525.Az

Təranə Məmmədova: “Bizim işimizin mahiyyəti insana xidmətdən ibarətdir”


 

Təranə Məmmədova: “Bizim işimizin mahiyyəti insana xidmətdən ibarətdir”<b style="color:red"></b>

Son zamanlar ölkəmizdə psixologiya sahəsinin inkişafına xüsusi diqqət göstərilir, bu sahədə bacarıqlı kadr hazırlığı üçün istər ali məktəblərdə, istərsə də özəl kurslarda, mərkəzlərdə geniş imkanlar yaradılır.

Son illərdə bu istiqamətdə görülən uğurlu işlərin altında bir imza diqqətimizi çəkməkdədir: “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi. Cəmi dörd il öncə fəaliyyətə başlamağına baxmayaraq, bu mərkəz bu qısa müddətdə gördüyü işlərlə yetəri qədər uğurlar əldə edib. Elə müsahibimiz Psixologiya üzrə  fəlsəfə doktoru, sözügedən mərkəzin və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədovadan da bu uğurun sirlərini öyrənməyə çalışdıq.  

“Bir qadın mənə dedi ki, sən gələcəkdə ailələrə, insanlara kömək etməlisən” 

- Təranə xanım, bildiyimiz qədərilə ilk təhsiliniz maliyyə-kredit sahəsində olub. Sonradan isə psixologiya üzrə ixtisaslaşdınız. Bu keçid necə oldu?

- Əslində, bank sektorunda çalışmaq mənim arzum idi. Ancaq ailə həyatı qurandan sonra həyat yoldaşımın demək olar ki, bütün ailəsi bu sahədə idi və özünüz də bildiyiniz kimi, bir ailədən iki nəfərin bu sahədə işləməsi bir-birinin yolunu tutmaq kimi alınacaqdı. Övladlarım dünyaya gələndən sonra da iş məsələsini bir az yubatmalı oldum. Sonradan üç övladımın nitqində kiçik qüsur aşkarladıq. Böyük bir problem deyildi, sadəcə “r” səsinin səslənməsində qüsur vardı. Buna görə evə doqquz ay loqoped gəlib getdi. O, özüylə loqopedik zondlar gətirirdi (Təbii ki, onların elmi adını özüm bu sahədə çalışandan sonra öyrəndim). Maliyyə cəhətdən də çox baha idi. Bu ərəfədə başa düşdüm ki, mənim kimi valideynlər çoxdur və mən insanlara yardım məqsədilə kiçik bir mərkəz açmaq qərarına gəldim. Öncə biz loqopedik mərkəz kimi fəaliyyətə başladıq. Sonradan isə gördük ki, bu cür qüsurlar çox zaman psixoloji problemlərdən yarana bilir. Biz də yavaş-yavaş uşaqlardan yeniyetmələrə, sonra valideynlərə keçdik. Beləliklə, biz dörd il yarım ərzində on mərkəzə qədər gəlib çatdıq.

Bunu bir az da taleyə bağlayıram. Mən insanların problemləri ilə məşğul olub, onlara yardım edəcəyimi yuxumda görmüşdüm. Hələ çox gənc yaşlarımda yuxuda bir qadın mənə dedi ki, qızım, sən gələcəkdə ailələrə, insanlara kömək etməlisən. Təbii ki, əvvəllər bunun mənasını başa düşməmişdim. Və üçüncü övladım dünyaya gələndən sonra yenidən yuxumda həmin qadını gördüm. Özü də eyni məkanda, eyni qiyafədə. Və o, mənə dedi ki, axı mən sənə demişdim, sən insanlara kömək etməlisən. Yəqin ki, dediyi bu imiş.

- Çağdaş Azərbaycan insanının psixoloji durumunu necə xarakterizə edərsiniz? Sizcə də insanlarda aqressivlik varmı?

