525.Az

28 mayısa doğru


 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

28 mayısa doğru <b style="color:red"></b>

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. 

(Əvvəli ötən şənbə saylarımızda) 

28 MAYISA DOĞRU!.. 

Çarlıq Rusiyanın süqutundan təqribən bir ay sonra, 1917 sənəsi nisanın ortalarında Bakının məruf “İsmailiyyə” binası salonunda toplanmış olan ümumi Qafqasiya islamları qurultayı yeni Rusiyanın şəkli-idarəsini müzakirə ediyordu. Rusiyada yaşayan 30-35 milyonluq türklərin milli inkişaflarını təmin üçün hankı bir üsuli-idarəyə ehtiyac vardır? Rusiyada yaşayan türklər nə kibi bir proğramla meydana çıxmalıdırlar?

Şübhəsiz ki, yeganə yol istiqlal yolu idi. Hər millət kəndi müqəddəratına hakim olmaqladır ki, milli varlığını, milli harsını və milli xüsusiyyətlərini mühafizə və inkişaf etdirə bilir. Fəqət Rusiyanın o əsrididə təhəkkümü altında boğulan, inkişaf və hazırlıqdan nisbətən məhrum olaraq çıxmış olan türklər bu istiqlala yavaş-yavaş, Rusiyadakı digər məhkum millətlərlə birlikdə yürüyəcəklərdi. Onun üçün qurultayda hakim bulunan Azəri milliyyətpərvərlər firqəsi “Müsavat” Azərbaycan, Türkistan, Qırğızıstan, Başqırd, Kazan, Krım türkləri üçün milli-məhəlli avtonomi və buna görə Rusiyanın federasyon əsası üzərinə qurulmasını təklif ediyordu.

Bu tezisə qarşı sağ və sol cinahlarda, yalnız dini və harsı avtonomilə iktifa eyləyən Rusiya mərkəziyyətçiləri vardı.

Bilaxirə qurultayın qəbul etdiyi “Müsavat” tezisini eyni sənənin mayıs ayında Moskvada açılan bütün Rusiya türklərinin konqrasında “Müsavat” lideri Məhəmməd Əmin Rəsulzadə müdafiə edərkən, Qafqasiya qurultayında olduğu kibi, qarşısına sol mərkəziyyətçilər çıxmış, Rusiya mərkəziyyətini müdafiə edərək ədəmi-mərkəziyyətin istiqlala, tamamilə ayrılmağa götürən bir yol olduğunu və bunun da yeni ixtilalçı Rusiya demokrasisinə xəyanət olacağını isbata çalışıyorlardı. Fəqət Qafqasiya qurultayının qərarı bu böyük türk qurultayı tərəfindən dəxi davamlı alqışlarla qəbul edilmişdi.

Azərbaycan və digər türk millət sevənlərinin vəzifələri bununla bitmiyordu. Biləks, sağından tutmuş soluna qədər bütün Rus siyasi partilərilə o zamanki ixtilal hökumətinin tamamilə quduzlanmasını mücib olduğundan türklərdə başlayan bu hərəkata qarşı təzyiq və hücum artmağa başlamışdı. Bir tərəfdən bu hücumlara və təzyiqlərə qarşı durmaq, digər tərəfdən fövqüzzikr müqərrəratı (qərarları) həyata keçirmək üçün milli qüvvətləri milli təşkilatlar ətrafında toplamaq, bu təşkilatların kəndisini vücuda gətirmək, məzkur təşkilatlar vasitəsilə Rusiyanın gələcək müqəddəratını təyin edəcək Məclisi-Müəssisana hazırlanmaq lazım gəliyordu.

Azərbaycan millətsevənləri bu, təşkilat dövrü vəzifələrini, müvəqqəti ixtilal hökumətinin yaratdığı bütün müşkülata rəğmən, tam bir müvəffəqiyyətlə ifa etdilər. Vaqe olan ümumi, müsavi, xəfi və müstəqim seçkilərdə, qadın və ərkəgin müsavi iştirakları ilə Azərbaycan mərkəzi və məhəlli “Milli Şuraları” “Müsavat” firqəsilə milliyyətpərvər demokrat qurupun tam müzəffəriyyəti altında təşəkkül eylədi.

