"Azərbaycan florasının 10 faizə qədəri itmək üzrədir".
APA xəbər verir ki, bunu "Qlobal Ərzaq Təhlükəsizliyində Bitki Genetik Ehtiyatların rolu" mövzusunda keçirilən seminarda AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov deyib.
O bildirib ki, qlobal ekoloji dəyişikliklər, antropogen amillərin təsiri nəticəsində genetik erroziya güclənib və bioloji müxtəliflik təhlükəyə məruz qalıb:
"Azərbaycan bir çox bitki növlərinin ilkin əmələgəlmə və mədəniləşdirmə mərkəzlərindəndir. Təbii formada 5 minə yaxın ali bitki növü mövcuddur. Floranın 40 faizdən çoxu mədəni bitkilərin əcdad və sələfləridir. 5 faiz isə mədəni şəkildə becərilir. Milli Genbankda və genefond bağlarında 405 cinsə, 1121 növə aid 14 min nümunə, o cümlədən, mədəni bitkilərin yabani əcdadlarına aid 2150 dən çox, xalq seleksiyası sort və formalarına aid 2400 qiymətli nümunə yerli və beynəlxalq ekspedisiyalar, elmi mübadilə yolu ilə toplanaraq bərpa və mühafizə edilir".