525.Az

Əlibəy Məmmədov: "Azərbaycan "Gündoğan ölkə" üçün olduqca cəlbedicidir"


 

"YAPONİYA İŞ ADAMLARI ÖLKƏMİZDƏ BİZNES ƏLAQƏLƏRİNİ İNKİŞAF ETDİRMƏKDƏ MARAQLIDIRLAR"

Əlibəy Məmmədov: "Azərbaycan "Gündoğan ölkə" üçün olduqca cəlbedicidir"<b style="color:red"></b>

"Yaponiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Sovet İttifaqından ayrıldıqdan iki ay sonra, 1991-ci ilin dekabrında rəsmi Tokio bu haqda qərar qəbul edib. Həmin dövrdən başlayaraq iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub. Yüksələn xətlə inkişaf edən siyasi əlaqələr sonrakı dövrlərdə iqtisadi münasibətlərin yaranması üçün baza rolunu oynayıb".

Bu sözləri Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, həmyerlimiz Əlibəy Məmmədov deyib.

O bildirib ki, 2000-ci ildə Yaponiya Cənubi Qafqazda ilk dəfə Azərbaycanda öz səfirliyini açıb: "Diplomatik nümayəndəlik ölkəmizdə Yaponiyanın tanıdılması istiqamətində ciddi işlər görüb, silsilə tədbirlər, o cümlədən, su və kanalizasiya sistemləri, məktəb və səhiyyə ocaqlarının tikintisi kimi, sosial layihələr həyata keçirib".

2005-ci ildə isə "Gündoğan ölkə"də Azərbaycan Səfirliyinin fəaliyyətə başladığını xatırladan həmyerlimiz bildirib ki, diplomatik nümayəndəliyimiz iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində işlər həyata keçirir: "Bunun nəticəsidir ki, son dövrlər dövlət səviyyəsində qarşılıqlı səfərlərin sayında artım müşahidə olunur. Xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavini Əli Həsənov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Yaponiyaya, qarşı tərəfdən isə baş nazirin müavini, eyni zamanda, maliyyə naziri Taro Aso, o vaxtkı iqtisadiyyat nazir Amari Akiranın və digər yüksəksəviyyəli rəsmi şəxslərin səfərləri sürətlə inkişaf edən əlaqələrin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb".

İqtisadi sahədə əməkdaşlıq əlaqələrindən danışan Ə.Məmmədov qeyd edib ki, 1994-cü ildə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında bağlanmış "Əsrin müqaviləsi"ndə Yaponiya şirkətləri də iştirak edib, ayrı-ayrı neft-qaz layihələrində pay sahibinə çevriliblər.

Yaponiya şirkətlərinin investisiyalarla Azərbaycanın bugünkü iqtisadi inkişafında öz töhfələrini verdiyini deyən Ə.Məmmədov bildirib ki, "Gündoğan ölkə" şirkətləri, ayrı-ayrı yapon iş adamları ölkəmizdə qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı sahəsinə böyük maraq göstərirlər: "Artıq bir neçə ildir ki, Azərbaycandan bal, nar şirəsi, biyan kökü, şərab və digər məhsullar Yaponiya bazarlarına çıxarılır. Yapon iş adamları idxal etdikləri meyvə-tərəvəzdən müxtəlif qida məhsulları hazırlanmasında istifadə edərək, xarici bazarlarda satışını təşkil edir və bununla da daha çox gəlir əldə edirlər. Ona görə də, ölkəmizin kənd təsərrüfatı sahəsinə göstərilən bu maraq təbiidir. Həm də nəzərə alınmalıdır ki, ABŞ-la İran arasında ziddiyyətlərin hökm sürməsi, sanksiya alətlərinin işə salınması Yaponiya biznesmenlərini Azərbaycandan daha böyük istehsal gücünə malik bu qonşu ölkə ilə biznes əlaqələri yürütməkdən çəkindirir. Çünki heç kim ABŞ-ın "qara siyahı"sına düşmək istəmir. Bu mənada, müxtəlif siyasi qütblərdə qərarlaşan ölkələrlə münasibətdə balanslaşdırılmış siyasi kurs həyata keçirən Azərbaycan "Gündoğan ölkə" üçün olduqca cəlbedicidir. Yaponiya ölkəmizə, həm də region ölkələri ilə də iqtisadi əməkdaşlığın genişlədirilməsində açıq qapı kimi baxır. Onlar əmindirlər ki, Azərbaycan kimi təhlükəsizliyin yüksək səviyyədə qorunduğu, sabitliyin hökm sürdüyü ölkədə mərkəz yaradıb istehsal etdikləri məhsulları ətrafdakı dövlətlərin bazarlarına da çıxara bilərlər. Belə olan halda, yapon iş adamlarının ölkəmizdə öz biznes əlaqələrini qurması və inkişaf etdirməsinə heç nə mane olmur. Ona görə də, inkişaf etməkdə olan bu əlaqələrə biz də öz töhfəmizi vermək istəyirik".

