525.Az

"200 minədək seçici təmsilçisiz qala bilməz"


 

ZAHİD ORUC: "HÖKUMƏTDƏ VƏZİFƏ ALANLARIN MANDATI İLƏ BAĞLI MƏSƏLƏ MSK TƏRƏFİNDƏN HƏLL EDİLƏCƏK"

"200 minədək seçici təmsilçisiz qala bilməz"<b style="color:red"></b>

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasından, ölkə prezidentinin yeni kadr təyinatlarından sonra belə demək mümkünsə, hazırda ali qanunverici orqanda-Milli Məclisdə (MM) 6 yer boşdur.

Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar millət vəkillərindən 4-ü hökumətə cəlb olunublar. Yəni millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev "Qaçqınkom"un, Fuad Muradov Diasopla İş Üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüeynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar. 

Qanunvericiliyə, ölkə Konstitusiyasına görə, hökumətdə yer alan millət vəkillərinin səlahiyyətlərinə xitam verilməlidir. Bununla yanaşı, xatırladaq ki, ötən ilin yazında ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq fəaliyyətinə xitam verilmişdi. Hazırda onun Xəzər rayonundakı deputat yeri boşdur. Eyni zamanda, bir müddət öncə millət vəkili Astan Şahverdiyev qəflətən urəktutmasından dünyasını dəyişdi və onun Cəbrayıl rayonu üzrə deputat yeri boşdur. Həmçinin,  Azərbaycan iki il müddətinə, təxminən növbəti-6 çağırış parlament seçkilərinə (2020-ci ilin yazına-red) kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rəhbərsiz qalacaq. Belə ki, adıçəkilən qurum bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun iki illik fəaliyyətinə sanksiya tətbiq edib. Belə olan halda, yəni, mövcud durumda Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin oluna bilərmi, təyin olumalıdırmı?  Və ya adıçəkilən şəxslərin yerinə təkrar seçkilər keçiriləcəkmi, bu, gözlənilmdirmi?

Bununla bağlı "525"ə açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, parlament üzvü kimi hökumətdə vəzifə alanların mandatı ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həll ediləcək. Onun bildirdiyinə görə, Konstitusiyanın tələbə bundan ibarətdir: "Çünki icra orqanlarından təmsil olunanlar digər hakimiyyət qolunda yer tuta bilməzlər. Əks halda, maraqların konfliktinə yol açılardı. Üstəlik, hakimiyyətin bölgüsü prinsipinə görə Nazirlər Kabineti Milli Məclis tərəfindən formalaşan, hesabat verən və istefaya göndərilən bir orqandır. Məsələnin yaxın zamanlarda həll olunacağına və həmin ərazilər üzrə yeni seçkilərin keçiriləcəyinə ümidvaram. 200 minədək seçici təmsilçisiz qala bilməz. Axı bizdə yalnız majoritar sistem mövcud olduğundan hər bir seçki dairəsi üzrə nümayəndə ayrıca seçilir və onun bütövlükdə millətin adından danışmaq səlahiyyəti qazanması lokal bir dislokasiyaya dair olan məsuliyyətini aradan qaldırmır. Xalq özünə təmsilçi seçməkdə azaddır, haqlıdır və ona qadirdir. Dövlət orqanlarının və müvafiq seçki institutların qarşısında dayanan vəzifəsi həmin konstutison normanı yerinə yetirməkdir. AŞPA-da nümayəndə heyətinin rəhbərinin dəyişməsi ilə bağlı məsələ müxtəlif media orqanlarında müzakirə edilsə də, Milli Məclisin son iclasında deyildiyi kimi, hakim partiya və dövlətin siyasi rəhbərliyi buna qətiyyən zərurət görmür. Biz Qərbdə yer alan maraq qruplarının Azərbaycanın xarici əlaqələrini zəiflətmək və təcridetməyə məruz qoymaq siyasətinə dəstək verə bilmərik".

Növbədənkənar parlament seçkilərinə gəlincə isə millət vəkili bunu istisna edib.

Kamil HƏMZƏOĞLU

 





24.05.2018    çap et  çap et