525.Az

Pedoqoji Universitetin Elmi Şurasının iclası keçirildi


 

Pedoqoji Universitetin Elmi Şurasının iclası keçirildi <b style="color:red"></b>

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

ADPU-dan verilən məlumata görə, universitetin rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.

Rektor qeyd edib ki, Elmi Şuranın əsas məqsədi, başlıca hədəfi təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadr hazırlığında liderliyi ələ almaqdır: "Bu məqsədlə universitetdə islahatlar, yeni layihələr həyata keçirilir. Professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün universitetə təcrübəli və nüfuzlu mütəxəssislər cəlb edilir, müxtəlif kurslar, təlimlər və digər tədbirlər reallaşdırılır. Biz stereotipləri qırmalı, təşəbbüskar, yenilikçi, müasir olmalı və ölkəmizin inkişafına öz töhfələrimizi verməliyik".

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası barədə çıxış edib. Bildirilib ki, yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları ədalətli, şəffaf və obyektiv keçiriləcək.

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

Daha sonra Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxış edib. Ş.Əliyevanın çıxışında fakültədə mövcud olan ixtisaslar üzrə payız və yaz imtahan sessiyalarında qazanılmış müvəffəqiyyət və keyfiyyət göstəriciləri geniş təhlil edilib. Bu təhlil sayəsində Elmi Şura üzvləri tələbələrin tədrisi mənimsəmələri haqqında səhih məlumat əldə ediblər.

Elmi Şura pedaqogika üzrə elmlər doktoru Ş.Əliyevanın hesabatını qəbul edib.

İclasda Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində aparılan monitorinqin nəticələri barədə məlumat verib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə elmi rəhbərlər və elmi məsləhətçilərlə bağlı çıxış edib və müvafiq qərarlar qəbul olunub.

Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev Pedaqoji Təcrübə Komissiyasının qərarlarını Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, Pedaqoji Təcrübə Komissiyasının qərarına əsasən yenidənhazırlanma təhsilində pedaqoji təcrübənin müddəti 2 həftə, qiyabi təhsilalma forması üzrə isə 14 həftə müəyyən edilib.

C.ABASOV

 





18.05.2018    çap et  çap et