525.Az

"Ədəbiyyatı uşaqlıqdan sevmişəm" - Fotolar


 

MAŞTAĞA QƏSƏBƏSİNDƏKİ 108 SAYLI TAM ORTA MƏKTƏBDƏ ŞAİR, PUBLİSİST RƏŞAD MƏCİDLƏ GÖRÜŞ KEÇİRİLİB

"Ədəbiyyatı uşaqlıqdan sevmişəm" - <b style="color:red">Fotolar </b>

Dünən Maştağa qəsəbəsindəki 108 saylı tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcidlə görüş keçirilib.

Görüş məktəbin müəllimi, AYB-nin üzvü, gənc yazar Aygün Məmmədzadənin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü çərçivəsində baş tutub.

Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Əvvəlcə qonaqlar və tədbir iştirakçıları Rəşad Məcidin yaradıcılığını əhatə edən yazılarından, kitablarından ibarət sərgi ilə tanış olublar.

Görüşü giriş sözü ilə açan A.Məmmədzadə Rəşad Məcidin həyat və yaradacılığı haqqında geniş məlumat verib, onu sözə, ədəbiyyata bağlı şair, vicdanlı publisist, səmimi, təvazökar, gənc istedadlara qarşı diqqətli insan kimi xarakterizə edib. Bildirib ki, bugünkü görüş şagirdlərə yaradıcılıq həvəsi, sözə, ədəbiyyata, poeziyaya məhəbbət aşılamaq, onları şairin dünyasına bir az da yaxınlaşdırmaq məqsədi daşıyır.

Məktəbin direktoru Böyükağa Əhmədov belə görüşlərin şagirdlərin dünyagörüşündə, təfəkküründə əhəmiyyətli rol oynamasından söz açıb, şagirdlərlə görüşmək təklifini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib.

Hər zaman azyaşlı oxucularla ünsiyyətə xüsusi önəm verdiyini deyən Rəşad Məcid başda Böyükağa Əhmədov olmaqla məktəb rəhbərliyinə, kollektivinə və görüşün təşəbbüskarı Aygün Məmmədzadəyə təşəkkür edib. A.Məmmədzadənin həm də AYB-nin üzvü olduğunu xatırladan qonaq bu cür tədbirlərin keçirilməsinə təşəbbüs göstərən, Yazıçılar Birliyi ilə məktəblər arasında əlaqə yaradan belə gənc pedaqoqların fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib: "2008-ci ildən keçmiş Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi nəzdində Gənc Ədiblər Məktəbi yaratdıq. Birliyin Gənclərlə iş üzrə katibi olduğumdan ədiblər məktəbi də mənə həvalə olundu. O məktəbi yaratmaqda məqsədimiz iki il ərzində ayda bir və ya iki dəfə gənc qələm sahiblərini yaşlı, təcrübəli yazıçılarla görüşdürmək, onlarla ünsiyyət nəticəsində dünyagörüşlərinin, ədəbiyyatla bağlı bilgi və təcrübələrinin artmasına şərait yaratmaq idi. Bu zamana qədər üç Gənc Ədiblər Məktəbi fəaliyyət göstərib. Bugünkü görüşün təşkilatçısı, sizin müəlliminiz Aygün Məmmədzadə də III Ədiblər Məktəbinin müdavimidir. Gözəl qələmi və ədəbiyyat sevgisi, savadı olmaqla bərabər, Aygün xanım həm də çox çalışqan, zəhmətkeş gənclərimizdəndir. Bu zəhmətinin və istedadının nəticəsidir ki, o, həm də Yazıçılar Birliyinin üzvüdür. Aygün xanım kimi ədəbiyyatı sevən və ədəbi prosesi yaxından izləyən müəllimlərimizin varlığı təhsilimizin yüksək inkişafına və gənc nəslin sağlam yetişməsinə olan ümidlərimizi artırır. Mən inanıram ki, onun bu məktəbdə keçirtdiyi görüşlər bununla yekunlaşmayacaq, belə təşəbbüslər gələcəkdə də davam etdiriləcək".

Daha sonra qonaq özünün uşaqlıq illəri, ədəbiyyata gəldiyi dövr, ilk yazıları haqqında danışıb. Deyib ki, özünün gənclik illəri ilə müqayisədə indi gənclərə dövlət tərəfindən ayrılan diqqət və qayğı daha çoxdur: "Mən həm Yazıçılar Birliyində, həm də "525-ci qəzet"də gənclərlə bilavasitə ünsiyyətdə oluram, onlar üçün dövlətimizin yaratdığı imkanları görürəm və heyrət edirəm. Hərdən də özümün ədəbiyyata ilk gəldiyim illər yadıma düşür. Heç bir dövrdə istedadlı gənclər üçün bu qədər geniş şərait yaradılmayıb. İndi Yazıçılar Birliyinin qapısı hər bir gənc istedadlı yazıçı üçün açıqdır. Gənc Ədiblər Məktəbi ədəbi mühitə bu illər ərzində onlarla yazar bəxş edib ki, onlardan bir çox bu gün çağdaş Azərbaycan ədəbiyyatının simasını təşkil edir.

2007-ci ildən bəri hər il birliyin üzvü olan 20 gənc yazara Azərbaycan Respublikası Prezidentinin illik təqaüdü verilir. Gənclər və İdman Nazirliyi hər il 2 fevral Gənclər günü ilə əlaqədar müxtəlif sahələr üzrə il ərzində fərqlənən gənclərə mükafatlar təqdim edir. Hər il ədəbiyyat sahəsindən iki gənc bu mükafata layiq görülür. Bundan əlavə, keçirilən digər bir çox tədbirlərdə, layihələrdə də gənclərimiz önə çəkilir, onlara özlərini tanıtmaları və təsdiq etmələri üçün hər cür şərait yaradılır".

