525.Az

500-ə yaxın tələbə-könüllü "Bakı Marafonu 2018"ə dəstək verdi


 

500-ə yaxın tələbə-könüllü "Bakı Marafonu 2018"ə dəstək verdi <b style="color:red"></b>

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu-2018"ə öz dəstəyini göstərib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mart-aprel aylarında "Bakı Marafonu - 2018"-in icraçıları və tərəfdaşları ilə 10 ali təhsil müəssisəsində təqdimatlar keçirilib, 3000-ə yaxın müəllim və tələbəyə marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının əhatə etdiyi 37 ali və orta ixtisas təhsil müəssisəsindən marafonda iştirak etmək istəyən tələbələr üçün BİR könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Beləliklə,  "Bakı Marafonu-2018"də "Bir" Tələbə-Könüllü proqramının 500-ə yaxın tələbə-könüllüsü iştirak edib.

Dövlət Bayrağı Meydanından başlayan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb.

Qeyd edək ki, hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16.000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edən könüllülər ölkəmizin 7 regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.

S.QARAYEVA

 





17.05.2018    çap et  çap et