Milli Şura bir tərəfdən Azərbaycan məhəlli idarəyi əlinə almağa çalışırkən digər tərəfdən Rusiya Məclisi-Müəssisanına icra edilən seçkilərə hazırlanıyor, eyni zamanda türklərlə olduğu kibi Rusiyanın digər məhkum millətləri olan Ukrayna, Leh, Fin, Eston, Latış, Litva, Gürcü v.s. ilə bir birlik yapmağa və müştərək bir cəbhə yaratmağa çalışıyordu. Bu məqsədlə Ukraynanın mərkəzi olan Kiyev şəhərində, Azərbaycan müməssillərinin iştirakı ilə açılan konqre gələcək Rusiya Məclisi-Müəssisanında millətlərin hürriyyətini tələb eyləmək üçün rus olmayan bütün millətlərin müştərək hərəkət eyləməsinə qərar vermişdi.

Böylə bir hazırlıq və vahid cəbhə ilə, Azərbaycan və onun hürriyyəti şüarı ilə Məclisi-Müəssisan seçkilərinə girişən Azərbaycan millətsevənləri Azərbaycan xalqının 95 faizinin rəyini qazanmağa müvəffəq olmuşdu.

Fəqət bu zaman Rusiya ixtilalı tarixində bir dönüm anı başladı. Təşrini-sani (noyabr) ayının başlanğıcında 1917 sənəsində Mərkəzi Rusiyada hakimiyyəti bolşeviklər əllərinə aldılar və açılmaq üzrə olan Məclisi-Müəssisanı dağıdaraq diktator-luq elan etdilər. Rusiyayı tam bir anarşi bürüməyə başladı. Qafqasiya ilə Rusiyanın irtibatı tamamilə kəsildi. Yeni bir vəziyyət və yeni bir şərait vücuda gəldi ki, ona görə də yeni bir taktik qəbul etmək icab ediyordu. Rusiyada şubat (fevral) ixtilalından sonra Qafqasiyada əski çar nayibligi əvəzində, türk, gürcü və ermənilərdən mütəşəkkil bir Mavərayi-Qafqasiya (Zaqafqasiya) komisarlığı təsis edilmişdi. Mərkəzi Rusiyada bolşevik hökuməti təəssüs etdikdən sonra Zaqafqasiya komisarlığı bolşevik hökumətini qəbul etməməgi, müvəqqətən hökumət şəklini almayı qərara alaraq 28 noyabr 1917-də Zaqafqasiya millətlərinin milli təşkilatlarının iştirakı ilə Y.Qeqeçkorinin rəyasətində təşəkklül edən bu hökumət Zaqafqasiya millətlərindən Rusiya Məclisi-Müəssisanına seçilmiş məbusların iştirakilə Zaqafqasiya Seymi (Parlamentosu) dəvət eyləməgi qərara aldı. Y.Qeqeçkori 1918 sənəsinin 25 fevralında Tiflisdə açılan türk, gürcü, erməni və rus məbuslarından ibarət olan Seymə komisarlğı təslim etdikdən sonra Yeni Qeqeçkori hökuməti təşəkkül etdi.

Zaqafqasiya Seymində siyasi firqələr deklarasiyonlarını elan edərkən Seym məzbətələrindən (protokollarından) görüldügü vəchilə, yalnız “Müsavat” fraksiyonu idi ki, bütün millətlərin, o cümlədən, Azərbaycan dəxi müstəqil olması məqsədini güddüklərini və bunun üçün çalışdıqlarını elan ediyordu.

