525.Az

“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans


 

“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans <b style="color:red"></b>

Bakıda “Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib. 

APA-nın xəbərinə görə, tədbirdə Avropa Şurası və Avropa İttifaqının Azərbaycan nümayəndəliklərinin rəhbərləri, Milli Məclisin üzvləri, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş “Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda müzakirə edilən layihənin AŞ və Avropa İttifaqının birgə layihəsi olduğunu deyib. O, sənəddə hökumətin bütün səviyyələrdə vətəndaşların iştirakını nəzərdə tutan qanunvericilik, institusional çərçivələrin yaradılması, şəffaflığın təmin olunması, qərarların qəbulunda xüsusilə qadınların iştirakının təminatı kimi məsələlərin nəzərdə tutulduğunu söyləyib.

Avropa Şurası Demokratiya Baş Direktorluğunun Demokratik İdarəçilik Departamentinin rəhbəri Daniel Popescu bildirib ki, mövcud qanunvericilik təkamül prosesində inkişaf etdirilməlidir: “Çalışırıq ki, bu, bir qədər yaxşılaşsın və iştirakçılığı daha asan şəkildə təşkil etmək mümkün olsun”. 

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da layihənin icrasında əsas məqsədin bu sahəni təkmilləşdirmək və bu günün, sabahın tempinə uyğun inkişafını təmin etmək olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda qərarların qəbulunda vətəndaş iştirakçılığının Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsinin əsas tələbi olduğunu deyib: “Bu tələbi yerinə yetirmək üçün qəbul edilmiş qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında ictimai şuralar yaradılıb. Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi Əsasnaməyə əsasən vətəndaş qurumları bir araya gələrək nazirliklər yanında özünün qurumunu yaradır ki, qəbul edilən qərarların hazırlanmasında iştirak etsinlər”. 

A. Quliyev əlavə edib ki, bu günə qədər bu istiqamətdə xeyli iş görülüb.

Konfrans müzakirələrlə davam etdirilib, tövsiyələr səsləndirilib.

 





21.05.2018    çap et  çap et