525.Az

Gəncə sınağı: Məkrli planlar necə məhv oldu?


 

Gəncə sınağı: <b style="color:red">Məkrli planlar necə məhv oldu?</b>

Gəncə şəhərində baş vermiş hadisələr, iki polis zabitinin qətlə yetirilməsi cəmiyyət tərəfindən böyük nifrət və qınaqla qarşılandı. İnsanlar yekdil şəkildə iğtişaşa cəhd edənlərin, cinayət törədənlərin ölkə qanunları ilə layiqli cəza almalarını tələb edirlər.
 
Gəncədə baş verənlər onu deməyə əsas verdi ki, ölkəmizin inkişafını, hökm sürən sabitliyi gözü götürməyənlər var və onlar istənilən vasitələrdən istifadə edərək gərginlik, qarşıdurma  yaratmaq niyyətindədirlər. Öz çirkin əməllərini həyata keçirmək üçün  Gəncənin seçilməsi də təsadüfi deyil. Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, tarixi bir məkandır, mədəniyyətimizin beşiyidir. Bu gün isə surətli inkişafı, gözəlliyi ilə seçilir.

Gəncə hadisələri birmənalı olaraq Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına sui-qəsddir və bunun arxasında xarici qüvvələrin dayanması da istisna deyil. Burada başqa bir məqam isə xaricdən idarə olunan bəzi saytların, həmçinin, ayrı-ayrı ölkələrə sığınıb sosial şəbəkələrdə ölkəmiz əleyhinə qaralama kampaniyası aparan şəxslərdir. Məsələnin bu tərəfi də ciddi araşdırma tələb edir və artıq hüquq-mühafizə orqanları tərəfindən istintaq işlərinə başlanılıb.

Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə bildirib ki, ölkəmizə qarşı müxtəlif təxribatlardan, vasitələrdən istifadə edərək kampaniya aparmağa cəhd göstərən dairələr var. Bu, xarici media vasitələrində Azərbaycana qarşı provokativ və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatların yerləşdirilməsində özünü göstərir.

Məlumat üçün bildirək ki, iyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həbs edilən Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilən digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı münasibətini açıqlayan politoloq Arzu Nağıyev deyib ki, Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrdən biridir və təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. O bildirib ki, Azərbaycan milli və dövlət təhlükəsizliyinə təhdidin qarşısının alınması üçün çox mühüm tədbirlər həyata keçirir: "Gəncədə baş verən son hadisələr də onu göstərir ki, hüquq-mühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir".  Ekspert ölkədə sakitliyin bərqərar olması üçün Gəncədə iğtişaş törədən terrorçuların zərərsizləşdirilməsini çox vacib sayıb. Bütün Azərbaycan xalqının Gəncədəki cinayətkarlara qarşı öz nifrətini ifadə etdiyini qeyd edən A.Nağıyev əlavə edib ki, prezident İlham Əliyev respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda hər hansı bir milli təhlükəsizliyə, dövlət təhlükəsizliyinə qarşı olan təhdidin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının müstəsna rolu olduğunu xatırladıb: "Təbii ki, hər bir məsələdə müəyyən çətinliklər olur. Lakin hüquq-mühafizə orqanları bu çətinlikləri aradan qaldırmağa tam qadirdir. Bu gün hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşları ilə birlikdə onların konstitusion hüquqlarının qorunması üçün hüquqi normalar daxilində lazım olan addımları atır. Məhz buna görə də prezident bunu qeyd edərək bildirir ki, hüquq-mühafizə orqanları bizi qorxutmağa cəhd edən, adını terrorçu qoyan müəyyən qüvvələrin qarşısını məharətlə və hüquqi çərçivədə aldı. Əminliklə deyə bilərik ki, hüquq-mühafizə orqanları belə bir çətin əməliyyat şəraitində özünü müsbət tərəfdən göstərdi".

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev isə deyib ki, qurum tərəfindən Gəncədəki qəsd və terror hadisəsi ilə bağlı bəyanat yayılıb: "Bəyanatda açıq-aşkar qeyd olunur ki, bu məsələ dini məsələ deyil. Əlbəttə ki, bu törədilənləri dinlə bağlamaq olmaz. Bu, məqsədyönümlü şəkildə törədilib. Əgər bunu himayə edənləri axtarsalar, məlum olar ki, hadisələr xaricdə və daxildə olan bir çox qüvvələrin marağındadır. Niyə bu olaylara dini ad verilir? Çünki din müqəddəslikdir. Onlar bunu dini müqəddəsliyə ona görə yönəldirlər ki, həssas insanlar müqəddəs sahədə çox inanclı olurlar və ona görə də tez bu sahələrə meyillənsinlər. Bununla da narahatçılıqlar baş versin, Azərbaycanda sabitlik, rifah pozulsun. Onlar Azərbaycanın inkişafına zərbə vurmaq istəyənlərdir. Buna din adının verilməsini rədd edirik. Çünki hadisənin dinlə heç bir bağlılığı yoxdur. O qüvvələr ki, çalışırlar Azərbaycanda sabitliyi və sakitliyi pozsunlar buna nail ola bilməyəcəklər. Nə üçün? Çünki Azərbaycan dövlətçiliyi var və dövlətçilik möhkəm təməllər üzərində qurulub. Biz əvvəllər də belə imtahanlardan keçmişik. Allah dünyasını dəyişən şəhidlərimizə rəhmət eləsin".

