525.Az

Özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum


 

Özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Anar Əliyev və "Regional İnkişaf" İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.

A.Əliyev bildirib ki, imzalanan sənəd prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. O deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələri ilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinə, onların qayğı mühiti ilə əhatə olunmasına mühüm töhfələrini verir.

A.Əliyevin sözlərinə görə, imzalanan Memoranduma əsasən, Fondun "Regional İnkişaf" İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq həyata keçirməklə, intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verəcək. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Proqramın icrasında əməkdaşlığa dair imzalanan Memorandumu digər ictimai təşkilatlar, biznes qurumları üçün bu sahədə birgə fəaliyyətə təşviq baxımından bir nümunə kimi də dəyərləndirmək olar. Nazirlik özünüməşğulluq proqramının icrası və genişləndirilməsi işlərində digər tərəfləri də əməkdaşlığa, birgə fəaliyyətə dəvət edir və buna hazırdır.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB-nin sədri Məhəmməd Abdullayev vurğulayıb ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün Fond tərəfindən ardıcıl və əhatəli layihələr, proqramlar həyata keçirilir.

Qeyd edək ki, Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, "Regional İnkişaf" İB tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək.

S.QARAYEVA

 





17.07.2018    çap et  çap et