- Həssas cəmiyyətdə yaşayırıq. Dünya qloballaşır. Artıq problemlər də oxşardır.  Deyək ki, iyirmi-otuz il əvvəlin problemi ilə indikinin arasında məzmun və forma etibarilə kəskin fərqlər var. Elə götürək ailə problemlərini, ailə üzvləri arasındakı qarşılıqlı münasibətləri. Öz yaşımdan irəliyə getmək istəmirəm. Bizim uşaqlıq, yeniyetməlik zamanımızla indiki arasında fərqləri görməmək mümkün deyil. O zaman ailə müqəddəs sayılırdı, uşaq qeyd-şərtsiz valideynin dedikləri ilə hesablaşmalıydı. Atanın dediyi evdə qanun idi. Adət-ənənələr, gələnəklər ailə dayaqlarının möhkəmlənməsində əvəzsiz rol oynayırdı. Yeni qurulan ailələrdə hər hansı anlaşılmazlıq ağsaqqal və ağbirçəklərin məsləhəti ilə həll olunurdu. Küçədə, yaxud da məktəbdə yeniyetmənin xoşagəlməz bir hərəkəti böyüklərin yüngülvari tənbehi ilə aradan qaldırılırdı.

Qlobal inkişaf psixoloji durumun məzmununu bir qədər dəyişir. Dünya yenilənir, münasibətlər fərqli məzmun daşıyır. Cəmiyyətin inkişafı paralel olaraq psixoloji durumu da dərinləşdirir. Okeanın o tayında baş verən hadisə bu taydakı insana təsirsiz qalmır. İnformasiya həm müsbət, həm də mənfi mənada öz işini görür. Deyək ki, bu gün Londondakı psixoloji durum müəyyən mənada Bakıdakı ilə eyniləşir. 

“Valideynlər çox rahat şəkildə bizə müraciət edə, övladlarını əmanət edə bilirlər” 

- Sizin fikrinizcə, psixoloq necə olmalıdır? Məsələn, “Loqos”a əməkdaş seçərkən ilk nələrə diqqət edirsiniz?

- Birincisi və ən önəmlisi insan olmalıdır. Çox gözəl, peşəkar mütəxəssis olmaya bilər. İnsan dünyaya ali savadlı, peşəkar gəlmir ki. Bunun üçün müəyyən praktika lazımdır. Biz də onlara bu praktikanı verə, onları mütəxəssis kimi yetişdirə bilərik. Ancaq insanlıq onların içərisindədir. Çünki biz burada insanlarla, ailələrlə, ən əsası körpələrlə işləyirik. Onları o qədər gözəl anlamalı, onlara nəvaziş göstərməliyik ki, bizə müraciət edən, bizdən kömək istəyən insanlar narazı qalmasınlar. Biz burada bir ev, ailə mühiti yaratmışıq. Buna görə də valideynlər çox rahat şəkildə bizə müraciət edə, övladlarını əmanət edə bilirlər. Ondan başqa əməkdaşlar hər daim öz üzərlərində çalışmalı, oxumalı, sahələri üzrə kurslara getməli, işinə, kollektivinə, aid olduğu yerə can yandırmalıdırlar.

- Sizcə, ölkəmizdə psixologiya və psixoloji maarifləndirmə sahəsində vəziyyət necədir?

- Öz adımıza cavab versəm, deyə bilərəm ki, bizim fəaliyyət istiqamətimiz çoxşaxəlidir. Əgər ilk dəfə kiçik komanda ilə işə başlayanda məqsəd sadəcə nitq qüsurlu uşaqlara xidmətdən ibarət idisə, bu gün sağlam psixoloji mühit üçün çalışırıq. Maarifləndirmə istiqamətində kompleks tədbirlər həyata keçiririk. Çalışırıq ki, maarifləndirici layihələrimiz əhalinin daha çox hissəsini əhatə etsin.

-”Loqos” bu zamana qədər hansı layihələr həyata keçirib?