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, prezidentin söylədiyi kimi, xaricdən ölkəmizi tutduğu mövqedən çəkindirməyə çalışan qüvvələr var ki, həmin qüvvələr fürsət düşən kimi Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. O deyib ki, ölkəmizə qarşı yönələn qüvvələrin fəaliyyətləri yeni başlamayıb: "Xeyli müddətdir ki, fəaliyyət göstərən bu qara qüvvələrin məqsədi Azərbaycanda sabitliyi pozmaq, dövlətçiliyimizi, iqtidarı zəiflətmək, xalqla birliyini qırmaqdır. Təəssüf ki, bu cür siyasət artıq 10 ildən çoxdur ki, Azərbaycana qarşı davam edir. Lakin son hadisələr onların daha da aktivləşməsinə səbəb olub". M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanı istəməyən bu qüvvələr Gəncə hadisələri zamanı əhalini itaətsizliyə çağıraraq, proseslərin guya icra başçısına, sosial problemlərə yönəldiyini göstərməyə çalışdılar: "Amma təhlillər göstərdi ki, burada məsələ təkcə Gəncə və onun icra başçısında deyil. Onların məqsədi ümumi Azərbaycanda çaxnaşma yaratmaqdır. Bu qüvvələr İraqda, Suriyada həyata keçirdikləri iğtişaşları Azərbaycana daşımaq istəyirlər. Buna görə də onlar sosial şəbəkələrdən, internet resurslarından ciddi şəkildə istifadə edirlər". MŞ-nın sədr müavini qeyd edib ki, bu cəhdlər əbəsdir: "Çünki Azərbaycan cəmiyyəti ayıq olmaqla yanaşı, həmin qüvvələrə lazımi cavab verir".

M. Ələsgərli vurğulayıb ki, müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyasında iştirak edən saytlara qarşı mübarizə aparmağın iki effektiv yolu var: "Birincisi, əhaliyə, ictimaiyyətə düzgün məlumat verməkdir. Bunu hökumət və dövlət, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutları, vaxtaşırı əhaliyə müraciət edib, onları ayıq olmağa çağırır, hansı informasiyaların təxribat xarakter daşıdığını aydınlaşdırırlar. İkinci effektiv yol bu cür saytlar haqqında inzibati ölçü götürməkdir. Azərbaycanda 2017-ci ildə əsaslı şəkildə yenilənən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun var. Həmin qanun bu cür saytlara qarşı bloklama da daxil olmaqla əsaslı tədbirlər görməyə imkan verir. Eyni zamanda, beynəlxalq konvensiyalar var ki, onlar da bu cür saytlara inzibati hüquqi ölçü götürmək imkanı verir. Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi xüsusi olaraq bu cür hallarda dövlət və hökumətə, konstitusiya quruluşuna qarşı yönələn addımlarla bağlı inzibati tədbirlər görməsinə imkan verir. Hesab edirəm ki, bütün qanunvericilik aktlarından istifadə etməklə bu saytlara qarşı lazımi tədbirlər görüləcək".

“İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovun sözlərinə görə, Gəncə şəhərində baş verən hadisələrin kökündə Azərbaycanı, onun inkişafını gözügötürməzlik dayanır: "Görünən odur ki, Ermənistanla yanaşı, bəzi ölkələr də Azərbaycanda sabitliyi pozmağa çalışır. Birlik sədrinin sözlərinə görə, bu, Azərbaycan dövlətinə, xalqına qarşı törədilmiş terrordur: "Sosial şəbəkələr vasitəsilə lazımsız çağırışların olması da bu təxribatın bir qoludur. İnsanlara psixoloji təsir edərək parçalanma yaratmaqdır əsas məqsəd. Lakin Azərbaycan gənci vətəninin keşiyində mərd dayanan oğulları kimi, informasiya müharibəsində də mübarizə aparır, öz mövqeyini səsləndirir və Vətən, birlik sevgisini göstərib, vətəndaşlıq borcunu, vəzifəsini yerinə yetirir. Bir qrup şəxs xarici qüvvələrə inanır və o xarici qüvvələr də söyləmək nə qədər acınacaqlı olsa da, onları idarə edir və özləri kənarda qalır". O deyib ki, xalqımız və ən əsası gənclərimiz imkan verməyəcək ki, kənar qüvvələr ölkəmizə müdaxilə etsin: "Vətəndaşlarımız və dövlətimizin əsas amalı Azərbaycan müstəqilliyinin qorunması və möhkəmləndiriməsidir".

PƏRVANƏ

 





18.07.2018    çap et  çap et