Fəqət Seym qarşısında o zaman daha həyati məsələ duruyordu. Rusiyada iş başına gələn bolşeviklər Almaniya-Türkiyə ilə əqd etmiş olduqları məruf Brest-Litovsk müahidəsi mövcibincə Türkiyə Batum, Qars və Ərdəhan tərəflərini işğal ediyordu. Rusiyanın əski Qafqasiya hərb cəbhəsinin tamamilə ləğv edilməsi lazım gəliyordu. Türkiyə ilə mütəqabil münasibəti təyin eyləmək lazım idi. Fəqət Türkiyə Qafqasiyayı Rusiyanın bir hissəsi halında bildigindən onunla müstəqil bir hökumətlə olduğu şəkildə qonuşmuyordu. Brest-Litovsk qərarının Qafqasiyaya görə tətbiqi əleyhində olan Seym əksəriyyəti hüquqən Rusiyanın bir qismi olmaq həsəbilə Brest-Litovsk müqərrəratını qəbul eyləmək, Türkiyənin Qars və Batuma girməsinə mane olmamaq məcburiyyətində idilər. Brest müahidəsinin tətbiqindən sonra belə Türkiyə ilə müstəqil bir dövlət şəklində anlaşmaq mümkün olmayacaqdı. Çünki Qafqasiya kəndisini rəsmən Rusiyadan ayrı olaraq elan etməmişdi.

Böylə bir vəziyyət qarşısında Zaqafqasiya Seymində və onun Türkiyə ilə müzakirə üçün göndərdigi heyət içərisində bir vəhdət olmadığı meydana çıxmışdı.

Qars-Batumu Türkiyəyə vermək istəmiyən əksəriyyət fraksiyonları Qafqasiyanın müstəqil elan edilməsində dəxi tərəddüd ediyorlardı. Halbuki azərbaycanlılar hər şeydən əvvəl Qafqasiyanın müstəqil elan edilməsini, Türkiyənin təkliflərini qəbul edərək anlaşmayı, ondan sonra Erivan tərəflərində və Azərbaycanda qətliama məruz bulunan türk xalqının qurtarmasına baxmağı istiyorlardı.

Türkiyənin Batuma və Qarsa girmək üçün irəliləməyi davam eyləməsi bütün Zaqafqasiyanın müqəddəratını meydana qoyurdu. “Müsavat” firqəsi rəisi Rəsulzadə Məhəmməd Əmin bəyin həratərli müdafiəsindən sonra Seym 9 nisan 1918-də “Zaqafqasiyanın müstəqil xalq cümhuriyyəti” olduğunu elan eylədi.

Fəqət Zaqafqasiyanın Azərbaycan qismi və ümumiyyətlə türklərlə məskun yerlər atəş içərisində yanıyordu. Bakıdakı rus əmələsi, rus əskəri qüvvəti və cəbhədən dönən erməni əskəri hissələrinə istinad edən və Şaumyanın idarə etdigi bolşevik firqəsi Bakıda 14.000 türk əhalisini kəsdikdən sonra Şamaxı, Lənkəran, Səlyan tərəflərini işğal edərək, Gəncəyi işğal üçün Kürdəmir və Hacıqabulda duran bir ovuç milli Azərbaycan alayını mühasirə altına almaq üzrə bulunuyordu. Şərqi Azərbaycan bolşevik-daşnaq atəşi içərisində yanmaqda ikən İrəvan vilayətində dəxi yüzlərlə türk köyləri imha ediliyordu. Zaqafqasiya hökumətini təşkil edən millətlər hərə kəndi başını qurtarmaqla məşğul bulunduğundan bu hökumətdən Azərbaycana felən bir yardım olmuyordu.

Bu surətlə daxili və xarici siyasətdə daha müştərək bir proğram tənziminə müvəffəq olmayan Seym 26 mayısda aşağıkı qərar ilə kəndisini ləğv edərək milli vahidlərə ayrıldı.

“Müstəqil Zaqafqasiya Cümhuriyyətini təşkil edən millətlər arasında hərb və sülh məsələsində ixtilaf rəy görüldügündən, bundan dolayı bütün Zaqafqasiya naminə səlahiyyətdar bir hökumət təşkili mümkün olmadığından, Seym, Zaqafqasiyanın parçalandığını bir əmri-vaqe kibi tələqqi edərək kəndi səlahiyyətini tərk ediyor”.

