525.Az

Pedaqoji Universitetdə gənc alim və tədqiqatçılar üçün təlim


 

Pedaqoji Universitetdə gənc alim və tədqiqatçılar üçün təlim <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Clarivate Analytics" şirkətinin həyata keçirdiyi "Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara dəstək" adlı layihə çərçivəsində təlim keçirilib.

ADPU-dan verilən məlumata görə, tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, universitetdə yaxın günlərdə professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müzakirə aparılacaq. O qeyd edib ki, nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır.

Rektor deyib ki, "Clarivate Analytics" şirkəti Azərbaycanın gənc alim və tədqiqatçıları arasında maarifləndirmə işlərini aparmaq, onların bu sahədə məqsədlərinə nail olmaları üçün silsilə tədbirlərdən ibarət "Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara dəstək" adlı layihə həyata keçirir: "Layihənin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və digər mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir".

Qeyd edək ki, təlim iki hissədən ibarət olub. Təlimin birinci hissəsində "Clarivate Analytics" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə təmsil etdiyi qurumda yer alan elmi jurnallar və agentliyin təqdim etdiyi "Web of Science" platforması barədə ətraflı məlumat verib.

Təlimin ikinci hissəsində isə Xəzər Universitetinin "Xəzər Humanitar və Sosial Elmlər" beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova elmi jurnalın idarə edilməsi prinsipləri, "Web of Science" platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı layihə iştirakçılarını geniş məlumatlandırıb.

Təlimdə mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

C.ABASOV

 





24.05.2018    çap et  çap et