525.Az

Təbiət və cəmiyyət kataklizmləri - Siyasi fırtınalara barbarlığın təsiri


 

Təbiət və cəmiyyət kataklizmləri  - <b style="color:red">Siyasi fırtınalara barbarlığın təsiri </b>

(XIX əsr Argentinasının timsalında) 

Təbiət kataklizmləri Yer kürəsinin ayrı-ayrı hissələrində baş verməklə böyük fiziki dəyişikliklər, gözlənilməyən düzəlişlər əmələ gətirir.

Dənizlərin sahillərinin konfiqurasiyası öz əvvəlki görünüşünü itirir, dağlar dağıntıya məruz qalır, iqlim müəyyən müddətə korlanır, atmosferdə havanın çirklənməsi baş verir, bəzən hətta Günəş işığı yer səthinə gəlib çatmır. 1883-cü ildə İndoneziyadakı Krakatau adasında baş verən vulkan püskürməsində adanın özü okeanın dibinə çökmüş, on kilometrlərlə hündürlüyə qalxan kül - Günəş və Ay batması effekti yaratmışdı.

Kataklizm qədim yunan sözü olub, daşqın, ərazinin su basması deməkdir. Kataklizm qlobal olmaqla, dağıdıcı atmosfer və vulkan püskürməsi proseslərinin təsiri altında yer səthinin geniş məkanında üzvi həyatın xarakterində və şərtlərində baş verən kəskin dəyişiklikdir. Daha geniş mənada, təbiətdə və cəmiyyətdə baş verən dağıdıcı metamorfozadır.

Təbii fəlakətlərə tufan, tornado (burağan), vulkan püskürməsi, zəlzələlər, sunamilər, daşqınlar, dəniz sularının və çayların daşıb sahili basması, torpaq sürüşməsi daxildir. Bu fəlakətlər insanın yaşayış mühitinə ağır ziyan vurduğundan, onu ciddi problemlərlə üzləşdirir, geniş miqyasda faciələrə səbəb olur. Kütləvi həlak olma baş verir, şəhərlər, digər yaşayış məntəqələri məhv olur, xarabazara çevrilir. Qədim Roma imperiyasının İtaliya ərazisindəki Pompeya və Herkulanum şəhərləri 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kül təbəqəsi və lava altında qalmış, minlərlə insan bir andaca həyatla vidalaşmışdı. 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhəri zəlzələ nəticəsində tamamilə dağılmış, 32 min nəfər şəhər sakini həlak olmuşdu. 1988-ci ildə Ermənistanın Spitak və Leninakan (indiki Gümrü) şəhərlərində zəlzələdən 55 min adam ölmüşdü. 1990-cı ildə İranda baş verən zəlzələdə 40 min nəfər ölmüş, 100 min adam yaralanmışdı. Ümumiyyətlə, XX əsrdə - 1908-ci illə 1990-cı il arasında dünyada 23 təbii fəlakət baş vermiş, bu kataklizmlərdə 1,5 milyona qədər adam həlak olmuşdu.

2004-cü ilin dekabrında İndoneziyadakı Sumatra adasının qərb sahilində sunami əmələ gətirən zəlzələ olmuş, onun gücü 9.3 bala çatmışdı. Sunami Hind okeanı sahillərindəki torpaqlara böyük ziyan vurmuş, 230 min nəfər adamın ölümünə səbəb olmuşdu. Sahillərdə dalğa 30 m. hündürlüyə qalxmışdı. Sunami Asiya qitəsinin 6 ölkəsinin ərazisinə böyük dağıdıcı təsir göstərmişdi. Bu vaxt yer səthində azad olunan enerjinin, 1945-ci ildə Xirosimada atılan atom bombasının gücündən 1500 dəfə çox olduğu bildirilir.