Eyni gündə Seymin gürcü fraksiyonu Gürcüstanı Müstəqil Cümhuriyyət elan edərək Türkiyə ilə ayrıca müzakirəyə başladı. Fəqət Türkiyə artıq Batuma girmiş və Qarsa sahib olmuşdu.

Azərbaycan kəndi müqəddəratını kəndisi təyin eyləmək, atəş içərisində olan məmləkətdə nizam və asayiş qurmaq, paytaxtını qurtarmaq kibi böyük və tarixi imtahanlar qarşısında bulunuyordu. Ordusu, parası, dövlət makinası olmayan bir millətin bütün bu tarixi vəzifələri ifa etməgə qalxması xariqüladə bir hadisə olacaqdı. Azərbaycan Milli Şurası, Azərbaycan Məclisi-Məbusanı toplanancaya qədər bu tarixi məsələləri həll etmək təşəbbüsünü kəndi öhdəsinə alaraq Mayısın 28-də 1918 sənəsində Cənubi və Şərqi Zaqafqasiyadan ibarət Azərbaycanın, bu gündən etibarən tam hüquqlu müstəqil bir dövlət olduğunu və bu müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olduğunu elan eylədi.

Həziranın (iyunun) 4-də Azərbaycan Cümhuriyyəti Türkiyə ilə ilk beynəlmiləl müahidəsini əqd ediyordu. Bu müahidələr içərisində ən mühümini təşkil edən əskəri müqavilə mövcibincə Türkiyə Azərbaycana əskəri yardım göndərməgi vəd ediyordu.

Müştərək Türkiyə-Azərbaycan ordusu eylülün (sentyabrın) 15-də Bakıyı daşnak-bolşevik qüvvətlərindən təmizlədi və hökumət Gəncədən Bakıya köçdü. Təşrini-saninin (noyabrın) 16-da, tariximizdə pək qiymətli və pək müqəddəs işlərilə şərəfli səhifələr tutacaq bu Şurayi-Milli son ictimaini yaparaq mövqeini 1918 sənəsi 7 kanuni-əvvəldə (dekabrda) açılan Azərbaycan Məclisi-Məbusanına tərk etdi.

Bu istixlas və mücadilə dövrünün sonu, mədəni quruluş və daxili fəaliyyət dövrünün başlandığı demək idi.

Əgər bu hürr və müstəqil yaşayışımıza, bu mədəni quruluş və fəaliyyətimizə, hər bir bitərəf avropalının belə etiraf eylədigi üzrə, əgər bu heçdən yaratdığımız bir varlığa fasilə verilmişsə, əgər biz 12 ildən bəri o məsud və altın dövrümüzü yenidən qaytarmaq üçün bütün varlığımız ilə çarpışıyoruzsa, bu 28 Mayısın tarixi-mizdə, bəlkə Azərbaycanın ilk Türk Cümhuriyyəti olması etibarı ilə bütün türk tarixində açdığı böyük və parlaq dövrün əhəmiyyətini qətiyyən azaltmaz. Bəlkə bugünkü fədakarlıqlar, bugünkü israr, inad və mücadilə kəndi qüvvətini, kəndi ilhamını həp o 28 Mayısdan almaqdadır.

Millətimizin varlığını, hakimiyyətini və hürriyyətini elan edən, ona milli bir bayraq, milli bir məfkurə, müstəqil bir dövlət həyatı verən 28 Mayısın ikinci bir 15 eylül təmin edəcəgi şübhəsizdir.

M.B.Məhmədzadə

”Odlu-Yurd”, 28 Mayıs 1930, №16 

Əsrididə - əsrlər görmüş, qoca, köhnə
Xəfi - gizli 

Qeyd: Məhəmmədzadə Mirzə Bala (1898 Bakı-Zirə kəndi - 1959 İstanbul) Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimi, publisist, yazıçı, tarixçi. (Geniş bax. AXC (1918-1920) ensiklopediyası. II cild, Bakı, 2005, səh. 191-193) 

“İstiqlal” 

İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyəsinə istiqlal deyilir.

Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmui olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir.

Demokratik firqə proqramlarının hamısında hürriyyəti-şəxsiyyə əsas olduğu kibi, millətlərin istiqlalı da əsldir.

Böyük Dünya müharibəsi Böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişligi ilə meydana atdı.

Müharibə bitmək üzrə ikən millətlərin azadlığı ilə “Cəmiyyəti-Əqvam” fikri günümüzün ən məşhur və ən məqbul şüarını təşkil elədi.

Böyük Fransa inqilabı hürriyyəti-şəxsiyyəyi başqa bir təbirlə, bəşərin hüququnu elan eləmişdi.

Dünya inqilabından başqa bir şey olmayan aləmşümul mühari-bə dəxi istiqlalı, başqa bir sözlə millətin hüququnu elan elədi.

Bu həqqi qazanmaq, bu hüquqdan hissəyab olmaq üçün Azərbaycan dəxi elani-istehqaq eləmişdir.

Azərbaycan istiqlalı!

İştə bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfilə iftixar eylər!

Ah Azərbaycan! Biz sənin həqqini tələb etmək degil, yalnız adı-nı söyləmək üçün nə qədər müarizlərə rast gəldik, nə töhmətlərə mə-ruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq, soldan-sağdan hər növ hücuma məruz qalıyorduq.

Biz Azərbaycanın topraqlarını qızdıran atəşi-müqəddəsi kökslərimizdə bəsləmək istiyorduq. Bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz aləmi-mədəniyyətə kəndi dilimizin, kəndi mədəniyyətimizin ruh və rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyirdik: Bizə Ərəbistanı göstəriyorlardı.

Biz muxtariyyət diliyorduq, bizə xərabəzar vəd ediyorlardı.

Bizimlə onların arasında az zaman içində çox mübahisə, müna-qişə və mübarizələr oldu. İki əvvəlincilər mülzəm, üçüncülər də məğ-lub oldular.

Vəqt vardı “Müsavat” azərbaycançılığı üçün xəlq düşməni, türkçiligi üçün nəuzübillah islam kafiri ədd olunuyordu.

Fəqət imdi onu başqalarından təfriq edən şüar bu degildir. Çünki Azərbaycanın istiqlalı yalnız Müsavatın degil, sosialistlə-rimizin də, islamçılarımızın da “göz bəbəgi” kibi saxlamağa əhd etdikləri ülvi bir məqsuddur. Bu məqsudi tərsim edən üç boyalı Azərbaycan bayrağını yüksək tutmaya artıq bütün azərbaycanlılar əhd etmişlərdir.

Azərbaycan fikri yalnız son günlərə qədər onu inkar edə gələn digər türk olmayan partiyalar tərəfindən də qəbul edilməkdədir.

Bir sosial-demokrat qəzetəsi Azərbaycan istiqlalını xarici nüfuz və hülulə qarşı azərbaycanlılardan daha ziyadə bir şiddətlə müdafiə edəcəgindən bəhs eləmişdi. Bu vəqtə qədər etina edilmək istənilməyən parlamana şimdi istidalarla girmək istiyorlar.

İngilislərin paytaxtımıza vürudi əndişələrlə tələqqi edil-mişdi. Bu gün isə istiqlalımıza müəyyən və müzahir olacaqlarını rəsmi lisanlardan ögrəndik.

Əvvəlcə firqəmizə məxsus olan bir fikir, bu gün millətin şərik olduğu bir məqsəddir.

Bizim mənəvi zəfərimiz ruhani qələbəmizdir. Bu qələbəyə biz bilnisbə az bir zaman içərisində gəldik. Fəqət bu az zaman içərisində çox böhranlar keçirdik, zaman oldu ki, tamamilə məhrum oluyorduq. Vəqt oldu firqə tamamilə yalnız qaldı. Fəqət çox çəkmədi firqəyi yalnız buraxanlar nə qəbahət işlədiklərini anladılar.

