525.Az

Dilimizin altında gizlənən xoşbəxtlik


 

Dilimizin altında gizlənən xoşbəxtlik<b style="color:red"></b>

Danışmaqla ta uşaqlıqdan aram olmayıb. Bunu bir az poetikləşdirsəm, mən susqunluğun qızıyam da deyə bilərəm.

Nədənsə, həmişə dinləməyi və oxumağı sevmişəm. Kitabı deyirəm. Onu da səssiz, “ürəyimdə”. Uşaq vaxtımda xatırladığım ən “uzun ömürlü” danışıqlarım lövhə qarşısında dərsə cavab verməyimdir.  Evdə hər axşam ailə üzvlərimiz bir yerə yığışıb söhbət edəndə, deyib-güləndə mən bir kənarda oturub onları dinləməyi, hərdən də etdikləri zarafatlara xəfif təbəssümlə reaksiya verməyi üstün tutardım. O qədər qaynayıb-qarışmazdım ki, evdə mənə ləqəb də qoşmuşdular: “Yad qızı”.

Filosoflardan biri deyirdi ki, “Bir gözəl söz demək sənəti varsa, bir də gözəl söz dinləmək sənəti var”.  Artıq illərdir bu “sənətin” ən incəliklərinə qədər aşina olanlardanam.

Məşhur filosof Heraklitdən fərqli olaraq, mən ətrafımdakılar “gen-bol boşboğazlıq etsinlər deyə” yox, onları və olanları müşahidə etmək üçün az danışıram. Danışmaqdan daha çox müşahidə etməkdir sevdiyim. Hər şeyi, hər kəsi dəqiqliklə müşahidə etmək, bundan özüm üçün müəyyən nəticələr çıxarmaq. Təbii ki, o nəticələr də həyatıma təsirsiz ötüşmür.

Bu zamana qədər insanları müşahidələrimdən gəldiyim ortaq qənaətim budur ki, kim, nəçi olur-olsun,  hər adama istədiyi cavabı verib, hər kəsi öz dilində dindirməyi bacardınsa, demək 1:0  öndəsən.

Hələ bu mövzuda yazı yazmağı planlaşdırdığım zamanda anamın iş yoldaşları - yəni müəllim və tələbə kollektivi ilə bölgələrimizdən birinə kiçik bir səfərimiz oldu. Səfər öncəsi iki ziyarətgaha, muzeyə və maraqlı yerlərə getməyimiz planlaşdırılmışdı. Yolüstü ziyarətgahlardan birində fasilə edəsi olduq. Hər kəs pozitiv, şən, böyük inam və gözəl əhval-ruhiyyə ilə ziyarətgaha daxil oldu. Təəssüf ki, elə ilk addımımızdan da peşmanlıq bir qara paltarlı qadın cildində bizi yaxaladı. Səbəb isə müqəddəs hesab olunan o məkanda bizi qarşılayan nəzarətçi xanımın beş qarış sallanan üzü və zəhər kimi acı dili idi. Xalqımızın ən sevdiyim adət-ənənələrindən biri də qonaq qarşılamaq mədəniyyətidir. Neyləyək ki, o nəzarətçi xanım kim olduqlarını, nə məqsədlə gəldiklərini soruşmadan qapısına gələn qonaqları acılayıb, hamımızın kefinə bir müddətlik də olsa “soğan doğramağı” bacardı.

Oradan çıxıb planlaşdırdığımız ikinci ziyarətə getdik. Düzünü deyim ki, artıq o qadının kobud və səbəbini sona qədər də anlamadığımız sərt hərəkətindən sonra çoxumuzun həvəsi ölmüşdü. Amma ikinci ziyarətgahda qarşılaşdığımız mənzərə tamamilə fərqli oldu. Burada da bizi nəzarətçi xanım qarşıladı. Amma bu xanım o birindən fərqli olaraq, gülərüz, mehriban, yardımsevər, şirindil, ağzıdualı bir ağbirçək idi. Onun belə səmimi və xoş rəftarından sonra hiss elədim ki, birinci qadının kobudluğuna görə ondan heç xoşu gəlməyən kollektivimiz bu yaşlı xanımı çox sevdi. Elə mən özüm də düşündüm ki, hər gün onlarla, bəzən yüzlərlə insanın ziyarət etdiyi, pənah gətirdiyi bir məkanda qonaqları məhz belə xoşxasiyyət və gülərüz insanlar qarşılamalıdırlar.

Əksər insanlar, ya da demək olar, hamımız şirin sözdən daha çox, eşitmək istədiyimiz sözdən xoşlanırıq. Herodot da deyərdi axı, “insanlar gözlərindən çox qulaqlarına inanırlar”. Hətta qadınlar qulaqları ilə sevirmişlər.

Həmişə bu cümlə ilə bərabər yadıma bir tanışım düşür. Demək olar, ətrafındakı hər kəs tərəfindən çox sevilən, xüsusi hörmətə və sevgiyə malik o şəxsin bu sevgini necə qazanmasının sirri mənə çox maraqlı idi. Şəxsi tanışlığımdan hələ bir neçə il qabaqdan artıq onun haqqında xoş və sevgi dolu çox sözlər eşitməyə alışmışdım. Adı çəkilən hər yerdə “kübar”, “mehriban”, “xoşrəftar”, “şirindil” epitetləri də yan-yana düzülərdi.

