525.Az

Tanınmış Azərbaycan fotorəssamının Budapeştdə sərgisi açıldı - Foto


 

Tanınmış Azərbaycan fotorəssamının Budapeştdə sərgisi açıldı - <b style="color:red">Foto </b>

Macarıstandakı səfirliyimizin dəstəyi ilə Budapeştdə azərbaycanlı fotorəssam Əqdəs Bağırzadənin fərdi sərgisi açılıb.

AzərTAc xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş və üç gün ərzində davam edəcək sərgidə müəllif dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Bakıda Kukla Teatrının səhnəsində nümayişi zamanı çəkdiyi maraqlı fotoları sərgiləyir.

Tədbirdə səfir Vilayət Quliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bu günlərdə belə bir sərginin açılmasını yüksək qiymətləndirib. Sərginin məhz tarixi əhəmiyyət kəsb edən bu hadisəyə həsr edilməsini xüsusi vurğulayıb.

Həmçinin 2018-ci ildə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Bakı səhnəsində ilk nümayişinin 110 illiyinin tamam olduğunu qeyd edən səfir bu sərgi vasitəsilə qonaqların Azərbaycanın qədim mədəniyyəti və musiqisi barədə də məlumat əldə edə biləcəyini diqqətə çatdırıb.

Daha sonra, fotorəssam Əqdəs Bağırzadənin yaradıcılığı barədə qonaqları məlumatlandıran diplomat Azərbaycanda və bir sıra xarici dövlətlərdə onun fərdi sərgilərinin təşkil olunduğunu və nümayiş olunan işlərin seyrçilərin marağını çəkdiyini deyib.

Azərbaycanın görməli yerləri barədə videorolikin və milli musiqimizin müşayiət ilə keçirilən sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Açılış mərasimində Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

 





19.05.2018    çap et  çap et