Ötən 5 il ərzində Yaponiyadan Azərbaycana gələn iş adamlarının sayında ciddi çoxalmanın müşahidə olunduğunu deyən həmyerlimiz qeyd edib ki, o, dəfələrlə yapon biznesmənlərin ölkəmizə səfərini təşkil edib, yerli şirkətlərlə əlaqələr qurmalarına yardımçı olub: "2014-cü ilin sonlarından başlayaraq dünya bazarında neft qiymətlərinin aşağı düşməsi digər sahələrdə ciddi islahatların aparılması zərurətini ortaya çıxarıb. Bu mənada, "Made in Azerbaijan" brendinin dünyada təbliği istiqamətində görülən işlər xüsusi qiymətləndirilməlidir. Kənd təsərrüfatı məhsullarına ölkədə tələbatın ödənilməsi və xarici bazarlara çıxış - ixrac qabiliyyətinin artırılması Azərbaycanın neftdən asılılığının azaldılması istiqamətində görülən ciddi tədbirlərdəndir".

Həmyerlimiz bildirib ki, artıq dünyada təhlükəsiz, sabitliyin hökm sürdüyü ölkə kimi tanınan Azərbaycanda mütəmadi olaraq keçirilən beynəlxalq tədbirlər ölkəmizə diqqəti daha da artırır. O, maraqlı faktı diqqətə çatdırıb: "2013-cü ildə UNESCO-nun Bakıda keçirilən toplantısında yapon milli mətbəxi -  "Washoku" bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınıb. Bu qərarın məhz Azərbaycanda qəbul olunması Yaponiya cəmiyyətində böyük maraq oyadıb.

Yaponiyanın nüfuzlu KYODO NEWS, JIJI PRESS kimi tanınmış informasiya agentlikləri, "The Japan Times", "Asahi Şimbun", "Yumouri" və digər nüfuzlu mətbuat orqanları bu barədə informasiyalar yayıblar. Nəticədə, daha çox yapon Azərbaycanla bağlı məlumatlanıb və geniş informasiya toplamağa başlayıb. Sonrakı dövrlərdə isə Yaponiyadan Azərbaycana gələn iş adamları, eləcə də turist kimi gələnlərin sayında ciddi artım müşahidə olunub".

Yaponiya kimi böyük texnoloji inkişafı yolu keçmiş ölkələrin əldə etdiyi təcrübələrin Azərbaycanda tətbiqi istiqamətində də ciddi addımların atılmasına ehtiyac olduğunu deyən Ə.Məmmədov bildirib ki, bu sırada tələbə mübadiləsinin aparılması, azərbaycanlı gənclərin Yaponiya universitetlərində texnoloji biliklər əldə etməsi, eləcə də yapon mütəxəssislərin ölkəmizə dəvət olunaraq ali məktəblərdə dərs keçməsi ümumi işə müsbət təsirləri ilə yadda qala bilər: "Bu gün biz postneft dövründə yüksək iqtisadi inkişafa nail olmaq üçün əsasən, kənd təsərrüfatı məhsullarının ixracına önəm veririksə, növbəti mərhələdə texnoloji yeniliklərin tətbiqi nəticəsində yüksək istehsal qabiliyyətinə malik müəssisələrin yaradılması ilə müxtəlif çeşidli qida və qeyri-qida məhsullarının istehsalı gücləndirilməlidir".

Həmyerlimiz hesab edir ki, diaspor fəaliyyətində dövlətin dəstəyi olarsa, daha çox uğur əldə etmək olar: "Lakin hər şeyi dövlətdən də tələb etmək doğru deyil. Diaspor təşkilatları gərək özləri güclü olsun, müstəqil fəaliyyət göstərsin. Dövlət müstəvisində bizim ayrı-ayrı qurumlarımız iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində işlər aparır. Biz isə diaspor olaraq tam fərqli və müstəqil fəaliyyət göstərsək, daha effektiv olar. Düşünürəm ki, bu düşüncə tərzi həm də dövlət üçün faydalıdır. Ona görə ki, dövlətin güclü olması təkcə onun özündən asılı olmamalıdır. Biz hər şeyi dövlət edəcək deyib arxayın oturmamalıyıq. Bu, bizim hər birimizin dövlətidir. Rəsmi səviyyədə təmsil olunub-olunmamağımızdan asılı olmayaraq, cəmiyyətin hər bir fərdi ayrı-ayrılıqda qeyri-hökumət təşkilatları səviyyəsində dövlətin həyata keçirdiyi fəaliyyətə dəstək verməlidir. Bu baş verərsə, biz dünya səviyyəsində daha güclü bir dövlət imici yaratmağa nail ola bilərik".

Ə.Məmmədov vurğulayıb ki, dünya çapında daha da güclənmiş diaspor istənilən vacib qərarların qəbul edilməsində böyük təsir imkanlarına sahibdir.

Ceyhun ABASOV

 





18.05.2018    çap et  çap et