525.Az

AXC-nin 100 illiyinə həsr olunmuş konfrans


 

AXC-nin 100 illiyinə həsr olunmuş konfrans <b style="color:red"></b>

Ombudsman Aparatı və AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş elmi - praktiki konfrans keçirilib. 

APA-nın xəbərinə görə, Ombudsman Elmira Süleymanova AXC-nin yaranmasını Azərbaycan tarixinin şərəfli dövrü adlandırıb.

O bildirib ki, AXC yaranan zaman ölkə və regionda vəziyyət çox ağır olub: "Cəmi 23 ay yaşamış müstəqil hökumət bir sıra uğurlar əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verilməsi buna bariz nümunədir". 

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, cümhuriyyət dövrü Azərbaycanın şərəfli tarixidir: "Müsəlman Şərqində, türk dünyasında respublikanı ilk dəfə biz yaratmışıq. Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Biz bu regionda imperiyalar yaradan xalqıq. Ona görə də Azərbaycan tarixində cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin, mürəkkəb dövründə yaranmışdı". 

Y. Mahmudov AXC-nin adı ilə bağlı mübahisələrə də aydınlıq gətirib: "Bəzən dövlətin adını Azərbaycan Demokratik Respublikası kimi təqdim edirlər. 1918-ci ildə yaradılmış dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti olub. İstiqlal bəyannaməsində də dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti kimi göstərilib".

Akademik İrəvanın ermənilərə güzəştə gedilməsinə yenidən baxılmasını da təklif edib. 

Azərbaycan respublikasının AXC-nin siyasi varisi olduğunu deyən millət vəkili Elman Nəsirov AXC parlamentində 21 erməni deputatın təmsil olunduğunu diqqətə çatdırıb. 

Konfrans çıxışlarla davam etdirilib.

 





22.05.2018    çap et  çap et