525.Az

Pedoqoji Universitetdə Yaqub Əl Şaruni ilə görüş


 

Pedoqoji Universitetdə Yaqub Əl Şaruni ilə görüş <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) misirli professor Yaqub Əl Şaruni ilə görüş keçirilib.

ADPU-dan verilən məlumata görə, görüşdə əvvəlcə universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək Yaqub Əl Şaruninin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, o, Misirin uşaq ədəbiyyatı üzrə böyük alimi, ədəbiyyatşünas, uşaq ədəbiyyatı üzrə bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Əl Şaruni uşaq ədəbiyyatı üzrə 400-dən çox kitabın müəllifidir.

Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami isə bildirib ki, Misir ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. Professor Yaqub Əl Şaruni çıxışında tələbələrlə görüşmək, onlarla uşaq ədəbiyyatı barədə danışmaq, fikir mübadiləsi aparmaqdan məmnunluq duyduğunu deyib. O qeyd edib ki, Misir-Azərbaycan ədəbi əlaqələri uşaq ədəbiyyatı nümunələrinin tərcümə edilməsi ilə başlayıb: "Tərcümə xalqların bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Bu vasitə ilə xalqlar bir-birinin tarixini, ədəbiyyatını, mədəniyyətini, həyat tərzini, iqtisadi vəziyyətini öyrənə bilirlər. Uşaq ədəbiyyatında uşaqların daxili dünyası, düşüncələri, arzuları, onların şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillər öz əksini tapır".

Professor Əl Şaruni Misirdə uşaq ədəbiyyatının yaranması, inkişafı, bugünkü vəziyyəti və bu sahədə yazıb-yaradan ədiblər, şairlər, alimlər haqqında da ətraflı məlumat verib.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova isə belə tədbirlərin tələbələrin biliklərinin artmasına, dünyagörüşünün formalaşmasına, onların daxili mənəvi aləmlərinin zənginləşməsinə müsbət təsir etdiyini vurğulayıb.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək uşaq ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüblər.

Görüş diskussiya şəraitində keçib, tələbə-gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, Respublika Uşaq Kitabxanası kitab mədəniyyətinin təbliği, düya uşaq ədəbiyyatı nümunələrinin geniş oxucu kütləsinə daha aydın şəkildə çatdırılması və bu ədəbiyyata maraq yaradılması məqsədilə bir çox dövlətlərin uşaq ədəbiyyatı həftələrinin təşkilinə nail olub və onları yüksək səviyyədə təqdim edib.

Mayın 14-dən 18-dək kitabxana Misir Mədəniyyət Mərkəzinin köməyi ilə Misir Uşaq Ədəbiyyatı həftəsi keçirir. ADPU-da professor Yaqub Əl Şaruni ilə keçirilən görüş də bu layihə əsasında gerçəkləşib.

CEYHUN

 





17.05.2018    çap et  çap et