- Dörd ilə yaxındır ki, psixoloji xidmətlə məşğuluq. Layihələrə gəlincə, onu deyim ki, formal xarakter daşıyan hər işin əleyhinəyəm. Çoxlu sayda layihələrimiz olur. Hər biri qarşıya qoyulan məqsədə çatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Məsələn, götürək “Müasir Azərbaycan qadını” layihəsini. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında, elm-mədəniyyət sahəsində tanınan onlarla qadın var. Eləcə də təhsil, səhiyyə və digər sahələrdə Azərbaycan qadını uğurlar qazanır. Azərbaycan qadını dövlət xadimidir, millət vəkilidir. Amma bu da həqiqətdir ki, təkcə ucqar kəndlərimizdə yox, elə böyük şəhərlərimizdə  də öz hüquqlarını bilməyən, əzilən, öz  gücünə inanmayan qadınlar çoxdur. Bir ay davam edən layihə çərçivəsində beş görüş keçirdik. Hər görüşdə də fərqli sahələrdə özünü təsdiqləyən, cəmiyyətdə müəyyən mövqe sahibi olan xanımlar həyat tarixçələrini danışdılar, hazırda tutduqları mövqeyə öz gücləri hesabına gəldiklərini anlatdılar. Və təbii ki, örnək kimi dəvət olunan qadınların fərqli mövzuda söhbətləri həm də maarifləndirici xarakter daşıyırdı. Layihədə dinləyici qismində müsabiqə yolu ilə 400 nəfərin arasından 50 qadın seçilmişdi. Onların arasında qaçqın-köçkün ailələrdən qadınlar, həmçinin, Qarabağ uğrunda döyüşlərdə itkin düşən soydaşlarımızın həyat yoldaşları, hətta bölgələrdən belə, qadınlar vardı. Bu layihə ailə dayaqlarının möhkəmlənməsi, ailədaxili münasibətlərin tənzimlənməsi, özgüvən hissinin yüksəlməsi baxımından çox faydalı oldu. Digər layihələrimiz də onun kimi.

“Ailədən başlanan gələcək”, “Mənim ilk uğurum”, “Psixologiya Akademiyası: Uşaq” və s. “Loqos”un uğurlu layihələrindəndir.

Peşəkarlıq səviyyəsini artırmağa xidmət edən kursları da nəzərə alsaq, bunu deməyə əsasımız var ki, “Loqos” əhaliyə həqiqətən də kompleks xidmət vəzifəsini layiqincə yerinə yetirməyə çalışır.

- Orta və ali məktəblərdə şagird və tələbələrlə psixoloji işin səviyyəsi haqda nə düşünürsünüz? Bu mövzuda təklifiniz nədir?

- Hazırda Təhsil Nazirliyi ilə bizim ortaq bir layihəmiz var: “Məktəbdən başlanan həyat”. Bu layihə çərçivəsində biz bütün Bakı məktəblərində görüşlər keçiririk. Bu layihəni hazırda təqdim etsək də, bəzi görüləcək işlərimiz hələ də var. Məsələn, biz ilk iş olaraq, şagirdlərdən öncə məktəbin direktorunu, müəllimlərini, valideynləri, onların uşaqlarla münasibətlərini araşdırırıq, problemləri öyrənməyə çalışırıq. Bu müşahidələrimizi toplayıb bir hesabat kimi Təhsil Nazirliyinə təqdim edəcəyik. Əslində, demək olar ki, problemlərin nədən ibarət olduğunu bilirik, sadəcə bunu statistik göstəricilər halına salıb ictimaiyyətə təqdim etməliyik.

Biz həm təşkilat, həm də fərd olaraq cəmiyyətin bir parçasıyıq və ümumi inkişaf üçün çalışırıq. Ali və orta ixtisas məktəbləri, təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrimiz artır. Dövlət universitetlərində təhsil alan tələbələr rəsmi qaydada bizdə təcrübə keçməyə gəlirlər. Bu, bizə göstərilən etimaddır və qarşımıza daha ciddi tələblər qoyur.

Onu da deyim ki, hər şey məktəbdən öncə ailədən başlayır. Necə ki, uşaqlar ailədən məktəbə gəlirlər, eləcə də müəllimlər də, direktor da hansısa ailənin başçılarıdır. Bütün bunlar birlikdə bizim gələcəyimizə təsirini göstərir. 

