525.Az

“Arşın mal alan” tamaşasına daxili baxış keçirildi


 

“Arşın mal alan” tamaşasına daxili baxış keçirildi <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) görkəmli bəstəkar  Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Xoşbəxt evliliyin qaydaları” adlı tamaşasına daxili baxış keçirilib.

BXA-nın baş müəllimi, Xalq artisti Yusif Qasımovun quruluşunda hazırlanan tamaşanın əsas rollarını BXA-nın tələbələri Surac Qurbanov (Əsgər rolunda), Nərmin Quliyeva (Gülçöhrə rolunda), Samirə Babayeva (Asya rolunda), Quluzadə Qulu (Süleyman rolunda), Fatimə Alimova (Telli rolunda), Tehran Mustafayev (Vəli rolunda), Lalə Aslanova (Cahan xala rolunda), Elnur Hüseynli (Soltan bəy rolunda) çıxış edəcəklər.

Akademiyanın yaradıcı heyətinin də iştirak etdiyi tamaşaya daxili baxış yekunlaşdıqdan sonra BXA-nın rektoru, professor Timuçin Əfəndiyev fikirlərini bildirərək qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır: "O, Azərbaycan milli musiqisini və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib".

Operettanın tarixindən də qısa məlumat verən T. Əfəndiyev bildirib ki, Üzeyir Hacıbəyli “Arşın mal alan”ı 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alarkən yazıb: “O, operettanı tamamladıqdan sonra ilk dəfə konservatoriyanın direktoru, rus bəstəkarı A. Qlazunova göstərib. Əsər Qlazunov tərəfindən böyük rəğbətlə qarşılanıb”.

Rektor deyib ki, dünyanın üç qitəsində dolaşan “Arşın mal alan” operettasına 1945-ci ildə eyni adlı kinokomediya ekranlaşdırılıb və xarici filmlər arasında seçilən “100 sevimli film” içərisində “qızıl siyahı”ya daxil edilib.

Tələbələrin təqdim etdiyi tədris tamaşasına gəldikdə isə, rektor,  tamaşanın xüsusi zövq və məharətlə hazırlandığı vurğuladı, bununla belə premyeraya qədər ifaçılıq texnikası və aktyorluq sənəti baxımından mövcud nöqsanların aradan qaldırılmasını da tövsiyə etdi.

Qeyd edək ki, iyun ayının 4-də Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq tamaşanın premyerası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

 





18.05.2018    çap et  çap et