525.Az

Şəkidən gələn səslər


 

Şəkidən gələn səslər<b style="color:red"></b>

Öz diyarım olduğu üçün demirəm, Şəki bütövlükdə açıq havada bir abidə, bir muzey, qədim, ulu, kitabə bölgədir.

Şəki! Hər dəfə bu doğma diyardan bir xoş səda, ürək açan söz eşidəndə uşaq kimi sevinirəm. Bu günlər isə “Şəkidən gələn səslər” kitabını oxuyanda ikiqat sevindim. Möhtəşəm bir kitabdır. Mən deyərdim bu, kitab-abidədir.

Bu kitab Şəki bölgəsində yazıb yaradan, əli qələmli, dili sözlü-söhbətli, şirin avazlı insanların tale toplusudur. Kitabda1759-80-ci illərdə yaşayan Şəki Xanı Hüseyn Xan Müştaqdan başlayan söz-sənət yolu 1999-cu ildə təzəcə əli qələm tutan gənc şair Elvindən gəlib keçir.

Əsrlərin bu söz-sənət yolunda görün kimlərə rast gəlib, ömür yolları ilə tanış oluruq. M.F.Axundov, Molla Cümə, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Dəmirçizadə, Sabit Rəhman, Mahmud İsmayılov, Bəxtiyar Vahabzadə, Hikmət Ziya, Yaşar Qarayev, Zaman Qarayev, Aydın Məmmədov, Vaqif İbrahim, Şirməmməd Hüseynov, Vaqif Aslan və neçə-neçə görkəmli şəxsiyyətlər, qələm sahibləri.

Ön sözdə filologiya elmləri doktoru Vaqif Yusifli çox gözəl qeyd eləyib ki, “İstedadlı şair Ramiz Orsər Şəkinin neçə əsrlik tarixi boyu yaşayıb-yaradan söz adamları haqqında ensiklopedik bir kitab nəşr edib. Bu bölgədən bu qədər şair, yazıçı, jurnalist, söz adamı yetişməsi doğrudan möcüzədir. Bəli, bunun üçün Ramiz Orsərə ədəbi bir şəkili təşəkkürü düşür. Bu yerdə onun ürəyimə yatan bir misrasını da xatırlatmaq istəyirəm.

Azadlığın rəngində çək şəklimi
Elə çək ki, barı bircə dəfə
Mənə oxşasın azadlıq

Sağ ol Ramiz!

Onu da deyim ki, bu nəhəng kitabı vərəqlədikcə hər səhifəsində, hər misrasibda şirin Şəki ləhcəsi və şirin Şəki halvasının mehini hiss edib duyursan. Şəki doğrudan da, başdan-başa bir poeziya nümunəsidir.

Vaqif Aslan Demişkən:

Bu dünyada qərənfil çox lalə çox
Amma sənin lalən kimi lalə yox
Bulağının naləsi tək nalə yox
Bulaqların nə nəğməli bulaqdır
Səndə şair olmamaqda günahdır.

Elədir Vaqif Aslan.

Hər bir şəkilinin dilindəki “canuu yiyim” kəlməsindən bu kitabı bütövlükdə araya-ərsəyə gətirənlərin hamısına pay düşür.

Kitabda da qeyd olunub, Bəxtiyar müəllimə sual verirlər ki, şəkili ola-ola niyə Şəkiyə bir şeir həsr etməmisiz. Böyük şairin böyük cavabı: “Bala anasına sevirəm deməz”. Biz hamımız şəkini çox sevirik. Ancaq mənə elə gəlir ki, bu sevgilər Şirməmməd Hüseynov sevgisinə çata bilməz. Bu gün publisistikada, jurnflistikada, Cümhuriyyət  qələmində, şəkili ailəsində bir Şirməmməd Hüseynov zirvəsi var. Ümumiyyətlə, kitabda gözəl qeyd olunduğu kimi, Şəki ədəbi mühitində belə zirvələr çoxdur.

Dramaturgiya və nəsrdə M.F.Axundzadə zirvəsi. Ədəbi irsimizin toplanması və nəşrində Salman Mümtaz zirvəsi. Poeziyada milli azadlığın Bəxtiyar Vahabzadə zirvəsi. Ədəbiyyatşünaslıqda Yaşar Qarayev zirvəsi. Azadlıq idealogiyasında Aydın Məmmədov zirvəsi və hələ neçə-neçə başı qarlı-dumanlı zirvələr. Bütün bu səslər “Şəkidən gələn səslər” içində  daha gur səslənir.

Bu səslərin içində hələ ədəbiyyata yenicə qədəm qoymuş gənc şəkililər də var. Qiymət Məhərrəmli, Kifayət Rəsulqızı, Gülnarə Əsgərzadə və başqaları. Gün o gün olsun ki, bu gənc qələm sahiblərinin səsi də bu səslər içində gur eşidilsin, tanınsın, sevilsin.


Kitabda 840 qələm sahibi haqqında söhbət açılır. Sevinirəm ki, bu sırada, bu səslər içərisində mənim də öz səsim, öz yerim var. Adımın, imzamın bu imzalar içində olmağıyla fəxr edirəm, qürur duyuram və yaradıcı heyətə dərin minnətdarlığımı bildirirəm. Və bu yazımı yenə hörmətli qələm dostumuz Vaqif Yusiflinin fikirləri ilə bitirmək istəyirəm.

Heç şübhəsiz, bu kitab Ramiz Orsərin şah əsəridir. Amma bu əsər hələ tamamlanmayıb. Hələ Şəki teatrı, Şəkinin elm xadimləri, Şəki mətbuat tarixi, Şəki memarlığı öz müəllifini gözləyir. Ona görə mən də oxuculara hələlik deyirəm. Şəkidən gələn səslərdən gələn kitablaradək.

Yusif HÜSEYNOV

 





21.05.2018    çap et  çap et