Sonra şagirdlər R.Məcidin və digər şairlərin yaradıcılığından poeziya nümunələri səsləndirib, özlərinin qələmə aldıqları şeirləri oxuyublar.

4-cü sinif şagirdi Rüqəyya Eyyubovanın R.Məcid yaradıcılığından söylədiyi "Bayrağım", 6-cı sinif şagirdi Nərmin Abdullayevanın dediyi Əli Kərimin "Qaytar ana borcunu" şeirləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Azyaşlıların belə çətin şeirləri əzbərdən və gözəl qiraətlə söyləməsini xüsusən bəyənən R.Məcid uşaq yaşlarından şeir əzbərləməyin əhəmiyyətindən söz açıb: "Əgər gələcəkdə gözəl nitqə, aydın təfəkkürə, özününüzü səlis və düzgün ifadə etmək qabiliyyətinə malik olmaq istəyirsinizsə, indidən çoxlu şeirlər əzbərləyin. Yeniyetmə vaxtlardan ədəbi əsərlər oxumaq, şeirlər əzbərləmək həm yaddaşı gücləndirir, həm də insanın söz ehtiyatını artırır. Mən ədəbiyyatı uşaqlıqdan sevmişəm. Şeir əzbərləmək isə ən sevdiyim məşğuliyyətim olub. Hətta 15-16 yaşlarımda 4-5 saat dayanmadan müxtəlif şairlərimizin şeirlərini əzbər deyirdim. İndiyə qədər də o şeirlərin bir çoxu yadımdadır. Bu gün burada şeir söyləyən uşaqlara heyran qaldım. Onlar elə çətin və irihəcmli şeirlər seçiblər ki, onları belə səlis və aydın qiraətlə əzbərdən demək heç də asan iş deyil. Mən buna görə həm o uşaqları, həm də onların müəllimlərini alqışlayıram".

Görüşün davamında şagirdlər ədəbiyyat, şeir, Rəşad Məcidin həyat və yaradıcılığı ilə bağlı onları maraqlandıran sualları qonağa ünvanlayıblar. Onlardan Həsən Məlikov, Zəhra Məmmədova, Zemfira Məmmədova, Hüseynağa Məmmədov, Zəhra Muradova, Xədicə Fərziyeva və başqaları maraqlı sualları ilə seçiliblər.

Sualları ətraflı cavablandıran R.Məcid Qarabağla, Şuşayla bağlı uşaqlıq xatirələrini bölüşüb, deyib ki, doğulduğu Laçın rayonunun, orta məktəbdə oxuduğu Ağdamın, çox sevdiyi Şuşanın, ümumiyyətlə, Qarabağın itkisi onu ən çox göynədən yaradır: "Bunu həmişə hər yerdə deyirəm ki, Şuşa mənim ən sevdiyim və bütünlüklə heyran olduğum şəhərdir. Mən çox tezliklə yenidən o torpaqlara qovuşacağımıza inanıram".

Qonaq "525-ci qəzet"in yaranması və fəaliyyəti, onun gənc jurnalistlər üçün yaratdığı şərait haqqındakı sualları da cavablandırıb: "Mən həm bədii, həm də publisistik yaradıcılıqla məşğulam. 1992-ci ildə yaratdığımız "525-ci qəzet" müstəqillik illəri Azərbaycan mətbuatında mədəniyyətə, incəsənətə, ziyalılarımıza böyük önəm verən qəzetlərdəndir. Bugünkü tədbir də Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunduğundan deyə bilərəm ki, qəzetimizdə hər zaman Cümhuriyyətimizlə bağlı yazılar çap olunur. Məsələn, neçə illərdir ki, hörmətli professorumuz Şirməmməd Hüseynovun Cümhuriyyətlə bağlı silsilə yazıları, Vilayət Quliyevin məqalələri çap olunur.

Eyni zamanda, qəzetimiz hər zaman öz səhifələrində gənclərə də yer ayırıb. Uzun illərdir, biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə əməkdaşlıq edirik. Qəzetimizin bugünkü 22 may buraxılışının dörd səhifəsində həmin tələbələrin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yazıları çap olunub".

R.Məcid şagirdlərdən birinin sualına cavab olaraq onun sözlərinə yazılmış mahnılardan da bəhs edib: "Sevilən müğənnimiz Xumar Qədimova ilk dəfə mənim şeirlərimdən birinə mahnı bəstələmək istədiyini deyəndə etiraz etmədim. Və o, "Bir də gəlməyəcək" şeirimi seçdi. Bu şeirin quruluş etibarilə musiqiyə uyğun olmadığını düşündüyümdən necə bir mahnı olacağı ilə bağlı şübhələrim vardı. Amma Xumar xanım çox gözəl bir mahnı yazmışdı. Ondan sonra o, mənim "Sənə görədir" şeirimə də mahnı bəstələdi və adını dəyişib "Səbəbi sənsən" elədi. Hər iki mahnı publika tərəfindən böyük sevgi və maraqla qarşılandı. Ondan başqa gənc bəstəkar Aysel Kərim də mənim sözlərimə mahnı bəstələyib. Təbii ki, bütün bunlar mənimçün çox xoşdur".

Sonda qonaq görüşdən və şagirdlərin hazırlığından məmnunluğunu dilə gətirib və təşkilatçılara təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





22.05.2018    çap et  çap et