525.Az

Varlığın səadəti


 

Varlığın səadəti<b style="color:red"></b>

Kədərin ilan sürüsü, əzabın əqrəb qatarı kimi üstünə hücum çəkdiyi vaxtlarda birdən ağlına gəlir, cadar-cadar dodaqlarına təbəssüm qonur. Qaysaqların yerində çiçək açır. Gözün işıqlanır, sevincdən bəbəklərin genişlənir. Axı kimdir o? Nədir onu belə əvəzolunmaz edən?

Adı dilindən dua kimi düşmür, 99 dəfə təkrarlayırsan, ibadət edirmişcəsinə... Həniri minarələrdən gələn avaza bənzəyir; şəhərə sükut çökür, hərəkət dayanır, quşlar ötmür, külək əsmir, dalğalanan dəniz də sakitləşir, təkcə onu eşidirsən. Bütün insanların bir-birinə bənzədiyini hiss edəndə, hamıdan küsəndə ağlına gəlir, gözlərinə ümid qonur və dünyadan daha da bərk yapışırsan.

Bu insanın həyatında saraylar tikməsi, yollar çəkməsi şərt deyil, güvən yaratmağı, inam hiss etdirməyi varlığına şükür edəcək ən böyük səbəbdir.

Evin istisi, çölün soyuğu, ürəyinin odu bir-birinə qarışanda, yarımcan insan kimi yaşayanda hardansa peyda olur.

Özündən uzaq düşəndə, vücudun qovrulurmuş kimi inildəyəndə, dərin bir qədər əvvəl soyulmuş kimi acı verəndə xəfif meh olub üzünə əsir.

Boğazın düyünlənəndə, başından ağrı, ürəyindən sancı əskik olmayanda məlhəm kimi canına dolur.

Torpağın susuzluqdan quruyub cadar-cadar olanda, gülün saralıb-solanda yağış kimi üstünə yağır!

Saçından dırnağınacan bütün bədənin sızıldayanda yumşaq əl kimi başını sığallayır. Bəzən ağrılar o qədər şiddətli olur ki, ruhunun bədənindən öncə çürüyəcəyini fikirləşirsən. Bu vaxt hiss edirsən ki, yenə özünü çatdırıb, vücudunu canlandırır.

Hərdən düşünürsən, görəsən, dünyanın harasındayam? Bəzən heç yerində olmadığına inanırsan. Dayandığın yer mənasız və kimsəsiz olur. Adamların arasına sanki, vücudunu çiyninə alaraq qarışırsan. Özünü daşımaq tonlarla yük qaldırmaq qədər əzablı olur. Bir də görürsən, yükünün bir ucundan da o yapışıb, ağırlığın yüngülləşir, yorğunluğun çıxır, minnətdarlıq hissindən gözün dolur! Varlığı üçün bütün müqəddəslərə təşəkkür edirsən!

Baş verəcək nələrəsə təəccüblənməyinin mümkünsüz olduğu günlər başlayır, kainatın minlərlə tilsimi qarşında cəmləşsə də, əminliklə ovsunlanmayacağını düşünürsən. Amma elə ki, gəlib ruhuna toxunur, bütün fikirlərinin hədər olduğunu, yanıldığını anlayırsan.

Bəzən də içində elə bir fırtına baş verir ki, elə bilirsən, indicə dünya dağılacaq. Onda görürsən, dənizin arxasından qıpqırmızı çıxan günəş kimi qarşında doğulur. Boz, buludsuz səmanın köksündən qalxan nəhəng, gur işıq tufanı yatırır. Bu vaxt inanırsan ki, o, həm də sakitliyindir.

Özünü kirpiklərinin hər birinin ucundan qurğuşun damlası sallanırmış kimi hiss edəndə, gözünü bütün gözəlliklərə bağlayanda, cənnətə açılan pəncərə kimi özünü çatdırır; kiçik möcüzə bəxş edir, bir udumluq hava verir, qolundan yapışır, qəddini düzəldir, “qorxma” deyib gedir!

Kimdir o, kim? Sehri nədir? Beynində qaynaşan təzadlı suallar yenə rahat buraxmır! Hətta hərdən fikirləşirsən ki, bütün kitabları ələk-vələk eləyib, təzədən səhifə-səhifə oxusan da, bu suala cavab tapa bilməyəcəksən, yenə girinc qalacaqsan. Çünki burada nəsə başqa bir şey var!

Nə bilirsən, bəlkə, dünya yaranandan var, o da Yer kürəsinin milyon illərdən bəri nəhəng və ən dərin çökəkliyinə yığılan su kimi özünü gizlədib indi gün üzünə çıxıb?!

Var olduğunu düşündükcə, hər dəqiqənin ən xırda həzzini də qanına çəkmək istəyirsən.

Ziyarətin gözlərindən başlayır, varlığı ibadətgahın olur, ayağını basdığı torpaq səcdəgahına çevrilir.

Evin də, şəhərin də o olur. Dayanıb nəfəs aldığı yeri dünyanın mərkəzi bilirsən.

Əlinin bütün müharibələrdə qaldırılan ağ bayraq, nəfəsinin savaşlara yox deyən səs, gülüşünün xaraba şəhərləri aydınladan işıq olduğunu bir-bir hər kəsin qulağına pıçıldamaq istəyirsən!

Səhərlər sanki göz qapaqlarını qaldırması ilə başlayır, təbiət bir təbəssümü ilə canlanır, dünya bir tərpənişi ilə fırlanır. Bəxş edilən səadət belədir - yoxu var edir, biri yüz edir, onu gözündə ölümsüzə çevirir. Özündən öncə olan hər şeyi sıfırlayır, ondan sonra gələn hər kəsə, baş verə biləcək hər hadisəyə sədd çəkir.

Bəs, heç vaxt qarşılaşmasaydın, hardasa səndən uzaqda nəfəs alsaydı, nə olardı?  Bunu düşünəndə ürəyinin cızdağını çıxaran nəhayətsiz qüssə iliyinə dolur. Elə bil beynində ildırım çaxır.

Sonra heç nə düşünmürsən, “kimindir, nəyindir?” deyə-deyə için-içini yemir. Artıq əmin olursan ki, o, varlığın səadətidir!

 





19.05.2018    çap et  çap et