525.Az

“Sonuncu” III Şəki Beynəlxalq Teatr Festivalında - Fotolar


 

“Sonuncu” III Şəki Beynəlxalq Teatr Festivalında - <b style="color:red">Fotolar </b>

Mayın 18-də Qusar Mədəniyyət Mərkəzində “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində YUĞ Teatrının “Sonuncu” tamaşası təqdim olunub.
 
Əsərin müəllifi Pərvin, quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğludur. Tamaşada əsas rolları əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Mərih canlandırıblar. Tamaşadan öncə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi kiçik səhnəciklər ilə çıxış ediblər. Milli geyimlərdə olan aktyorlar Azərbaycan folkloru personajlarını canlandırıblar. Həmçinin, teatrın quruluşçu rejissoru Bağır Əhmədov Üzeyir bəy Hacıbəylinin “50 yaşında cavan” əsərinin baş qəhrəmanı Məşədi İbadı canlandırıb... Daha sonra tamaşaçılara teatrın uğurlarını əks etdirən sərgi təqdim olunub.

Teatrın direktoru Faiq Qardaşov tamaşadan öncə çıxış edərək bu cür festivalların faydasını vurğulayıb: “Artıq üçüncü dəfədir ki, ölkəmizdə Şəki Beynəlxalq Teatr festivalı keçirilir. Bu festivallar çərçivəsində müxtəlif tamaşalar ictimaiyyətə təqdim olunur. Mayın 16-da bizim teatrın “Pəri Cadu” tamaşası da Xaçmaz Mədəniyyət Mərkəzində uğurla nümayiş etdirildi. Hesab edirəm ki, bu cür sənət mübadilələri mədəniyyətin inkişafı üçün faydalıdır. Bu gün də bizim teatra Bakıdan YUĞ teatrı qonaq gəlib. Gənc dramaturq Pərvin xanımın “Sonuncu” adlı pyesinə rejissor sənətimizin zirvələrindən biri olan, ustad sənətkar, Xalq artisti Ramiz Həsənoğlu quruluş verib. Bu tamaşa haqqında xəbərdarıq, Bakıda artıq bir neçə ildir ki, uğurla nümayiş olunur. Aktyorlar Fərhad İsrafilovun, Hikmət Rəhimovun, Ləman Mərihin mükəmməl oyunlarından çox şeylər öyrənmək olar, bizim aktyorlarımız da böyük maraqla tamaşanı seyr edib özləri üçün nəticələr çıxaracaqlar”.

Daha sonra YUĞ Teatrının direktor müavini İlham Hüseynov Qusar Dövlət Ləzgi Dram Teatrına Mədəniyyət nazirliyinin diplomunu təqdim edib. Həmçinin, YUĞ Teatrı kollektivi adından təşəkkürlərini çatdırıb: “YUĞ Teatrı kollektivi olaraq bu festivalda iştirak etməyimizdən sevincliyik. “Sonuncu” teatrımızın ən yaxşı, ən uğurlu tamaşalarından biridir. Mən özüm bu tamaşaya təxminən əlli dəfə baxmışam, hər dəfə də təsirlənmişəm. İnanıram ki, tamaşa sizlərin ürəyincə olacaq. Kollektivimiz adından hər kəsə uğurlar diləyirəm və sizləri tamaşaya baxmağa dəvət edirəm”.

“Sonuncu” bir aktyorun - Əlisöhbət Qələndirlinin acınacaqlı taleyini əks etdirir. Əsərdə nəsillərarası konflikt də göstərilir. Bir vaxt sevdiyi xanıma sahib çıxmağa, onunla evlənməyə cəsarəti çatmayan Əlisöhbət dərdini, düşüncələrini gənc teatrşünas İlham Çardaxlı ilə bölüşür... Sonda isə hər kəsin əsl siması açılır.

Tamaşadan sonra “Sonuncu”nun quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğlu tamaşaçıların münasibətindən məmnun qaldığını dilə gətirib: “Bu tamaşa təxminən 60 dəfədən artıq  oynanılıb, qəribədir ki, hər dəfə də bir cür, hər dəfə də fərqli alınır. Heç şübhəsiz ki, aktyorlar xeyli dərəcədə tamaşaçının reaksiyasından təsirlənirlər. Bu gün Qusar tamaşaçılarının reaksiyalarından, tamaşaya münasibətindən məmnun qaldım. Bu cür festivalların da faydası budur, sənətçilər üçün belə yenilənmə, təzə təəssüratlar çox mühümdür. Mən Mədəniyyət nazirliyinə, YUĞ teatrının rəhbərliyinə bu etimad üçün, işimizə verdikləri dəyər üçün təşəkkür edirəm. Hər şey sənət üçündür və əslində elə hamımız bu devizlə yaşayırıq”.