Ancaq etiraf edim ki, mən onu zəhmli biri kimi tanıyırdım və çəkinirdim. Sonradan tale elə gətirdi ki, şəxsi tanışlığımız yarandı və mən onun haqqında deyilən sözlərin nə qədər az və yetərsiz olduğunun fərqinə vardım. Onu daha da yaxından tanıdıqca, gərgin iş rejiminə və aktiv fəaliyyətinə bələd olduqca məni bir sual da düşündürürdü. Görəsən, o, məsuliyyətli işlərlə yüklənmiş, dinamik həyatının arasında insanlarla belə səmimi və içdən davranmağa lazım olan səbri hardan tapır?!

Amma bu sualımı heç zaman onun özünə ünvanlamamışam. Çünki bilirəm ki, heç bir cavab tapmayıb, hətta bir az da təəccüblənib, dodaqaltı gülümsəyəcək və “Hə?! Nə bilim!” - deyib fikrə gedəcək. Bax, elə bu cür də reaksiya gözləyirəm ondan, hətta əminəm. Axı, o özü də bunun fərqində deyil...

Mənsə, susur və müşahidələrimi davam etdirirəm...

Sonradan təsadüf nəticəsində onunla bir neçə yerdə qarşılaşdıq. Və mən nəhayət, ətrafdakılarda ona qarşı yaranan bu qədər sevginin mənbəyini tapdım. Həmin an mühüm kəşfə imza atmış kimi öz-özümə “Evrika!” deyib sevindim də. Sən demə, bütün sirr onun insanlara qarşı sonsuz diqqəti və onlara eşitmək istədiyini söyləməsində imiş. Bilirəm ki, bu, onun içərisindəki sadəlikdən və insansevərlikdən qaynaqlanır. Məsələn, bir məkanda tanımadığı halda qonaqları qarşılayan nəzarətçi, qarderobçu və ya qeydiyyatçı ilə hal-əhval tutacaq, ilk dəfə qarşılaşdığı bir insana kompliment söyləməkdən qızırqalanmayacaq, özündən yaşda və təcrübədə xeyli kiçik bir gəncdən əslində heç bir ehtiyacı olmadığı halda hansısa məsələ üçün məsləhət alacaq, qarşındakının səhvi ucbatından azca səsini qaldırıbsa belə, bunu özünə dərd edib, sonradan mütləq onun könlünü almağa çalışacaq qədər sadə və səmimi insandan danışıram sizə...

Onun haqqında sözə başlarkən qadınların qulaqları ilə sevdiyi məsələsini xüsusi qeyd etməyim heç də yersiz deyildi. O, hamını sevir. Onu isə müşahidələrimə əsasən deyə bilərəm ki, ən çox qadınlar sevirlər. Çünki o, yaşından, statusundan asılı olmayaraq, bütün qadınlara qarşı eyni mehribanlığı və eyni diqqəti göstərir. Məsələn, bir dəfə bir yerdə iki qadının onun haqqında söhbətini eşitdim. Biri o birinə deyirdi ki, onunla bir neçə il öncə hansısa tədbirdə qarşılaşıb və o, bu xanıma komplimentlər deyib. Dinləyən qadın isə üzündəki xoş təbəssümlə: “O, bütün qadınlara kompliment deyir, tək sənə yox ki” - dedi. Tam haqlı idi...

Bilirəm, çoxları buna müxtəlif mənalar yükləməyə hazır vəziyyətdə dayanıblar. Elə yükləyirlər də. Axı, bizim “mentalitetimizə” görə, qadına kompliment söyləmək olmaz, onunla ancaq quru və rəsmi danışmaq lazımdır. Hətta seriallarımızda, kinolarımızda belə, kişi həyat yoldaşına “aazz” deyə müraciət edirsə, ona baxan insan hansı nəticəni çıxara bilər ki?!

Qəhrəmanım isə bunun tam əksini düşünür...

Bir dəfə bununla bağlı çox kiçik söhbətimizdə dedi ki, “axı, burda pis nə var? Qadınlar bircə tərifli söz eşidən kimi əhvalları düzəlir, o xoş söz onları həmin günün sonuna kimi xoşbəxt etməyə yetir. Bu qədər kiçik bir şeydən xoşbəxt ola bilən varlıqları ondan niyə məhrum edək ki?”

Bütün bunlar təbii ki, ətrafdakı xanımlarda ona qarşı xüsusi rəğbət, hörmət və güvən yaradır. Ona görə də hansının ən adi bir problemi olsa, mütləq ona müraciət edir, onun hər cür məsələlərin öhdəsindən gələ biləcək gücdə olduğuna inanırlar. O isə sonsuz səbr və təbəssümlə hər kəsi dinləyir, alınmayacaq işləri belə müsahibinin qəlbinə toxunmadan, onu incitmədən yoluna qoyur. 

Bəli... Əslində, xoşbəxtlik heç də baha deyil. Onun qiyməti dodaqlarımızdakı təbəssüm, dilimizdəki xoş söz qədərdir. Əgər dilimizdən çıxartdığımız söz hansısa qəlbi qıracaq, kiminsə xətrinə dəyəcək, ya da özümüzə qarşı mənfi fikir, ətrafımıza mənfi aura yaradacaqsa, onda susmaq, təbii ki, qızıldır. Elə Pifaqor da boş yerə demirdi: “Ya sus, ya da susmaqdan daha dəyərli bir söz de”.

 





19.05.2018    çap et  çap et