Bütün bunlar təbiət kataklizmlərinin dəhşətli epizodlarıdır. Statistikanın iri rəqəmləri nəzərə alınmasa belə, insan həyatının itkisi onun yaxınları üçün ağır faciədir. Bu fəlakətlərə qarşı səmərəli profilaktik tədbirlər, tikintinin seysmik təhlükəni nəzərə almaqla layihələşdirilməsi və inşa edilməsi, əlbəttə, itkilərin və dağıntıların miqyasının xeyli azalmasına şərait yaradır və seysmik zonada olan şəhərlərə son onilliklərdə böhran anlarında nisbətən az xətər toxunması və dağıntının minimuma enməsi bu mülahizəni təsdiq edir. Yatmış vulkanların olduğu ərazidə vulkanlarla əlaqədar risk faktorunu, onun gələcəkdə püskürməsi nəticələrini minimuma endirmək üçün mümkün tədbirləri təhlil etmək mühüm əhəmiyyət kəsb edir.

Təbiət kataklizmləri insan iradəsindən kənarda baş verir, onun qarşısını almaq da əslində, mümkün deyildir. Lakin ona hazırlıq görülməsi, adamların vaxtında xəbərdar edilməsi, nəticələrinin həcmini azalda bilər. Böhranı əmələ gətirən faktorlara və onların simptomlarına, həmçinin, fəlakətin yaranması ehtimalına məhəl qoyulmaması isə ağır nəticələrə gətirib çıxarır. Belə vəziyyətdə, qəflətən böyük təhlükəyə məruz qalmış insan baş verən kataklizmlərə qarşı gücsüz, çox vaxt aciz qalır və böyük haqq verməyə məcbur olur.

Lakin insanların, sotsiumun həyatında baş verən bir sıra bədbəxtliklər isə onların şüuru və fəaliyyəti nəticəsində baş verir və bunlarda da təbiətin iştirakını axtarmaq ağılsızlıqdır. Cəmiyyətdəki kataklizmlər insan şüurunun cəhdi, müxtəlif ideyaların həyata keçirilməsinin nəticəsi kimi meydana çıxır. Bu fəlakətlər bütöv xalqların həyat tərzini dəyişir, Lev Tolstoyun təbiri ilə desək, insan ruhuna yad olan hadisə kimi müharibələr, həm də xeyli qan tökülməsi ilə müşayiət olunan inqilablar baş verir. Cəmiyyətdəki kataklizm öz dağıdıcı və təsir gücünə görə heç də təbiətdəki bənzərlərindən geri qalmır. Bəşər tarixi ərzində müharibələr daim ağır nəticələrə səbəb olmuş, insanların nisbətən dinc həyatına zəhər qatmışdır.

Müharibə, demək olar ki, dəyişilməz qalan barbarlığın nəticəsi kimi meydana çıxmışdır. Tarixin ilk dövrlərində müharibə metodlarında heç bir məhdudiyyət yox idi. Məğlub olan qüvvələri və əhalini işgəncə, köləlik, ölüm və mülkiyyətinin başqasının əlinə keçməsi gözləyirdi.

Primitiv, savadlılıqdan əvvəlki müharibələr öz xüsusiyyətlərinə görə heyvanları təqlid etməyə bənzəyirdi. Lakin tarixdən əvvəlki müharibələr, güman ki, heyvanlar arasındakı döyüşlərdən hansısa bir şəkildə fərqlənirdi. Çünki heyvanlar özlərini müdafiə edəcəkləri barədə siqnal verdikdə, çox vaxt döyüşdən vaz keçilirdi.

Müharibələrin məqsədi təkcə rəqibi, düşməni qırmaq olmayıb, həm də bu vaxt baş verən həmrəyliyin yüksəlməsi hesabına sosial qrupu qoruyub saxlamaq idi. Müharibə, eyni zamanda fərdin müəyyən fiziki ehtiyaclarını ödəmək niyyətinə xidmət edirdi.

