525.Az

Türkiyə səfiri Azərbaycan Dillər Universitetində


 

Türkiyə səfiri Azərbaycan Dillər Universitetində <b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral dünən Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-nun  rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla qonağı salamlayaraq onu ADU-da görməkdən məmnun olduğunu bildirib.
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən Kamal Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb.

Kamal Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib. Kamal Abdulla Ərkan Özoralı "Səfir saatı" layihəsi çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib. 

Yüksək qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən səfir Ərkan Özoral səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin daha da güclənməsi üçün mühüm addımlar atmağın vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

 





17.05.2018    çap et  çap et