Təklifim odur ki, biz Təhsil Nazirliyi ilə mütləq şəkildə əməkdaşlıq etməliyik. Çünki statistikaya nəzər salsaq, intihar hallarına görə Azərbaycan dünyada ön sıralarda olan ölkələrdən biridir.

- Bəli, elə bu mövzu da bizi maraqlandırır. Axı səbəb nədir? Niyə intiharlar bu qədər çox artıb?

- Çünki biz uşaqlarımızı çox yükləyirik. İnternet yaxşı şeydir, amma düzgün istifadə olunarsa. Uşaqlarımız təəssüf ki, ondan düzgün istifadə edə bilmirlər və biz də valideyn olaraq, buna nəzarət etmirik. Valideyn uşağını dinləmir. Bu mərkəzdə illər ərzində biz yüzlərlə belə valideynlə qarşılaşmışıq. Həmin valideynin uşağında problemlərin olması təbii haldır.

- Çıxış yolu nədir?

- Çıxış yolu maarifləndirməni artırmaqdadır. Bütün məsələ hardan başlamaqdadır və biz elə vəziyyətə gəlib çıxmışıq ki, artıq hardan başlamağın heç bir önəmi yoxdur. Çünki hardan başlasaq da, gəlib eyni yerə çıxacağıq. İstər ailədən, istərsə də uşaqdan başlayaq.  

“İnsanlar ailə qurarkən psixoloji yardım almırlar” 

- Söhbətimiz çox mühüm bir yerə gəlib çıxdı: Ailə... Bilirik ki, Mərkəzin xüsusi diqqət ayırdığı sahələrdən biri də bu məsələdir. Sizin dissertasiya mövzunuz da məhz bu mövzuda olub. Çağdaş Azərbaycan ailəsi və onun psixologiyası sizə nə deyir?

- Biz hazırda keçid dövründəyik. İndi ailə quranların da, boşananların da sayı kəskin şəkildə artıb. Deyirlər ki, bir cəmiyyət yüksəyə qalxmaq üçün dibə enməlidir. Biz onu keçirik artıq. Mən inanıram ki, bizdə də yaxşıya doğru bu dəyişim mütləq olacaq. Hətta artıq dəyişim başlayıb. Əvvəllər deyərdilər ki, “anasına bax, qızını al”. Amma mən şəxsən bu fikirlə qətiyyən razı deyiləm. Əgər kimsə bir qızla ailəsinə, valideyninə görə evlənirsə, heç o adam evlənməsə, daha yaxşıdır. Çünki iki adam ailə qurursa, onlar mütləq bir-birləri üçün həyatlarını birləşdirməlidirlər. İndi valideynlər məcburiyyətlə evliliyin yaxşı nəticə verməyəcəyini getdikcə anlayırlar. Ona görə də onlar buna qarışmaq istəmirlər. Təbii ki, bu, hər kəsə xas deyil. Hələ də o cür düşünənlər və bununla hərəkət edənlər var. Amma hər şey birdən birə yaranmır. Zamanla mütləq bu da öz yerini tutacaq. Erkən nigahların törətdiyi fəsadların fərqinə varmağa başlamışıq. İnsan öz ayağının üzərində durmadıqca ailə qurmamalıdır. O, öncə nə istədiyini bilməli, həyatda öz yerini tutmalı və sonra ailə qurmaq haqqında düşünməlidir. Ailə çox ciddi müəssisədir. Gənclər öncə bunun fərqinə varmalıdırlar. Hətta bəzi gənclər, istər qız, istər oğlanlar ailə qurduqdan sonra öz həyatlarında heç bir dəyişiklik etmək istəmirlər. Amma bu, heç də düzgün deyil. Əgər sağlam və uzun ömürlü ailə istəyirsənsə, mütləq nələrisə dəyişməlisən, nələrisə qurban verməlisən. Hər birimizin problemi var. Məsələ bu problemlərdən qorxmamaqdır. Bizim çox gözəl ailə modelimiz, adət-ənənələrimiz var. Bunları gənclərimizə aşılamalıyıq. İndi cəmiyyətimizə Avropanın təsirindən danışılır. Biz bunu da normasında etməliyik. Yəni Avropadan ancaq yaxşını almalıyıq. Mənfi özümüzdə də var. Çalışmalıyıq ki, bunları aradan qaldıraq.

