525.Az

Məcburi köçkün olan şagirdlər üçün maarifləndirmə tədbiri keçirildi


 

Məcburi köçkün olan şagirdlər üçün maarifləndirmə tədbiri keçirildi <b style="color:red"></b>

Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı tam orta məktəblə birgə maarifləndirici tədbir keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbir İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları aylığı çərçivəsində reallaşdırılıb.

Tədbiri Xocalı rayon 2 saylı tam orta məktəbin direktoru Fiqurə Rüstəmova açaraq Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və bu il həmin sərəncamın imzalanmasının 11 ili tamam olacağını qeyd edib.

O, hər il aylığın keçirilməsinin ötən dövrdəki fəaliyyətləri bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək olduğunu vurğulayıb.

Birliyin sədri Esmira Orucova məktəbin müəllim və şagird kollektivinə ölkəmizdə insan hüquqları sahəsində demokratik, hüquqi islahatların həyata keçirilməsi istiqamətində aparılan işlərdən danışıb.

O, bu sahənin səmərəli təminatı məqsədilə institusional mexanizmlər sisteminin yenidən qurulmasını, son dövrlər aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplərin Azərbaycanın milli qanunvericiliyində öz əksini tapdığını dilə gətirib.

E.Orucova ölkə prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası və insan hüquqları ilə məşğul olan beynəlxalq və yerli təsisatlar haqqında geniş məlumat verib.

 





18.05.2018    çap et  çap et