525.Az

Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş


 

Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş <b style="color:red"></b>

Ramazan ayının ilk günü münasibətilə "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilib.

Görüşdə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin (PXTİB) rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, "Loqos"un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, yazıçı Ulduz Qasım, "Loqos" jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTİB-nin icraçı direktoru Leyla Kərimova, mərkəzin əməkdaşları və Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva ailələri salamlayaraq onları 11 ayın sultanı Ramazan ayının başlanması münasibətilə təbrik edib, oruclarının qəbul olunmasını diləyib. Natiq qeyd edib ki, "Loqos"da belə görüşlər mütəmadi olaraq həyata keçirilir.

Daha sonra çıxış edən mərkəzin rəhbəri Təranə Məmmədova keçirilən görüşün mənəvi cəhətdən əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Ulduz Qasım, Rəhilə Gülgün, Leyla Kərimova bu cür görüşlərin önəmini vurğulayıb, qeyd ediblər ki, torpaq, vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə əl uzadanları, təhqir edənləri, dırnaqarası münasibət göstərənləri məhv etmək millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Azərbaycan xalqı həmişə sülhsevər olub. Heç kəsin torpağına göz dikməyib, təcavüzkarlığı özünə rəva görməyib. Xalqımız yalnız öz doğma yurdunu, torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməyib. Qalib çıxdığımız savaşlar da sübut etdi ki, bu Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.  

Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri onlara daim göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və belə bir görüşün təşkilinə görə "Loqos"a, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda ailə üzvlərinə bayram sovqatı verilib və xatirə fotosu çəkdirilib.

Şahanə MÜŞFİQ

 





18.05.2018    çap et  çap et