525.Az

Pakistanın pak insanı


 

Pakistanın pak insanı<b style="color:red"></b>

Məhəmməd İqbalın fəlsəfəsini tanıyandan ona həsr olunan bir konfransda iştirak etmək, onun tədqiqatçıları ilə fikir mübadiləsi aparmaq, bilmədiyimi də onlardan eşitmək istəmişəm.

Bütün İslam düşüncəsində bir yenidənqurma təşəbbüsü ilə çıxış edən, İslamın möhkəm təməli üzərində milli təfəkkürün inkişafı üçün bütün varlığı ilə çalışan, ruhu Şərq, düşüncəsi Qərb olan bu filosof mənə həmişə doğma görünüb, onunla öz filosoflarımızla müqayisə eləmişəm. İllər əvvəl İstanbulda Mövlana Konqresində onun oğlu Cavid İqballa tanış olanda elə bil dünyanı mənə bağışlamışdılar. Hüquqşünas olmasına baxmayaraq, Cavid İqbalın oturub mənə - ilk dəfə tanış olduğu gənc bir tədqiqatçıya atasının fəlsəfəsindən, Pakistan haqqında ideyalarından, İslamın gələcəyindən  həvəslə danışması Məhəmməd İqbala olan marağımı daha da artırmışdı. Belə bir nəhəng filosofdan öyrəniləsi çox şey vardı. Bu səbəbdən “İqbal düşüncələri işığında bəşəriyyətə çağırışlar” konfransını eşidən kimi, bütün bildiklərimi, hisslərimi səfərbər edib bir elmi məruzə yazdım: “İqbalın şəxsində Qərb düşüncəsi ilə Şərq ruhunun dialoqu”. Konfransın keçiriləcəyi məkanın uzaq olması da məni çəkindirmədi: nədir ki, 6 saatlıq uçuş məsafəsində olan Lahora - İqbalın Vətəninə gedəcəkdim. Və getdim. Yeri gəlmişkən, bu qədər yaxın əlaqələrimizə, qarşılıqlı səmimi sevgimizə baxmayaraq, Pakistanla Azərbaycan arasında birbaşa təyyarə reysinin olmaması çox təəssüfləndirici haldır. Mütləq haralara isə baş çəkməlisən ki, Pak torpağa yol görünsün. Orada mənim Azərbaycandan olduğumu bilənlər də bu faktı mütləq vurğulayırdılar. İqbal Akademiyasının direktoru isə lap ürəkdən arzuladı ki, “İnşallah, bir gün gələr Azərbaycan Türkiyə və Çinlə olduğu kimi Pakistanla da yaxın əlaqələr qurar. Axı biz də sizi sevirik, qardaş deyirik”. Mənə qaldı bu duaya amin demək.

Bir səfərin uğurunu qayıdandan sonra gətirdiyin ideyaların bolluğundan hiss edirsən. Buna görə də, hansı məkana gedirəmsə, mütləq oranın ruhunu duymağa çalışıram. Muzeylərin, tarixi sarayların, yaxud bər-bəzəkli ticarət mərkəzlərinin ziyarətini ən sonuncu günün ən yorğun saatlarına saxlayıram ki, getməməyə bəhanəm olsun. Sevmirəm cansız məkanları, keçmişin xəbərçilərini. Əvəzində böyük həvəslə parklara, bağlara gedirəm, küçələri, prospektləri, kiçik antikvar dükanlarını gəzirəm. Yalnız bu halda həmin şəhərin aurasını duya bilirəm.

