərin dərsliklərlə təminatında göstərdiyi dəstəyə görə təşəkkür edib. Komitə sədri qeyd edib ki, Gürcüstanda ümumən etnik azlıqların təhsil aldıqları məktəblərə gənc kadrların cəlb olunması ilə tədrisin keyfiyyətinin artırılmasın böyük diqqət yetirilir, mövcud istiqamətdə bir sıra layihələr realaşdırılır.

M.Çaşi Azərbaycanda yaşayan gürcülərin cəmiyyətə inteqrasiyası, onların təhsili məsələləri üzərində də dayanıb.

Qarşılıqlı müzakirələr şəraitində keçirilmiş görüşdə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının hazırkı vəziyyəti də nəzərdən keçirilib. Əminlik ifadə olunub ki, bu mədəniyyət ocağının binası ilə bağlı məsələ tezliklə müsbət həllini tapacaq. Bunun üçün birgə səylər göstəriləcək.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin mayın 14-də keçirdikləri ən vacib görüş Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə olub.

İ.Kobaxidze Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu vurğulayıb. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş bu görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən söz açılıb, təkliflər nəzərdən keçirilib.

Nümayəndə heyətinin üzvləri mayın 15-də Gürcüstan xarici işlər nazirinin müavini David Dondua ilə görüşüblər. Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə inkişaf etdiyinin vurğulandığı görüşdə D.Dondua mehriban qonşuluğun nümunəviliyinə diqqət çəkib. Nazir müavini onu da bildirib ki, iki ölkənin parlamentləri arasında əlaqələrin gələcəkdə daha yüksələn xətt üzrə inkişafı vacibdir: "Azərbaycan deputatlarının Gürcüstana səfəri buna yeni təkan olacaq".

Ə.Amaşov Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə bir-birinin mövqeyini daim dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, buna parlamentlərarası münasibətlərdəki yeni inkişaf perspektivləri də dəstək olacaq.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin mayın 15-də keçirdikləri daha bir görüş Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində reallaşıb.

Səfir Dursun Həsənov hər iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayaraq, ölkəmizin təşəbbüsü ilə gerçəkləşdirilməkdə olan mühüm enerji və nəqliyyat layihələrindən söz açıb. O bildirib ki, bu layihələr həm iki ölkənin, həm də bütövlükdə regionun inkişafına mühüm töfhədir.

Görüşdə qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verdiyi qeyd olunub. Bu xüsusda parlamentlərarası əlaqələr üzrə işçi qrupunun səfərinin zəruriliyi önə çəkilib. Görüşdə, həmçinin, Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, ölkənin ictimai-siyasi həyatında iştirak fəallığının artırılması məsələlərindən söz açılıb.

Gürcüstada səfərdə olan azərbaycanlı deputatlar Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi tarixi binaya baş çəkiblər. Deputatlarımız, həmçinin, Tbilisidə AXC dövrü xadimlərindən Fətəli xan Xoyski, Həsən bəy Ağayev və ictimai fikir tariximizin görkəmli nümayəndələri Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazehin məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, Ə.Amaşovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə deputatlar - Hikmət Məmmədov, Rasim Musabəyov, Kamilə Əliyeva, Naqif Həmzəyev və Pərvin Kərimzadə daxildir.

Ceyhun ABASOV

 





17.05.2018    çap et  çap et