Azərbaycan məfkurəsini firqə türk demokratiyasının idraklı qisminə istinad edərək irəlilətmişdi, bu düşmənlərimizin dedigi kibi xan, bəy və ağa fikri degil, türk demokratiyasının böyük idealı idi!

Bakı, Azərbaycan atəşgədəsinin ocağı olduğu kibi Azərbaycan fikrinin də mənbəyi idi.

Bolşeviklərlə daşnaqlar bu ocağı söndürmək, bu mənbəyi qurutmaq istədilər, mart hadisəsi meydana gəldi.

Fəqət Azərbaycanın atəşi kibi fikri də söndürüləməz idi.

Çünki:

Xuni-ərbabi-həmiyyət qərq edər zalimləri,
Məşəli-əfkari-əhraranə sönməz xunilə!

İştə bu qanlarla söndürüləməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdigimiz Azərbaycan istiqlalını müdafiə üçün “İstiqlal” nəşrə başlayır.

“İstiqlal” firqənin əvvəlcə nəşr etmiş olduğu mətbuatın get-digi yolu təqib edərək hökumətimizi xəlqin ehtiyacını anlamaya, xəlqimizi də hökumətin müşkülatını dərk etməyə çağırmaqla istiq-lalımızın beynəlmiləl bir təsdiqə müvəffəq olmasını hazırlayacaq-dır.

Bu xüsusda tutacağımız yol isə bittəbii Türk Ədəmi-Mərkəziyyət “Müsavat” yoludur ki, lisani-Tofiqdə:

“Millət yoludur, həqq yoludur tutduğumuz yol,

Ey həqq yaşa, ey sevgili millət yaşa, var ol!” deyə tərif edilmişdir.

M.Ə.Rəsulzadə
”İstiqlal” qəzeti, 4 şubat (fevral) 1919, №1

Bu günün ilhamı

28 MAY!.. İştə idealist Azərbaycan nəslinə ilham verən bir gün!.. Hürriyyət və istiqlal günü!

Əsrin ən qiymətli şüarını təşkil edən milliyyət prinsipi və milli istiqlal haqqında bilistifadə bundan 11 il əvvəl kəndi istiq-lalın elan edən Azərbaycan xalqı 28 May Bəyannaməsilə bir milliyyət olaraq əsrlərdən bəri təəzzüv edən və sənələrdən bəri genişlənərək nəhayət, siyasi şüur və milli ehtiyac halına gələn davasını təsbit ilə mədəni millətlər ailəsi içində bir millət olaraq yaşamaq əzmində olduğunu bütün cahana elan etdi.

Bu gündən etibarən 28 May Azərbaycan xalqının həyatında siyasi ən mühüm bir amil oldu.

Hər hansı bir müəssisədə olduğu kimi, fıkir müəssisələrinin də sənəlik blanço günləri var. 11 sənədən bəri milli Azərbaycan fıkri yaşadığı həyat blançosunu 28 Mayda yoxlar və kəndi ilhamını bu tarixi gündən alır.

28 May, müasir Azərbaycan cəmiyyətinin dahi Mirzə Fətəlilə başlayan milli tərəqiyyat və harsi inkişaf seyrini icmal edərək, ona yaşadığımız milli istiqlal məfkurəsilə məşbu böyük dövr ilə mütənasib bir şəkil və istiqamət vermişdir;

Bu şəklin hansı ümidlərə istinad etdiyilə bu istiqamətin hansı hədəflərə doğru getdiyini bilmək istəyənlər ilk səhifəmizdə-ki Bəyannaməni oxusunlar. Bu Bəyannamə milliyyət, cümhuriyyət, demokratik və müasirlik kimi dörd böyük rüknün üzərinə qaim bir fikir mənzuməsindən mülhəmdir.

Öylə bir ilham ki, bu gün ən Uzaq Şərqdəki Çindən tutmuş, Qərbin ən son nöqtəsindəki İrlandiya, cənubdakı Hindistandan tutmuş Şimaldakı fin kaymalarına qədər dünyanın hər tərəfindən böyük hərəkətlər yaradır, insan kütlələrini xətir və xəyala gəlməyən bir enerji ilə tərəqqi və inkişaf yoluna sövq edir.

