525.Az

Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu


 

Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu<b style="color:red"></b>

Mayın 18-də ABŞ-ın İllinois ştatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub.

Çikaqo şəhərində keçirilən möhtəşəm yubiley gecəsində ştatın Azərbaycanlı Amerikalılar Cəmiyyətinin fəalları, eləcə də yaxın əyalətlərdən gələn azərbaycanlılar iştirak ediblər.

Tədbirdə şəhər meri George Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri, tarixçi-alim Nəsiman Yaqublu və digər qonaqlar çıxış ediblər.

N.Yaqublu Cümhuriyyət tarixi haqqında toplantı iştirakçılarına geniş məlumat verib.

Yubiley gecəsinə gələ bilməyən Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrinin Komandiri vəzifəsində çalışan həmvətənimiz Naimi Amiral (John Amiral) və digərlərinin təbrik məktubları da oxunub.

Gecənin musiqili hissəsində tanınmış tarzən Ramiz Quliyev, pianist Etibar Əsədli, müğənnilər Lalə Məmmədova, Nuriyyə Hüseynova və Çinarə Məlikzadə çıxış ediblər.

Tədbirdə iştirak edən qonaqlara Cümhuriyyətin 100-cü ildönümüylə bağlı xüsusi olaraq hazırlanan hədiyyələr təqdim edilib.

Tədbirin daha yüksək səviyyədə təşkili üçün İllinoisdə yaşayan Azərbaycan cəmiyyəti fəalları maliyyə dəstəyi göstəriblər.

CEYHUN

 





22.05.2018    çap et  çap et