525.Az

ABŞ konqresmenindən ADR bəyanatı


 

ABŞ konqresmenindən ADR bəyanatı<b style="color:red"></b>

Mayın 18-də ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib. 

ABŞ səfirliyindən 525.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra, Azərbaycan 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan edib. İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra, regionda və dünyada artan vacib rola malik olduğu vurğulanıb. 

Bəyanatda qeyd olunub ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraq və Əfqanıstanda xidmət etdiyi, bu gün Azərbaycanın Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu bildirilib. 

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılıb. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun “odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı qeyd olunub. 

Bəyanatda ABŞ-ın Azərbaycanın dostluğuna görə minnətdarlıq bildirilib və Azərbaycan xalqına davamlı sülh və əmin-amanlıq arzu olunub.

 





22.05.2018    çap et  çap et