525.Az

Pedoqoji Universitetdə SABAH qruplarına qəbulla bağlı I kurs tələbələriylə görüş


 

Pedoqoji Universitetdə SABAH qruplarına qəbulla bağlı I kurs tələbələriylə görüş<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyinin SABAH qruplarına qəbulla bağlı I kurs tələbələri ilə görüş keçirilib.

ADPU-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov bildirib ki, SABAH qrupları ölkə rəhbərliyinin gənclərə yüksək səviyyədə təhsil almaq üçün yaratdığı əlverişli imkandır.

SABAH qruplarının İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Rəsulova isə qəbul şərtləri və bu qrupların üstünlükləri barədə məlumat verib.

O qeyd edib ki, 2014-2015-ci tədris ilindən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb: "SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. SABAH qrupları, həmçinin, tələbələrin şəxsiyyət olaraq hərtərəfli formalaşmaları üçün tədrisdənkənar imkanlar da yaradır".

Qeyd edək ki, 2017-2018-ci tədris ilindən SABAH qruplarına tələbələrin seçimi "www.student.sabah.edu.az" portalı və "www.sabah.edu.az" portalı vasitəsilə tam elektron qaydada aparılır. Portal namizədlərin elektron ərizələrinin yoxlanılması və nəticəsi haqqında bildiriş göndərilməsi, müsabiqənin bütün mərhələləri üzrə nəticələrin emal olunması və yekun qeydiyyatın onlayn aparılmasını təmin edir.

2018-2019-cu tədris ili üçün SABAH qruplarına ümumilikdə 30 ixtisas üzrə tələbə seçimi müsabiqəsi aparılacaq. Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I tədris ilində əyani formada təhsil alan, həmin tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün namizədlər mayın 23-dək "www.sabah.edu.az" saytına daxil olmaqla elektron ərizəni doldurmalıdırlar. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsində - test imtahanında iştirak edəcəklər.

Qeyd edək ki, hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən çox tələbəni, 650-dən çox professor-müəllim heyətini əhatə edir. 2016-2017-ci tədris ilində SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfər olub.

CEYHUN

 





18.05.2018    çap et  çap et