Hər nə qədər daşlar cansız görünsələr də, onlar insanların bütün əhval-ruhiyyəsini, gizli niyyətlərini, sevinclərini, kədərlərini özlərinə hopdururlar. Qurani Kərimdə Kəbə haqqında deyilir ki, “Biz evi (Kəbəni) insanlar üçün savab və əmin-amanlıq yeri etdik” (Quran 2/125). Bu gün də ruhları üçün əmin-amanlıq axtaran dünya müsəlmanları mütləq Kəbəyə üz tuturlar. Yaxud Rusiyanın iki böyük yazarı Dostoyevski və Tolstoyun Peterburqa olan nifrətləri dillər əzbəridir. Dostoyevskinin “Cinayət və cəza”sının qəhrəmanı deyir ki, “Peterburq qədər insan ruhuna bu qədər tutkun, kəskin və qəribə təsir göstərən yer az-az tapılar”. Tolstoy isə ümumiyyətlə onu ruhun həbsxanası, müsbət şəxslərin tənhalığını qabardan məkan adlandırır. Peterburqun bünövrəsindəki bataqlıqda neçə günahsız bədbəxtin ruhu olduğunu nəzərə alsaq, bu nifrət hətta normal görünməlidir. Nədənsə, Böyük Moğol İmperiyasının mədəniyyət mərkəzi, torpağı neçə sufi mütəfəkkirə beşik olan Lahora getməmişdən əvvəl məhz bu iki şəhəri - Kəbə və Peterburqu düşünmüşdüm. Və gözlədiyim oldu. Kuala Lumpurdan (Malayziya) sonra ikinci dəfə idi ki, şəhərin sakit, rahatlayıcı təsirini hiss elədim, ruhum dincəldi. Pəncablıların bir atalar sözü var: “Lahoru görməyən hələ doğulmayıb”. Beləcə, mən də doğuldum.

Malayziyadan sonra mədəniyyət şokuna düşəcəyimi zənn etməsəm də, düşdüm. İstənilən ölkəyə gedəndə öz gücümü, dil bilgilərimi ölçüb biçirəm ki, ünsiyyət çətinliyim olmasın. Pakistanda ingiliscənin ikinci rəsmi dil olduğunu bilirdim deyə, narahat deyildim. Bu səbəbdən məni qarşılayan sürücünün məni anlamamasına əməlli-başlı heyrətləndim.  İsrarla bildiyim dilləri işə saldım, sözlər quraşdırdım, xeyri olmadı. Adam urducadan başqa, hətta ona çox yaxın olan farscanı da bilmirdi, amma o qədər mədəni idi ki, məni pərt eləməmək üçün başa düşmədiyini üzümə vurmamağa çalışırdı. Sadəcə özünü göstərib qürurla: “Mən urduyam,” - deyirdi. Bütün cəhdlərimin boş olduğunu anladım və nəhayət: “Mən də azərbaycanlıyam”, - dedim. Beləcə, iki müsəlmanın anladığı ancaq “salam aleyk” oldu.

Lahor çox qədim şəhərdir. Bəzən tarixçilər onun tarixini təqribən 982-ci ildən başlasalar da, başqa bir məlumata görə, hələ II əsr Ptolomeydə o, Lahavur, Lahanur adı ilə qeyd olunur. Əhalisi az qala 10 mln-a çatan bu şəhərin narahatlığı Hindistanla, Əfqanıstanla sərhəddə yerləşməsi, hər an terror səksəkəsi ilə yaşamasıdır. Yəqin buna görə Lahor mənə hərbçi şəhəri təsiri bağışladı: küçələr, obyektlər, otellər, şəxsi evlər - hər yer avtomatlı hərbçilər tərəfindən qorunur, yoxlanılır. İlk baxışda sanki şəhərdə fövqəladə vəziyyət elan olunub. Bu qədim məkanda mən cəmi 5 gün qaldım. Dərin müşahidə, akademik tədqiqat üçün çox qısa vaxtdır. Siyasi proseslərin prizmasından dediklərimi bəlkə də təkzib edən məlumatlar irəli sürə bilərlər. Yazdıqlarım sadəcə mənim müşahidələrim, duyduqlarımdır. Mən Lahorun tarixindən, coğrafiyasından danışmayacam. Bu məlumatları ensiklopediyalardan da tapmaq mümkündür. Mən heç sadə xalqın kasıblığından, yaxud savadsızlığından da söz açmayacam. Məsələn, millətin ingiliscə bilməməsinə, şəhərdə turistlərin haradasa 1% olmasına baxmayaraq, hər yerdə işarələr ingiliscədir. Heyrət etdim. Millət gedəcəyi yeri zatən tanıyır, yad dildə verilən istiqamət ona lazım deyil, bələdçisini heç anlamır da. Bəlkə ingilis dili aristokrat hesab edilir? Bəlkə müstəmləkə ruhu çıxmır canlarından? Sualların cavabını hələ də bilmirəm. Pakistanın terrorun bol olduğu, hər addımbaşı bir fövqəladə hadisənin gözlənildiyi ölkə olduğunu da unuduram. Bunlar dövlətin iqtisadi, siyasi, təhsil problemləridir. Mən Lahora İqbal boyda sevgiylə getmişdim, bu səbəbdən də hər yerə, hər kəsə sevgi gözü ilə baxırdım və eyni sevgi ilə rastlaşırdım. Buna görə də mən yalnız sadə insandan yazmaq istəyirəm - Lahorun zahiri narahatlığının altında əmin ruhunu hər gün duyan, onu pozulmağa qoymayan pakistanlıdan.

