525.Az

Hacıkənddə yeni kitabxana açıldı


 

GƏNCƏ ŞƏHƏR MƏRKƏZİ KİTABXANA SİSTEMİNİN BURADAKI FİLİALI BƏRPA OLUNMUŞ 125 YAŞLI QƏDİM BİNAYA KÖÇÜB

Hacıkənddə yeni kitabxana açıldı<b style="color:red"></b>

Gəncədən 23 km cənubda, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən, 109 hektar sahəyə malik, bu bölgənin, eləcə də ölkəmizin gözəl məkanlarından olan Hacıkənd qəsəbəsinin əvvəki şöhrətini özünə qaytarmaq məqsədi bir neçə ildir ki, geniş abadlıq-quruculuq işləri aparılır.

Təmir işlərindən buradakı tarixi binalara, o cümlədən,  XIX əsrə, Çar dövrünə  aid yerli əhəmiyyətli 4 abidəyə - Qubernator evi,  Qubernator dəftərxanası, şərab sənayeçiləri olmuş Forer qardaşlarının evi və Rus Pravoslav kilsəsi binalarına da pay düşüb. 1893-cü ildə inşa edilmiş və vaxtilə yay aylarında bura istirahətə gələn rus məmurlarına xidmət etmiş kilsə binasının kitabxana kimi fəaliyyət göstərməsi qərara alınıb.

Yeni kitabxananın təntənəli açılışı mərasimində Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Elmira Əliyeva məlumat verib  ki, bu qurumun 1956-cı ildən Hacıkənddə fəaliyyət göstərən 17 saylı filialın kitab fondu 14 min ədəddən artıq nümunəni əhatə edir. O qeyd edib ki, kitabxananın fondundan qəsəbə sakinləri ilə yanaşı, bura gələn yerli və xarici turistlər də faydalanır ki, bu da yay aylarında oxucu sayının artmasına səbəb olur.  

Mərkəzi Kitabxana Sisteminin 17 saylı filial binasının açılışında iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində aparılan abadlıq-quruculuq işləri haqda geniş danışaraq, qeyd edib ki,  burada olan digər tarixi binaların da təmiri yaxın vaxtlarda yekunlaşacaq. O, həmçinin vurğulayıb ki, Hacıkənddə “Nizami Gəncəvinin sələfləri və xələfləri” adlı yeni  park salınıb, qəsəbədə inşa olunan otel kompleksində də son tamamlama işləri gedir; otelin istifadəyə verilməsi qəsəbənin turizm imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da töhfə verəcək.

Hacıkənddə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirən sakinlər bir sıra təkliflərlə də çıxış ediblər. Dəyərləndirilən müraciətlər əsasında Gəncə-Hacıkənd marşrut xəttinin açılması, qəsəbədə olan tibb məntəqəsinin təmiri, ərazidə yeni elektron poçt-bank aparatlarının quraşdırılması istiqamətində lazımi qurum və təşkilatlara müvafiq göstərişlər verilib.

Hacıkənddəki tədbirdə Gəncə Müqəddəs Aleksandr Nevski Rus Provaslav Kilsəsinin və Qərb bölgəsinin Rus İcmasının nümayəndələri də iştirak ediblər. Onlar qədim məbədin insanların maariflənməsi işinə xidmət edəcəyindən məmnun olduqlarını ifadə ediblər.

Zakir Muradov
Gəncə 

 





19.05.2018    çap et  çap et