525.Az

Mədəni təkamül, yoxsa yenidən geriyə qayıdış?


 

Mədəni təkamül, yoxsa yenidən geriyə qayıdış?<b style="color:red"></b>

Kişi meymundan bir az gözəl olmalıdır ifadəsini eşitməyən yoxdu yəqin. Bilmirəm niyə kişilərə qarşı belə amansız bənzətmə işlədiblər? Bəlkə də bu güclü cinsin nümayəndələrinin daxilən (hərdən də xaricən) qədim əcdadlarımızdan o qədər də  fərqlənmədiyinə görədir?

Əgər biz insanın bəzi vərdişlərinə nəzər salsaq, qədim insanın təkamül prosesindənqalma  hansısa kölgənin şahidi ola bilərik. Müasir insanın xarakterinə bələd olmaq üçün təkamül gedişində erkəyin kişiyə, dişinin qadına çevrilməsi prosesinin bəzi incəliklərini- hansı xeyirli cəhəti saxladığını, hansını itirdiyini başa düşməliyik.

Gəlin, təbiətin qoynunda hazırda vərdiş etdiyimiz hər cür müasir avadanlıqsız, texnikasız bir həyat təsəvvür edək. Sonra qədim əcdadlarımızın həmin həyatdakı roluna diqqət edək. Burada qadın yığıcıdı, ailənin sahibidir. O fitrətən yığan, düzüb-qoşan, bəzəyən, xırdalıqlara qarşı həssasdır, onun üçün prosesin özü vacibdir. O, qocaların və uşaqların qayğısına qalmalıdır. Qadında fəhm çox güclüdür, onun əhval-ruhiyyəsi də ətrafdakılara tez sirayət edir, ən vacibi onda qədim əcdadımızın instinkti-analıq instinkti mövcuddur.

Kişi isə ovçudur, ailəni yedirdəndir, işğalçıdır, aqressivdir. O, səhər tezdən mağaradan meşəyə- ova getməlidir. Onun işi pusquda dayanıb bütün ailənin qidası olacaq ovu gözləməkdir, eyni zamanda o, həm də özünü gözləməlidir ki, hansısa heyvanın yemi olmasın. Onun üçün prosesin özü yox, nəticəsi vacib olduğundan, evə də axşam qənimətlə qayıtmalıdır. Kişi həmişə qərar verməlidir, emosiyalarını bölüşməli deyil. Onlar həmişə emosiyalarını idarə etməyə çalışırlar, məntiq onlar üçün əsasdır, duyğular yox, axı onlar hansısa problemi həll etməlidir. Onun düşüncəsində yalnız faktlar, cari hadisələr və subütlardır. Bir çox kişilər qadın emosiyasını görəndə özlərini itirirlər, tez onun problemini həll etməyə çalışırlar. (Əlbəttə, qadını problem içində qoyub qaçan kişilər də az deyil.)

Qədim kişi mağaranın girəcəyində yatırdı ki, təhlükədən, qəfil həmlələrdən, hücumlardan ailəni qoruya bilsin. Yəqin elə bu instinktdən qalmadır ki, əksər müasir kişilər indi çarpayının qapıya açılan tərəfində yatmağa üstünlük verirlər ki, bir təhlükə olduqda tez oyana bilsinlər.   Qədim ovçular saatlarla pusquda dayanıb öz qənimətini  gözləməli olurdu. Bu, sizə bazar günü şəhər kənarına gedib saatlarla tilovuna balıq düşməsini gözləyən müasir  kişini xatırlatdımı? Qədim ovçu diqqətini yalnız ovuna cəmləməli olurdu. Sizcə, onlar indi sükan arxasında oturub gözlərini yola zilləyən, fikrini maşın sürməyə cəmləyən kişinin prototipi deyilmi? Ani diqqət yayıntısı qədim kişini öz qənimətinin qurbanına çevrə bilərdisə, müasir kişini də avtomobil qəzasının iştirakçısına çevirə bilər.

Bəli, texnika maksimum inkişaf edir, amma sadalanan misallardan da göründüyü kimi müasir kişinin instinktləri qədim əcdadlarından əsaslı şəkildə fərqlənmir.

 





10.07.2013    çap et  çap et