Vuruşmanı həm də etologiya - heyvanların təbii şəraitdəki davranışı elmi ilə izah edirlər. Heyvanların bir-birilə vuruşması insanın tətbiq etdiyi müharibənin başa düşülməsinə də inandırıcı kömək edə bilər. Təcavüzkar davranış, adətən, buna sövq edilmələr nəticəsində baş verir və bu, vuruşmağa aparır. Başlıca münaqişə şəraitləri heyvanlar arasında da aqressivliyə gətirib çıxarır. İnsan isə ətraf mühitin faktorlarına cavab verdikdə, müxtəlif davranış nümunələrinə cəlb olunur. Heyvanların sayı artanda onların törəmə qabiliyyətləri azalır. Belə bioloji nəzarət mexanizminin insan cəmiyyətində necə fəaliyyət göstərməsi isə lazımınca öyrənilməmişdir.

Heyvanların ərazi imperativi, ərazinin sərhədləməyə və ona müdaxilələrə qarşı müdafiə olunmağa onları məcbur edir. Axı həmin ərazi qidalanma və bala verməyə xidmət edən zona rolunu oynayır. Onlardakı bu analogiya  insan davranışlarına da keçir.

İnsanın psixoloji təbiətinin şərtləri də müharibə aparılmasında müəyyən rol oynayır, bəzi psixoloqlar insanın daxili aqressivliyini vurğulayırlar. Elə insan qrupları vardır ki, onlar aqressivlikdən uzaq olurlar. Qrenlandiyanın eskimos (inuit) tayfaları heç vaxt bir-biri ilə vuruşmamışdı. İnsanın psixoloji təbiətinin şəraitləri də müharibə aparılmasında müəyyən rol oynayır.

İbtidai insanlar, sonra ayrı-ayrı tayfalar qida əldə etmək naminə bir-birinə hücum etdikdə və ya basqından müdafiə olunduqda xırda toqquşmalar, azacıq qan axıdılması və ya az sayda ölümlə başa çatan vuruşlar baş verirdi. İbtidai insan qənimət kimi əldə etdiyi əsirləri yeyirdi və bir sıra tayfalarda kannibalizm geniş yayılmışdı. Son vaxtlara qədər Sakit okeandakı Solomon adalarında kannibalizmin mövcud olmasını insan kəllələrindən düzəldilmiş xırda təpələr təsdiq edir. Karfagenin məşhur sərkərdəsi Hannibalın adından götürülmüş bu cinayət əməlində isə onun əsgərlərinin heç bir təqsiri yox idi, romalılar ona qarşı nifrəti qızışdırmaq üçün bu əsassız ittihamı ortaya atmışdılar.

Dövlətlər yarandıqdan sonra isə onlar yeni ərazilər işğal etmək, bundan böyük fayda götürmək və ya iqtisadi rəqiblərini məhv etmək üçün müharibə vasitəsinə, “ölüm maşınını” işlətməyə əl atırdılar. Homerin qələmə aldığı “İliada” əsərində yunanların Avropadan Kiçik Asiyaya keçərək varlı bir şəhər olan İlionla və ya Troya ilə on il ərzində müharibə aparması, bu şəhər-dövlətin məhv edilməsi və tarixdən birdəfəlik silinməsi ilə nəticələndi. Elə həmin dövrlərdə, bizim erandan əvvəl XIII əsrdə Misir faraonu II Ramzes Suriyadakı Orant çayının üstündəki  Kadeşdə hetlərlə bir neçə il qanlı müharibə aparsa da, heç nəyə nail olmamış, həmişəlik sülh barədə saziş bağlamışdı.

Qədim şəhər sivilizasiyasının ilk beşiyi olan (bizim eradan əvvəl VI minillikdə) Mesopotamiyada aparılan müharibələr ilk imperiyaların yaranmasına səbəb olmuşdu. Bibliyada Assuriyanın Yerusəlimə qarşı müharibəsi xüsusi qeyd edilir. B.e.ə. VII əsrin əvvəllərində isə Yeni Babilistan çarı Nabuhadanossor qiyam qaldıran yerusəlimliləri əsir kimi Babilə sürgün etmişdi. Bibliyanın “Ağılar” kitabı Babil əsirliyinin dəhşətlərindən söhbət açır.

