|
|
|
|
“Parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında hansı yeni qanunların olacağı barədə bir şey söyləmək çətindir. Çünki bütün komitələr tərəfindən qanunvericilik işlər planı tərtib olunub ümumiləşdirilməlidir”.
Bunu “525”ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, əslində, hansısa qanunların qəbulunun vacibliyindən daha çox, onların işləməsinə nəzarət barədə düşünməliyik. “İcra keyfiyyəti ən mühüm məsələdir. Diqqəti daha çox bu istiqamətə yönəltmək məqsədəuyğundur” - deyə, o əlavə edib.
Millət vəkilindən “Kinematoqrafiya haqqında” qanun layihəsi barədə fikirlərini öyrənməyə çalışdıq. Qeyd edək ki, millət vəkili son sessiyalardan birində bu barədə təklif səsləndirmişdi. O, öz fikrində qaldığını və bu istiqamətdə təkmil qanun layihəsinin müzakirələrə çıxarılmasının vacib olduğunu dilə gətirib: “Çünki bizdə ən az diqqət ayrılan sahələrdən biri kino sahəsidir. Əslində, kino strateji bir sahədir. Ölkənin təbliği, ölkəyə pul gətirmə baxımından ən vacib sahələrdən biridir. Amma bu sahəyə ayrılan vəsait yaxşı film çəkilməsinə, kino turizminin inkişaf etməsinə imkan vermir. Bildiyiniz kimi, xaricdə müəyyən film komissiyaları yaradılır. Onlar ölkələrə təkliflər verirlər ki, sizə pul ayırırıq, bizə səhra, dağ, şəhər, kənd mühiti verin, orada filmlərin çəkilməsini gerçəkləşdirək. Ölkə də bundan pul qazanır. İki il öncə qonşu Gürcüstanda qanun qəbul olundu. Gürcüstana 250 min dollar yatıran hər hansı bir film komissiyası o pulun 20 faizini geri alır. Belə stimullaşdırma ilə bunu ölkəyə gətirirlər. Azərbaycanda səhra, dağ - hər şey var, amma qanun olmadığına görə gələn adamların böyük əksəriyyəti geri göndərilirlər. Bu qanun olduqca vacibdir ki, ölkəyə müəyyən dərəcədə gəlir gətirmək mümkün olsun. Biz bu “dizi filmləri” ilə dünyaya çıxa bilməyəcəyik, ancaq Bakıda qadınlarımızın, bir az da oxumayan insanlarımızın başını qatacağıq. Amma filmlə dünyanın Azərbaycana marağını artırmaq olar. Bundan istifadə etməyimiz vacibdir...”
Millət vəkili eyni zamanda, Azərbaycanda toy və yas mərasimləri ilə bağlı məsələyə də münasibət bildirib, bunun hansısa yolla tənzimlənməsinin gərəkdiyini söyləyib: “Toy, yas mərasimləri qarın otarmaq yeri deyil, yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir. Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır”. F. Mustafa qeyd edib ki, hələ toy səviyyəsində keçirilən “xınayaxdı”, “ciyər axşamı” kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır. Millət vəkilinin sözlərinə görə, yüksək məbləğə toya dəvət edilən müğəninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir: “Harınlar üçün, şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var, Las-Veqas, Kanar adları, Mardan Palas, onlarla başqa qapalı ehtişamlı məkanlar, buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər. Normal ailə qurmaq istəyən sadə çoxluq üçün bu mərasimlər sadələşdirilməlidir, pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır. Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır. Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Yoxsa borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik. Sevinmək də lazım, kədərlənmək də, bu insan təbiətinə aid bir gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyil...”
Kamil HƏMZƏOĞLU