18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərindən etibarən mədəniyyət dünyası tarixində ən böyük rol oynayan bu ilham verən fıkir, milliyyət ümdəsi, 20-ci əsrin hülulu ilə daha ziyadə qüvvət almış, Avropa və Amerika hüdudunu aşaraq, Yaxın və Uzaq Şərq məmləkətlərini dəxi kəndi təsirilə sarmışdır.

Cahanı içindən gəmirən təzadların zəruri çarpazlaşmasından vücuda gələn böyük müharibə əsasında bu böyük qüvvətin icra etdiyi təsiri gördük. Cahan hərbi kəndisini doğuran böyük təzadları tamamilə həll edəmədi. Bu, tamamilə həll edilməyən məsələlər miyanında milliyyət məsələsi də var. Fəqət bu məsələ tamamilə həll edilməmişsə də, qismən həll olunmuş, qismən də həlli önünə keçilməz bir inad və israrla vəz edilmişdir. Bu üzərində israr edilən məsələlərdən biri də 28 Mayda vəz olunan Azərbaycan məsələsidir.

İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir türk cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi, Böyük Millət Məclisinin Türkiyə Cümhuriyyətinin hürriyyət və istiqlalını təzəmmün edən “Misaqi milli” növündən bir vəsiqədir. Bu vəsiqə, böyük Fransız ixtilalı, böyük Amerika istiqlal hərbi, böyük Almaniya istixlası, böyük italyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir.

Milli istiqlal davası mədəni millətlər ailəsi miyanında kən-dinə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih haqqına malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu idarə etməklə məşğuldur. Azərbaycan xalqı ikinci növə daxildir.

Əvət, 11 sənə əvvəl biz bu haqqımızı iqtisab etmiş, kəndi yuvamızı qurmuş, kəndi həyatımızı kəndimiz idarəyə başlamışdıq. Bizim böylə bir haqqa malik olduğumuzu və özümüz-özümüzü idarəyə layiq olduğumuzu mədəniyyət dünyası da qəbul eyləmiş, Azərbaycan Cümhuriyyətinin istiqlalı böyük dövlətlər tərəfindən dəxi tanınmışdı.

Fəqət, sözdə millətlərin kəndi müqəddəratlarını bizzat  hələ haqlı olduqlarını qəbul edən bolşeviklər, işdə təvarüs etdikləri rus imperializminin ənənəsinə sadiq qalaraq, o zamankı siyasi vəziyyətdən istifadə edərək böyük bir qüvvə ilə Azərbaycan hüdudunu keçərək hürriyyət və istiqlalımıza təcavüz etdilər, milliyyət, cümhuriyyət və demokrasi ümidlərini təhqir ilə milli müqəddəsatımızı kirli ayaqları altında çeynədilər.

Onlar bu ani zərbə ilə həyatı durdurmaq, tarixi çevirmək istədilər. Fəqət bihudə!..

Tətbiq olunan bütün məzalimə, təcrübə olunan şeytani sistemlərə rəğmən, Azərbaycan həyati-müstəvili bolşevizmin deyil, xilaskar millətçiliyin hədəfi üzərində inkişaf etməkdədir. Kommunizm ixtilalının ixfal şüarları ilə aldadılaraq mücadilə həyatına cəlb etdiyi xalq kütlələri həqiqi əsasdan ari olub, xəyal-lar üzərində qurulan sistemin iflası nisbətində tarixin təbii yolun-dan getməyi bolşeviklərə rəğmən öyrənir, milli müqavimət gündən-günə qüvvətlənir. Qismi-məxsusumuzda təsbit edildiyi kimi, millət başına çökən bu kabusa müsəlləh qiyamlar, siyasi mücadilələr və harsi müqavimətlərlə qarşı gəlir.