Təəssüf ki, insanlar ailə qurarkən psixoloji yardım almırlar. Amma bunun özü də bir şərtdir. Çünki qadın kişinin, kişi isə qadının psixologiyasını bilmir. Hər biri o birindən onun kimi olmağı gözləyir. Bu isə mümkün deyil. Bütün problemlər burdan başlayır və getdikcə davam edir, nəticədə uşaqlara sirayət edir.  

“Bacarığımın ancaq cüzi hissəsini reallaşdırmışam” 

- Təranə xanım, təbii ki, cəmi dörd il ərzində bu qədər böyük uğurlar zəhmətsiz başa gəlməz. Gördüyüm qədərilə gərgin iş rejimində çalışırsınız. Bu qədər işin öhdəsindən necə gəlirsiniz? Üstəlik, ailə, uşaqlar, şəxsi qayğılar da var.

- Başlanğıcda hansı çətinliyin altına girdiyimi bilirdim və buna hazır idim. Təbii ki, ailəmin maddi-mənəvi dəstəyi, böyüklərimin xeyir-duası olmadan bu işin öhdəsindən gələ bilməzdim. İkinci amil gücünə inandığım, etimad göstərdiyim “Loqos” ailəsinin hər an yanımda olmasıdır. Ən əsası isə bu gün iş qurmaq, cəmiyyətə fayda vermək istəyində olan gənc xanımlar üçün özünü təsdiqləmiş qadın liderimiz var. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi, mədəni həyatında, elm-təhsil sahəsində gördüyü işlər bizim üçün bir örnəkdir.

Digər tərəfdən Azərbaycan dövləti həyatın bütün istiqamətlərində gənclərin inkişafı, fəaliyyəti üçün imkanlar yaradır. Mən də vətəndaşı olduğum ölkənin, ailəmin, öz işinə dəyər verən kollektivin dəstəyi ilə yüksək nəticələr qazanacağımıza əminəm. Uğuruna qüvvə sərf etdiyim işin insanlar üçün nə qədər əhəmiyyətli olduğunu bildiyim üçün bu yolda qarşıma çıxacaq çətinlikləri də gözə alıram. İş olan yerdə çətinlik də, rəqabət də var. Mən sağlam rəqabətin tərəfdarıyam.

- 2015-ci ildə “Azərbaycan: Gənclər və Psixologiya” I Konfrasında çıxışınız zamanı “Məqsədimiz insanı özünə inandırmaqdır” - demişdiniz. Maraqlıdır, bu sözlərin müəllifi Təranə Məmmədova hər zaman özünə inanırmı?

- Sadəcə bir şeyi dəqiq bilirəm ki, mən bacarığımın, malik olduğumun ancaq cüzi faizini reallaşdırmışam. Əgər öz potensialımı, ideyalarımı, işləmək eşqimi, bacarığımı on ballıq bir sistemlə qiymətləndirəsi olsam, ancaq bir bal vermək olar. Mən özümə, olduğum yerə, malik olduğum bacarığa və savada, yaşadığım ölkəyə, bu ölkənin gələcəyinə bütün qəlbimlə inanıram. Əminəm ki, çox yox, cəmi bir neçə il sonra Azərbaycan bizim bildiyimiz, indi yaşadığımız Azərbaycan olmayacaq, çox sürətlə irəliləyiş olacaq. Bu irəliləyiş indi də getməkdədir. Bizim dövlətimizdə işləmək, nəsə etmək istəyən üçün mütləq şərait var. Şəxsim adına deyə bilərəm ki, bu mərkəzi yaratdığım dörd il ərzində dövlətdən heç bir maneçilik, heç bir çətinlik görmədim, dəstəkdən başqa. İnanıram ki, düzgün şəkildə işləyən, xalqına, dövlətinə yüksək səviyyədə xidmət göstərən, insanları və dövləti aldatmayan, qanun çərçivəsində çalışan hər kəsin gələcəyi gözəl olacaq. Bizim hər birimizin bir amalımız, bir məqsədimiz var: Azərbaycan xalqına xidmət etmək. Mənim xidmətim insanlara bu sahədə kömək etməkdir. Mən həyatımı buna bağlamışam. 