“Sonuncu”nun əsas qəhrəmanı Əlisöhbət Qələndərlini canlandıran əməkdar artist Fərhad İsrafilov kiçik səhnə üçün hazırlanan tamaşanı böyük səhnədə oynamağın çətinliklərini dilə gətirib: “Bilirsiz ki, “Sonuncu” kamera səhnəsi estetikasında hazırlanıb. Təxminən, bir il əvvəl YARAT yaradıcılıq səhnəsində, daha böyük formatda bu tamaşanı oynamışdıq. O zaman da daha böyük səhnədə oynamağımızın həyəcanını yaşayırdım. İndi isə klassik səhnədə oynamaq xeyli məsuliyyətli idi. Amma elə bu səhnədən də tamaşaçının reaksiyasını, enerjisini hiss edirdik, bu da aktyor üçün son dərəcə mühümdür. 4 ildir ki, bu tamaşa teatrın repertuarındadır, bəzən Ramiz müəllimə söyləyirəm ki, bəlkə yeni nələrsə edək, bəlkə bir az fasilə verək. Amma sonra görürəm ki, tamaşaçı bunu istəyir. Bu gün də sizlərin sevgisini görüb ruhlandıq və başa düşdük ki, fasilə olmaz”.

Hikmət Rəhimov İlham Çardaxlı kimi personajın tamaşaçıda təzadlı hisslər oyatmasından söz açıb: “İlham Çardaxlı bütün ovqatı və xarakteri ilə ikrah hissi oyadır. Amma yenə də tamaşaçını sənətimizin bu günü, keçmişi və gələcəyi haqqında düşünməyə çağırır. Həyatda yüz faiz yaxşı, yüz faiz pis adam ola bilməz. İlham Çardaxlı da insan xislətinin müxtəlifliyini göstərir. Bu tamaşa mənim yaradıcılığımda xüsusi yer tutur və hər dəfə böyük həvəslə oynayıram”.

Tamaşada gənc sevgilini ifa edən Ləman Mərih Qusar tamaşaçılarıyla, mədəniyyət ictimaiyyəti ilə tanışlıqdan məmnunluğunu ifadə edib: “Şübhəsiz ki, bir gənc kimi Ramiz Həsənoğlu nəhəngliyində sənətkarla işləmək, Fərhad müəllim və Hikmət kimi aktyorlarla tərəf müqabili olmaq  qürurvericidir. Hər tamaşadan nə isə öyrənirəm. Hər dəfə yeni nə isə açılır mənim üçün. Bu gün də böyük səhnədən tamaşaçıya xitab etmək çox maraqlı idi. Canlandırdığım sevgili xanımın daxili yaşantılarını, tənhalığını öz bildiyim, gördüyüm kimi çatdırmağa çalışdım. Və məncə, tamaşaçı ilə ünsiyyətimiz alındı, buna görə çox sevincliyəm”.

Pyesin müəllifi Pərvin festivalın təşkilatçılarına və bu işdə zəhməti keçən hər kəsə minnətdarlığını bildirib: “Hörmətli rejissor Ramiz Həsənoğlunun da söylədiyi kimi, “Sonuncu” 60 dəfədən artıq oynanıb. Təxminən, bir il ərzində biz Ramiz müəllimlə birgə bu pyesin üzərində işləmişik. Hər dəfə yeni ideyalar yaranır, yeni detallar üzə çıxırdı. Bəzən bir qəhrəmanın xarakterini hər incəliyinə qədər işləmək üçün saatlarla müzakirələr edirdik. Bu baxımdan mənim  üçün bir gənc kimi bu pyesin yazılması və tamaşanın qoyulması son dərəcə böyük dərs, master-klass oldu. Onu da xüsusi qeyd etmək istəyirəm ki, “Sonuncu” mənə bir qələm adamı kimi çox böyük uğur gətirdi. Tamam ayrı bir auditoriyanı tanıdım, sənətin bu yönünü də az-çox öyrənmiş oldum. Faiq müəllim tamaşanın uğurundan söz açdı, məncə, əsas səbəb peşəkarlıqdır. Televiziya tamaşaları ilə artıq bir metr, meyar olan Ramiz Həsənoğlu bu sahədə də - səhnədən də öz sözünü dedi, tamaşaçısına öz mesajlarını ötürdü. Fərhad İsrafilovun Qələndərlisi, Hikmətin İlham Çardaxlısı, Ləmanın o kövrək sevgili obrazı mənim özümü də hər dəfə təsirləndirir. Buna görə onların hər birinə minnətdarlığımı bildirirəm. Həmçinin, bizim tamaşanı festival proqramına daxil edən təşkilatçılara, YUĞ teatrı rəhbərliyinə, bu isti qəbula, qonaqpərvərliyə görə Qusar Mədəniyyət Mərkəzinə, Ləzgi Dram Teatrına dərin təşəkkür edirəm. Bu gün teatrlarımız qarşısında duran məsələlərdən söz açanda tamaşaçı problemini də vurğulayırlar. Amma mən hər zaman bölgələrdə tamaşaçıların həssas olduğunu müşahidə edirəm. Bu gün də qusarlı tamaşaçıların sözümüzü, rejissorun niyyətini, aktyor oyununu necə hiss etmələrindən məmnun qaldıq”.

Sonda yaradıcı heyət yerli aktyorlarla, teatr ictimaiyyəti və tamaşaçılarla xatirə şəkli çəkdiriblər.

NƏZRİN

 





18.05.2018    çap et  çap et