Belə ki, müqəddəs cidalın 11-ci ildönümünə aid blançonu yaparkən bax nələri qeyd edə biliyoruz:

Köylülər əkin sahələrini azaldır, hökumətə ərzaq satmaq istəmirlər; sovet seçkiləri bolşeviziyada hökmfərma olan o müdhiş terrora rəğmən, sovet əleyhində bir nümayiş şəklinə girir. Kommunistləri öldürürlər, komisiyonları basırlar, köylü kommu-nistlərin verdiyi vərəqdəkiləri deyil, öz adamlarını seçdirmək istəyir.

Gənclər milliyyət ruhu ilə mütəhəssisdir. Bu ehtisas gənc-liyə qarşı tətbiq olunan təqibat sistemilə məkusən mütənasib olaraq artır. Komsomollar belə milliyyətçi olurlar. Nə sürgünlər, nə həbslər, nə də qətllər bu gəncliyi milli məfkurəyə məcburiyyətdən qopara bilmir. Böyük qafilə şəklində Şimali Rusiyaya sürülən mücahidlər “Yaşasın Azərbaycan!” - deyə vaqonlara atılır və arxasınca ağlayan gəlinə “türk qızı ağlamaz!” bağırırlar!..

İstiqlal qüvvəsi gün keçdikcə sistemin həyatın canlı qüv-vətlərilə mücadilədə olduğunu görür və öz istinad etdiyi qüvvə-lərdən də şübhələnməyə başlayır. Nəticədə biz qızıl ordu nəfər-ləri arasında dəxi həbslər, sürgünlər və qətllər icra edildiyini xəbər alırıq. Duyuruq ki, kommunistlər hələ silahlarından təcrid olunurlar.

Əvət, zaman milli istiqlal fikrinin lehinə işləyir. Qəlb-lərini bu qayəyə bağlayan və cəhdlərini bu uğurda sərf edən azərbaycanlılar hər sənə 28 Mayda keçdikləri cidal yolunu seyr edir, hədəfə varacaq məsafəni tədqiq edirlər. Hərəkatın aktiv və passivini ölçərək illik blançonu yapdıqdan sonra yeni bir qüvvət və ilham ilə mücadiləyi davam etdirirlər!

Bu gün bizə nə ilham ediyor? On bir illik mücadilə nəti-cəsində nə görürük?

Mücadilə əzm və iradəsi mətinləşən bır millət görürük ki, hər dürlü maneələrə rəğmən, bir dəfə təsbit olunan böyük hədəfə doğru durmadan yürüyür. Cahan tarixinin təcrübəsindən, milliyyət fikrinin qüvvətindən və türkün əzəli qabiliyyətindən ilhamlanan bu yürüş rnütləqa zəfərə nail olacaq, bu gün “Çeka”nın  qapalı zirzəmilərində, Sibiriyanın günəş görməyən tunduralarında, mühacirətin səfalət və məhrumiyyətə dolu şəraiti daxilində hürriyyət, istiqlal və vətən eşqi və həsrətilə döyünən həzin qəlb-lər, çox çəkməz vətənin ağuşunda yerləşər, istiqlal və hürriyyət bayramını müzəffər bir surətdə qeyd edərlər!

Hər 28 Mayı dərk etdikcə biz arzuladığımız günə bir az daha yaxınlaşdığımızı hiss edir, bu böyük gündə çarpan qəlblərin müştərək duyğusundan qüvvət və ilham alaraq yeni həmlələrlə yolümuza davam edəriz!

Bəli, vətəndaşlar, yürüyəlim, durmadan, yorulmadan, sarsıl-madan daim yürüyəlim, məqsədə çatacağımız gün yaxınlaşır!..

İştə bü günün ilhamı, onu həqiqətə çevirəlim!

“Odlu Yurd”, 28 may 1929, № 4 

Təəzzüv - danışılan
Məşbu - doymuş
Müqtəziyat - lazımi şeylər
İmtizac - uyğunluq
Təvarüs - varies olma
İxfal - gizli, örtülü
Məkus - bir şeyin tərsi, əksi

(Ardı var)

 





21.05.2018    çap et  çap et