525.Az

Uşaqlar bir yaşından bağçaya gedə biləcəklər


 

<b style="color:red">Uşaqlar bir yaşından bağçaya gedə biləcəklər</b>

Milli Məclisin dünənki iclasında (MM) “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Qanun layihəsi haqqında məlumat verən MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə üç yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların bir yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil üç yaşından başlayır: “Amma uşağı üç yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin bir yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2-3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq bir il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda uşaqların bir yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

Müzakirələr zamanı Fazil Mustafa Azərbaycanda uşaq bağçalarının sayının azlığından şikayətlənib. O, eyni zamanda, uşaq bağçalarında işləyənlərin məvaciblərinin çox aşağı olmasından narazılığını ifadə edib.

Millət vəkili, həmçinin, ailəsində bir uşağa belə düzgün tərbiyə verə bilməyən adamların uşağ bağçalarında işə götürülməsinə, rəhbərliyə təyin olunmasına sərt münasibətini bildirib: “Özü də bu barədə onlarla fakt, misal gətirmək olar. Ona görə də uşaq bağçaları ilə bağlı məsələyə çox ciddi yanaşlımalıdır, buradakı ciddi problemlər aradan qaldırılmalıdır”.

Millət vəkili Zahid Oruc isə məktəblərdə, uşağ bağçalarında eynək taxan məktəblilərin və uşaqların sayının artmasına diqqət çəkib.

Z. Oruc qeyd edib ki, bu yaxınlarda Olimpiada qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib. “Bu insanlar millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz orada üzücü bir mənzərə ilə rastlaşdıq. Olimpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq?! Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həlllinə yönəlik işlər görməliyik” -deyə o sözlərinə əlavə edib.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

Kamil HƏMZƏOĞLU

 





19.05.2018    çap et  çap et