Lahora çatan kimi gəzməyə çıxmaq istəyirdim və ən maraqlı yerlərə necə gedə biləcəyimi mənə izah edən mehmanxana menecerindən soruşdum: “Buralar təhlükəsizdirmi? Mən çıxıb ətrafda rahat gəzə bilərəmmi?” Adamdan elə bir cavab aldım ki, nəinki sakitləşdim, hətta belə bir sual verməyimə görə utandım: “Əlbəttə, buralar təhlükəsizdir, başımızın üstündə Allah var axı. Bizi qoruyan da, bizə nəzarət edən də Odur. Bunu bilirsinizsə, buna inanırsınızsa, narahat olmağa səbəb olmamalıdır”. Bildiyimə və inandığıma görə hətta telefonla güvənli taksi də sifariş vermədim. Dili bilməsəm də, əhali ilə maksimum ünsiyyətdə olmaq üçün o tozlu küçələrdə ya ayaqla gəzdim, ya da kasıb təbəqənin mindiyi rikşalardan istifadə elədim.

Lahorun küçələrində hər cür nəqliyyat növünə rast gəlmək olur. Motosikletlər rikşalara, velosipedlər avtomobillərə, at arabaları avtobuslara qarışıb. Piyadaların gəzməsi üçün, demək olar ki, yol yoxdur. Bu qarma-qarışıqlığa, toz-duman buluduna baxanda adamın gözü qaralır. Amma insanların üzünə baxanda fərqli təəssürat yaşayırsan. Hər kəsin üzündə məişətin qayğısı hiss olunsa da, ağır dolandıqları bəlli olsa da, gözlərdə, baxışlarda xoş bir səmimiyyət, ruha işləyən bir rahatlıq sezilir. Tozlu yollarda məni xoş mənada təəccübləndirən daha bir fakt yol boyu, Allahın mübarək adlarının ərəbcə və urduca 5-6 metrdən bir ağacların üstünə yapışdırılması oldu. Sadə, kiçik bir ştrix Yaradanın fərqli işarələrlə, adlarla hər yerdə, hər zaman sənin yanında olduğunu xatırladırdı. İstər-istəməz üzünə təbəssüm, içinə bir rahatlıq qonurdu.  

