525.Az

”Fələstin məsələsini yenidən BMT-nin gündəminə gətirəcəyik”


 

”Fələstin məsələsini yenidən BMT-nin gündəminə gətirəcəyik”<b style="color:red"></b>

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı başlayıb. 

APA-nın məlumatına görə, fövqəladə zirvə toplantısı İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra çağırılıb. 

Zirvə toplantısının başlamasından əvvəl R.T.Ərdoğan Fələstində cərəyan edən hadisələrə etiraz məqsədi ilə təşkil edilən “Zülmə lənət, Qüdsə dəstək” mitinqində çıxış edib. 

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısında Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və  Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə üzv olan 25 ölkənin xarici işlər nazirləri iştirak edir. Fövqəladə zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. 

İstanbuldakı zirvə toplantısının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  “Qüdsün bütün müsəlmanların mübarizəsi olduğunu” xatırladaraq, müsəlmanların o mübarizədə bir addım da geri addım atmayacaqlarını vurğulayıb. Ərdoğan 18 may tarixinin “Bəşəriyyət tarixinin şərəfinin xilas edildiyi gün” kimi tarixə keçəcəyini sözlərinə əlavə edərək, bu tarixin xristianlar və yəhudilər üçün də  önəmli olduğunu deyib. Türkiyə prezidenti Ərdoğan Fələstin məsələsini yenidən BMT Baş Assambleyasında qaldıracaqlarını və bu dəfə daha təsirli nəticə əldə edəcəklərini bildirərək, buna paralel  olaraq Ramazan ayında Fələstin xalqı üçün dünya miqyasında yardım toplayacaqlarını vurğulayıb. 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel 2016-cı ildə İstanbulda keçirilən zirvə toplantısında Təşkilatın sədrliyi 3 illiyə Türkiyəyə keçib. Prezident  Donald Trampın 6 dekabr 2017-cü ildə  Qüdsü İsrail dövlətinin  paytaxtı kimi tanıdıqlarını və ABŞ-ın   Tel-Əvivdəki səfirliyinin  Qüdsə köçürüləcəyini açıqlamasından sonra  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə dekabrın 13-də  İslam Əməkdaşlıq Təşkilatının İstanbulda fövqəladə zirvə toplantısı  keçirilib. Zirvə toplantısının  yekun bəyanatında Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınmasının elan edilməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb. 

Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərin mayın 11-də keçirdikləri aksiyalara İsrail polisi və təhlükəsizlik qüvvələri müdaxilə edib.Lokal etiraz aksiyalarının davam etməsinə baxmayaraq, ABŞ-ın Tel-Əvivdəki səfirliyi mayın 14-də mərasimlə Qüdsə köçürülüb.

 





19.05.2018    çap et  çap et