“Onun adından istifadə etmirəm, amma onun varlığı ilə həmişə fəxr edirəm” 

- Qəzənfər Paşayev kimi Azərbaycan elmində özünəməxsus yeri olan dəyərli alimin qızısınız. Belə bir insanın ailəsində dünyaya gəlmək sizdən nəyi alıb və nəyi qazandırıb?

- Tam səmimiyyətimlə deyə bilərəm ki, məndən heç bir şey almayıb, sadəcə qazandırıb. Məsələn, elə insanlar var ki, valideyninə görə yox, özünə görə nələrəsə nail olduğunu sübut etmək ehtiyacı görürlər. Hər zaman özlərini bu mənada təsdiqləməyə çalışırlar. Mənim heç zaman elə bir kompleksim olmayıb. Amma valideynimin kimliyindən də heç zaman sui-istifadə etməmişəm. Bütün ömrüm boyu isə bu adla, o kişinin qızı olmaqla fəxr etmişəm. Axı mənim atam biznesmen, məmur deyil, yazıçıdı, alimdir. Lap özümü bununla təqdim etmək istəsəm də, burda nə var ki? Alim, professor qızıyam da... Atam çox sadə insandır. O, dövlətini, xalqını, bütün insanları çox sevir. Onun nə qədər insanlara kömək etdiyini ailəsi olaraq bir biz, bir də Allah bilir. Belə bir insanın qızı olmaqla necə fəxr etməyə bilərəm ki? Onun alim adı mənim hansı işimə mənfilik gətirə bilər ki? Mənfilik o zaman olardı ki, o, hansısa vəzifə sahibi olaydı, mən də bundan sui-istifadə edib, haralarasa getməyə çalışaydım. Məsələn, sizə belə bir əhvalat danışım. Elə bayaq adını çəkdiyiniz gənclər forumunda atamla birlikdə idik və atam mənə müraciət etdi ki, ay qızım, mən harda oturacam? Bu vaxt yanımızdan keçən Millət vəkili Bəxtiyar Əliyev bunu eşitdi və məndən soruşdu ki, Təranə xanım, siz Qəzənfər Paşayevin qızısınız? (O, soyadımızdakı fərqliliyə görə, bunu bilməmişdi) Dedim ki, bəli. Çox təəccübləndi və dedi ki, bəs bunu bu vaxta kimi niyə deməmisiniz? Mən də cavab verdim ki, deyib nə edəcəkdim? (gülür) Bəli, mən onun adından istifadə etmirəm, amma onun varlığı ilə həmişə fəxr edirəm. Atam mənim başımın tacıdır.

- Bəs, sənət seçiminizdə və sonrakı fəaliyyətinizdə Qəzənfər müəllimin sizə təsiri olubmu?

- Atamın ən çox sevdiyim bir xüsusiyyəti var. Ta uşaqlığımızdan o, heç birimizə sənət seçimimizlə, kim olacağımızla bağlı heç zaman qarışmayıb. Biz nə istəmişiksə, o, bizə dəstək olub, müdaxilə etməyib. Dəstək dediyim də təbii ki, mənəvi dəstəkdən söhbət gedir. Bu da onun böyüklüyüdür əslində.  

“Bəziləri insan faktorunu nəzərə almadan necə gəldi, nə gəldi yazırlar” 

- Bir az da “Loqos”un jurnalistlərlə birgə başladığı layihədən danışaq.

- Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin hazırladığı altı ay davam edəcək “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə bu ilin aprel ayında start vermişik. Layihədə məqsədimiz bu ictimai qurumun kütləvi informasiya vasitələri ilə əməkdaşlığını genişləndirmək və psixoloji maarifləndirmə mövzusunun mətbuatda işıqlandırılmasını aktuallaşdırmaqdır.

Məsələn,  layihədə göstərilən “Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri”, həmçinin, “Jurnalist psixoloqların hazırlığı” bəndlərinə xüsusilə diqqət çəkərək deyə bilərəm ki, dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə ixtisaslaşmış peşəkar jurnalistlərin hazırlığına ciddi fikir verilir. Bizdə də bu istiqamətdə addımlar atılır. Psixologiya Azərbaycanda yeni bir elm sahəsidir və psixoloji mövzunu peşəkarlıqla qələmə alan jurnalistlərə həqiqətən də ehtiyac var.

Bu layihəyə mən özüm çox böyük həvəslə başlamışam. Çünki həqiqətən də cəmiyyətimizə ciddi şəkildə təsir göstərən bir məsələ var: indiki jurnalistlərimizin hadisələrə və şəxslərə münasibəti. Təəssüf ki, qələmindən sui-istifadə edən jurnalistlər getdikcə artıb. Bəziləri insan faktorunu nəzərə almadan necə gəldi, nə gəldi yazırlar. Onlar nəzərə almalıdırlar ki, onların bir sözü və ya yalan-yanlış məlumatı təkcə bir insana yox, ona əziz olan insanlara, ailəsinə də təsir göstərə bilər. Hər insan psixoloji cəhətdən güclü deyil. Hətta onların bu hərəkətləri insanları intihara qədər gətirib çıxara bilər. O zaman həmin jurnalistin vicdanı necə rahat olacaq? İnsanların həyatı, şəxsiyyəti toxunulmazdır. Ona görə də jurnalistlərlə bu layihəni başlamaqda məqsədim odur ki, onlar da psixologiyanı anlasınlar, nəzərə alsınlar. Psixologiya çox geniş bir mövzudur.

- Bu gün “Loqos”un insanlarla münasibəti necədir?

- Bizim işimizin mahiyyəti cəmiyyətin aparıcı qüvvəsi olan insana xidmətdən ibarətdir. Təbii ki, bu iş kortəbii şəkildə həyata keçirilmir. Dövlətimizin bu sahədəki qərar və göstərişləri, proqramları çərçivəsində vətəndaş cəmiyyətinin inkişafına çalışırıq. Düşünürəm ki, “Loqos” doğru yolla addımlayır. İntellektual potensialımız güclənir. Gənc kadrların yetişdirilməsi, mütəxəssislərin peşəkarlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl iş aparılır. İnam, etibar qazanıldıqca, müsbət nəticələr artdıqca, təbii olaraq bizə müraciətlər də çoxalır.

Uğurlar gözlə görünəndir. Amma bunlar asanlıqla qazanılmır. Kifayət qədər çətinliklər var və biz də sıraları böyüməkdə olan “Loqos” ailəsi olaraq onların öhdəsindən gəlməyə çalışırıq. “Loqos” təkcə mənimlə yekunlaşmır. Onun hazırda bir-birindən savadlı, anlayışlı, insansevər 300-dən çox əməkdaşı var. Əgər bu gün mən də öz övladlarımı bura gətirir və bu insanlara əmanət edirəmsə, demək ki, həqiqətən də olduğum yerə inanıram. Bu zamana qədər çox şükürlər olsun ki, hələ bir dəfə də olsun mənfi rəy gəlməyib. Bundan  sonra da insanların bizdən, işimizdən razı qalmağı, doğru şəkildə faydalanmağı yönündə fəaliyyətimizi daha əzmlə davam etdirəcəyik.

Şahanə MÜŞFİQ

 





19.05.2018    çap et  çap et