Pakistan İslam Respublikasıdır və bütün qanunlarında Qurani Kərimin prinsipləri hakimdir. Təbii ki, ağıla gələn ilk sual kişilərin dörd evliliyi haqqında olur. Bəli, burada o qanun da qüvvədədir. Çoxevlilik haqqında sual verəndə əvvəlcə qadınların gözlərində bir inciklik, qısqanclıq atəşi alışıb söndü. Ancaq sonra məsələnin əsl mahiyyətini mənə izah eləməyə başladılar: kişilər dünyaya uşaq gətirə bilməyən, sonradan xəstəlik tapan həyat yoldaşlarını boşamırlar, tək qoymurlar, onların da qayğısına qalırlar. Üstəlik, qadının sayı kişilərdən çox olduğuna və başqa millətlə evliliyə xoş baxılmadığına görə, bu zəruri addımdır. Ən başlıcası isə, əgər birinci həyat yoldaşı razılıq vermirsə, ikinci evlilik baş tuta bilməz. Ümumiyyətlə, Pakistanda qadınlar zənn elədiyim kimi hüquqları tapdalanmış, əzilmiş vəziyyətdə deyillər. Əksinə, əməlli-başlı hökm sahibidirlər. Buna hətta təəccüb elədim. Xatırladım ki, ən yeni tarixdə müsəlman ölkələri arasında ilk dəfə Pakistanda qadın Baş nazir olub - Benazir Bhutto. Onun öz həyat hekayəsində dediyinə görə, müsəlman atası kiçik yaşda ona çadra geyindirmək istəyən anasına deyir: “Qoy böyüsün və üzünü örtüb örtməyəcəyinə özü qərar versin. İslam qadına öz həyatını istədiyi kimi qurmaq hüququ verir”. Bu prinsip bu gün bütün Pakistana hakimdir - qadın öz həyatının sahibidir. Ölkənin, elm ocaqlarının administrasiyalarında işçilərin 20%-i qadındır, alim qadınların faizi daha yüksəkdir. Elmlə məşğul olan qadınlarla, qızlarla söhbət zamanı həm onların ağlı, məntiqi, elmə həvəsi, həm də xanım-xatınlığı, ailəcanlılığı, gözəl əxlaqı adamı heyran edir. Əsl müsəlman qadın!

Pakistanın İslam ölkəsi olmasını deməklə yanaşı, mütləq o da vurğulanır ki, burada təsəvvüf güclüdür, çoxlu sufi məktəblər, təriqətlər var. Bəlkə də buna görə başqa İslam ölkələrindən fərqli olaraq burada İslam dininin gözəlliyini daha artıq hiss edə bildim. Şahidi oldum ki, pakistanlı üçün din bir öhdəlik, idarə üsulu, “opium” deyil, Allahla batini əlaqəsini anladan, tanıdan vasitədir, Allahına sözsüz güvəndir. Axı təsəvvüf İslamın mahiyyətində olan bütün kamilliyi, sevgini, səbri ehtiva edir. Pakistanlı qadının, kişinin baxışlarında, hərəkətlərində bunu açıq-aşkar müşahidə eləmək olur. Küçələrin xaosunda, toz-dumanın içində ən son model “Lexus” əllə çadırdan quraşdırılmış primitiv rikşaya və ya at arabasına yol verəndə, nəqliyyatlar az qala bir-birinə dəysə də, sürücülər bir-birinə ən kiçik sərt baxış belə fırlatmayanda bu dərya səbrə, qaya kimi təmkinə, təmənnasız sevgiyə heyran qalmamaq olmur. Bu qarşılıqlı hörmətin, səbəbsiz sevginin altında vacib bir anı da sezdim: pakistanlı insan bu qaçaqac dünyada heç kimlə yarışmır, özlərini heç kimlə müqayisə etmir, kimə isə həsəd aparıb, kimdən isə artıq olduğunu düşünmür. Uzun illər Pakistanda çalışmış hörmətli bir azərbaycanlı diplomat tək cümlə ilə pakistanlını mənə belə tanıtmışdı: “Orda ya ən yaxşı təhsil alırlar, ən gözəl mütəxəssis olub, işini ən yüksək səviyyədə görürlər, ya da savadsızdırlar, heç nə eləmirlər”. İstər insanları ilə, istərsə də şəhərlə tanışlıq bu tərifi tam mənada doğrultdu: pakistanlı kiminsə gözündən pərdə asıb yaşamır, nəyi varsa səmimiyyətlə göstərir. Məncə, onlar çoxdan dərk ediblər ki, bu ayaltı aləmdə hər kəsin öz yeri, öz qisməti var.

