525.Az

Müasir gömrüyün inkişafı və perspektivləri


 

Müasir gömrüyün inkişafı və perspektivləri<b style="color:red"></b>

Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin qarantı olan gömrük xidməti müasir dünyanın ildən-ilə qloballaşan və şaxələnən çağırışlarına cavab verən ən etibarlı keşikçidir.

Təsadüfi deyil ki, ölkədə  həyata keçirilən uğurlu iqtisadi strategiyanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrüyü dövlətçilik təməlinin möhkəmləndirilməsində önəmli mövqeyə malikdir. Məhz sərhəddən başlayaraq gömrük xidməti Azərbaycanın quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyaraq qaçaqmalçılıq və digər iqtisadi cinayətkarlıqla barışmaz mübarizə aparır, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.  Bu bir danılmaz faktdır ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter alıb. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasəti ilə də bilavasitə bağlıdır. "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı.

Dövlət Gömrük Komitəsi müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. 1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında Azərbaycanda hökm sürmüş mürəkkəb şəraitdə zəruri hüquqi-normativ bazaya malik və normal gömrük sisteminin formalaşdırılması mümkün ola bilməzdi. Gömrük orqanları qarşısında duran vəzifələr, demək olar, icra edilmir, neqativ hallar baş alıb gedirdi.

Həmin şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yaradılması və əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq və yerli iqtisadiyyatı möhkəmlətmək üçün imkan yaratdı, eləcə də bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş oldu.

1991-1993-cü illərdə ölkənin ictimai-siyasi həyatındakı qeyri-sabit vəziyyətə Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə son qoyuldu. Məhz onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən geniş miqyaslı islahatlar həyata keçirildi.

1995-ci il yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin  təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi.

Heydər Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə, 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci il dönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhliledərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi. Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-nun gömrük əməkdaşlarının peşə bayramı günü elan edilməsidə Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin əyani nümunəsidir.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib ki,  Azərbaycan gömrük xidmətinin formalaşmasında və qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu var. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində gömrük orqanları ölkəmizin ən mühüm dövlət təsisatlarından biri kimi formalaşıb. Ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan davamlı iqtisadi inkişaf strategiyasına uyğun olaraq, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidməti hazırda ölkənin ən dinamik inkişaf edən qurumlarından biridir".

Nazir vurğulayıb ki, 26 il əvvəl yaranmasına baxmayaraq, beynəlxalq gömrük ailəsində özünə layiqli yer tutan, fəaliyyəti nəinki regional, hətta beynəlxalq səviyyədə təqdirlə qarşılanan Azərbaycan Gömrük Xidmətinin uğurlarının ən başlıca səbəblərindən biri də ixtisaslı gənc kadrların seçilməsi, kadr siyasətinin günün tələbləri səviyyəsində qurulmasıdır: "Dövlət başçısının bütün sahələrdə olduğu kimi, gömrük orqanlarında həyata keçirdiyi mütərəqqi islahatlardan biri də savadlı və bacarıqlı gənc kadrların işlə təmin olunması, onların potensialından maksimum dərəcədə istifadə edilməsidir. Prezident İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan gömrük orqanlarının kadrların seçilməsi prosesində daim şəffaflığa xüsusi önəm verib".

Nazirin sözlərinə görə, son dövrlər gömrük sistemində aparılan islahatlar nəticəsində gömrük infrastrukturu modernləşdirilib, dövlət büdcəsinin gəlirləri artıb, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirləri daha geniş tətbiq edilib, gömrük sistemində avtomatlaşdırılmış idarəetmə və informasiya texnologiyaları tam tətbiq edilib, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyi  artırılıb, gömrük tarif siyasəti təkmilləşdirilib və inkişaf etdirilib, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Həmçinin ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolu artırılıb, gömrük tənzimlənmə vasitələri beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşdırılıb, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsində  əlverişli şərait yaradılıb.

Prezident İlham Əliyev gömrük xidmətini daim diqqətdə saxlayır və hər bir gömrükçü dövlətin qayğısını hiss edir. Bu gün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri xeyli yüksəlib.

Azərbaycan Gömrük Xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır.

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 618 mln. 996,90 min manat daxil olub. Gömrük daxilolmaları ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 447 mln. 770,39 min manat və ya 38,23% artıb. Ötən 6 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 412 mln. 167,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 114 mln. 300 min manat, aksizlər üzrə 75 mln. 257,20 min manat, yol vergisi üzrə isə 17 mln. 271,90 manat təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur. Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur. Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 662 mln. 427,05 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 3 mlrd. 393 mln. 678 min dollar və ya 64,41% çoxdur. Nəticədə 4 mlrd. 2 mln. 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15 dəfə artım deməkdir.

Gömrük Xidmətinin missiyası mövcud qanuvericiliyin tələblərinə uyğun olaraq, ölkənin suverenliyini, iqtisadi və milli təhlükəsizliyini, habelə ölkə əhalisinin sağlamlığını qorumaqdan, beynəlxalq aləmdə mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnməklə xalqımızın sosial rifahının yüksəldməkdir. Beynəlxalq ticarətin asanlaşdırılmasından, eyni zamanda, təhlükəsizliyin təmin olunmasından, məmur-vətəndaş təmasının minimuma endirilməsindən, gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsindən, elecə də gömrük sahəsində hüquqpozmalara və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqdan ibarətdir. Xidmət bu missiyanı uğurla yerinə yetirir.

Son illərdə də  gömrük sistemində aparılan islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması istiqamətində məqsədyönlü işlər görülüb. Qısa zamanda "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunub, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan tədbirlər həyata keçirilib. Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdə davam edir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri də xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır. Qətiyyətlə demək olar ki, Azərbaycan gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasını təmin edib.

Sevinc QARAYEVA

Yazı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur

 





17.07.2018    çap et  çap et