B.e.ə. II əsrdə (b.e.ə. 146-cı il) romalılar Üçüncü Puniya müharibəsində Karfageni işğal etdikdə, şəhəri məhv etməklə, onu Troyanın acı taleyini yaşamağa sövq etmişdi.

Ümumiyyətlə, savadlı sivilizasiyalarda təkamül nəticəsində müharibənin sayı və sərtliyi artdı. İlk şəhərlərin meydana gəlməsindən sonra həm də ilk professional ordular yarandı. Onlar tədricən həcmcə böyüdülər, özü də həm mütləq qaydada, həm də əhalinin ümumi sayına nisbətdə.

Müharibə texnikaları da daha çox təkmilləşirdi. Müharibələr coğrafi cəhətdən daha  geniş yayılanda, savaşla sülh arasındakı aydın fərq böyüdü. Müharibələr əsasən ərazi tutmaq, öz torpaqlarını qoruyub saxlamaq üçün aparılırdı.

XV və XVI əsrlərdə texnoloji ixtiralar, xüsusən partlayıcı maddələrin inkişafı və sonralar metaldan istifadə edilmənin yaxşılaşdırılması silah texnikalarını da xeyli irəli apardı. Müharibə elə bil ki, tsiklik xarakter daşıyırdı, hər 50 ildən bir öz zirvəsinə çatırdı.

Ordular daim həcmcə böyüyürdü və muzdlu qüvvələrdən istifadə edildiyi dövrə nisbətən üç dəfə böyük tərkibə malik idi. Napoleon 200 minlik ordusu ilə döyüşə girdiyi halda, bir dəfə 1 milyon nəfərə qədər adamı səfərbərliyə almışdı, bu da Fransa əhalisinin beş faizinə bərabər idi. XIX əsrdə Avropa ölkələrində əhalinin hər min nəfərindən orta hesabla 5 nəfəri orduya cəlb edilirdi.

Əhalinin sayının artması ilə birlikdə ordunun da tərkibi böyüyürdü. Hərbi xərclər dövlətin ümumi büdcəsinin üçdə birinə bərabər olurdu. XX əsrin ikinci yarısında hərbi məqsədlərə xərclənən vəsaitlə müqayisədə təhsilə 1,5 dəfə, səhiyyəyə isə 3 dəfə az pul xərclənmişdi.

Müharibələr həm də insan həyatı hesabına çox baha başa gəlirdi. XX əsrdəki iki dünya müharibəsində 60 milyon nəfər adam ölmüşdü. Nüvə silahı ilə aparılan müharibə isə daha ağır nəticələrə səbəb ola bilər.

Müharibədə ən çox uduzan isə xalqdır, çünki ağır itkilər də, ehtiyac girdabında boğulmaq da, aclıqdan əziyyət çəkmək də məhz onun payına düşür. Böyük Fransa inqilabının görkəmli xadimi Jan-Pol Marat, özünün qətlə yetirilməsindən bir il əvvəl, 1792-ci ildə “Quldarlığın zəncirləri” əsərində yazmışdı ki, bu növdən olan müharibələrdə (təcavüzkar, qeyri-müdafiə tipli - müəllif)  hər şey xalqın əleyhinədir. Əgər ordu tar-mar edilmişdirsə,  döyüş meydanındakı birinci itkilər bədbəxtliklərin ən azıdır. Digər daha qorxulu bədbəxtliklər ruhu iflasa uğratmaqda, ölkəni gücdən salmaqda gecikmirlər, rəhbərlərin ona vurmağa tələsdiyi daha dəhşətli zərbələrə qoşulurlar”.

Ona görə də təcavüzkar müharibəni başlayanların günahı ölçüyə sığmazdır. Unutmaq olmaz ki, müharibə və despotizm bir-birinə kömək edir.

(Ardı var)

 





19.06.2018    çap et  çap et