Pakistan Avropa deyil, Amerika deyil, heç olmaq da istəmir. O, “pak torpaqdır” və bununla qürur duyur. Bu faktdır ki, pakistan ziyalılarının əksəriyyəti Qərb təhsillidir, Harvard, Kembric, Oksford və başqa ən öndə duran Qərb Universitetlərinin məzunudur. Təbii ki, Qərbin nüfuzlu ali məktəblərinin diplomlarına sahib olmaq varlı təbəqənin qismətidir. Lakin bu, varlı atanın pulu ilə gedib Qərbin komfortlu həyatında kef eləmək deyil. Bu, oranın verdiyi elmi mənimsəyib, oranın təfəkkür tərzini öyrənib öz ölkəsində tətbiq etməkir. Bu strategiyanın arxasında çox güclü bir təməl durur - milli ruh. Neçə-neçə ziyalısı, dövlət xadimi dərk edib və sonralar da millətinə aşılayıb ki, milləti olmadan o, sadəcə bir kölgə, təqlid, yamaqdır. Özü olaraq qalmaq üçün millətinin var olması üçün çalışmalıdır. Əlbəttə, bütün millətlərdə öz dilinə, vətəninə sevgi, qürur var. Amma pakistanlılarda bu hiss nə qədər dərin olsa da, ingilislərdə, fransızlarda olduğu kimi qarşısındakını əzən, alçaldan bir təzyiq vasitəsi deyil. Deməli, pakistanlılar ingilislərdən yox, elə Qurani Kərimin özündən dərs alıblar: “Sənin dinin səndə, mənim dinim məndə”. Dediklərimin iki ən böyük nəticəsini xatırladım. Birincisi, Pakistan dövlətinin 1947-ci ildə yaranmasıdır. Onun ideoloqlarından birincisi, millətin mənəvi atası böyük filosof Məhəmməd İqbaldır ki, Avropada təhsil alıb, oranın ən mütərəqqi ideyalarını öz gələcək müstəqil respublikası üçün istifadə edib. İkincisi isə Qərb  elminin nəticəsi olan atom bombasının burada da yaradılmasıdır. Avropanın ən güclü elmi müəssisələrində təhsil almış, təcrübə keçmiş böyük alim Məhəmməd Abdus Salam öz ölkəsində gənc fiziklərin yetişməsi üçün malını və gücünü qoydu. Nəticə Pakistanın varlığının təminatçısı olan atom bombası oldu. Bəli, Pakistan nə Amerika, Rusiya kimi öz dəhşətli silahı ilə liderlik davası aparmır, nə Şimali Koreya kimi sağını-solunu hədələmir, xox gəlmir. Pakistan üçün maraqlı olan tək şey var - milli suverenlik. Atom bombası da yalnız onun sipəridir.

Getdiyim beynəlxalq tədbirin sonunda Məhəmməd İqbalın gəlini, Harvard məzunu, ölkədə tanınmış hüquqşünas Nasirə xanım İqbal Vətəni və milləti haqqında çox emosional bir çıxış elədi və ölkəsinə belə bir tərif verdi: “Pakistan ruhani dövlətdir, burada ilahi qanunlar hakimdir, burada eşq hakimdir. Biz Pakistanı qorumalıyıq”. Bu dövləti quran ideoloqun gəlinindən bundan daha dəqiq və aydın bir ismarıc ola bilməzdi.

Məhəmməd İqbalın düşüncəsinin işığında eşqin hakim olduğu bir məkandan mən də öz payımı - təəssüratlarımı, müşahidələrimi götürdüm. Onun işığında İslamı, İnsanı, elmi, hikməti, eşqin özünü təkrar sevdim.

 





21.05.2018    çap et  çap et