525.Az

Azərbaycanın Avropa və NATO üçün önəmli tərəfdaş olması bir daha təsdiqləndi


 

Azərbaycanın Avropa və NATO üçün önəmli tərəfdaş olması bir daha təsdiqləndi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər ölkəmizlə Avropa İttifaqı və Qərb arasında əməkdaşlığın inkişafında, genişlənməsində yeni bir mərhələnin əsasını qoydu.
 
Səfərin nəticələri təhlil edilərkən onun bütün mənalarda Azərbaycan üçün uğurlu olduğu aydın görünür. Bu səfər Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına mühüm təkan vermiş oldu. Səfərin mühüm nəticələrindən biri Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" adlı sənədin razılaşdırılmasıdır ki, burada qarşıdakı dövr üçün tərəflər arasında əməkdaşlığın prioritet istiqamətlərilə bərabər, Aİ ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına münasibətdə qəti və birmənalı dəstək ifadə etdi.

Qeyd edildiyi kimi, dövlət başçısı Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə də iştirak edib. Bu sammit çərçivəsində NATO-nun yekun bəyannaməsi qəbul olunub ki, həmin sənəddə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz bu prinsiplər əsasında həll edilməsinə münasibətdə ciddi mövqe əksini tapıb.

Dünən Brüsseldə Avropa İttifaqı Şurasının iclasının yekunlarına dair keçirilən mətbuat konfransında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bir daha qurumun "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünə dair qəti mövqeyi olduğunu vurğulayıb. Mogerini bildirib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"  ölkələrinin ərazi bütövlüyü və süverenliyinə dair konsolidasiya edilmiş qəti mövqeyi var: "Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində hər altı tərəfdaş ölkə ilə münasibətlərində aşkar irəliləyişi görür. Biz hər bir ölkə ilə 2020-ci ilədək konkret 20 layihənin icrası çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsi üçün sıx əməkdaşlıq edirik".

Xüsusilə, F.Moqerini qeyd edib ki, Aİ və Azərbaycan ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə tərəfdaşlığın prioritetlərini paraflayıb.

Bu yerdə xatırlatmaq lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Brüsseldə səfərdə olub, sammitdə iştirak edib, amma o, ölkəsinə məyus halda və əliboş qayıdıb. Belə ki, Azərbaycana və onun liderinə olan münasibət, yekun sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, severenliyinə, sərhədlərinin toxunulmazlığına dəstəyin ifadə olunması dilənçi xislətli Paşinyanı pərişan etdi. Paşinyan düşünürdü ki, onu "qəhrəman",  "inqilabın" lideri kimi qarşılayacaqlar. Lakin onun mayın 8-dən bu yana, yəni baş nazir seçiləndən heç bir ciddi islahata nail olmadığı, ümumiyyətlə,  təqdim etdiyi proqramında əsaslı islahatların, təkliflərin olmaması göz önündədir. Ona görə də Aİ-dən, Qərbdən ciddi dəstək almaq arzusu  da gözündə qaldı.

Belə ki, Paşinyan Brüsselə ermənilərə xas olan dilənçilik siyasəti ilə getmişdi. O, ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki, nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. Görünən isə budur ki, islahatlar baş verməyəcək, çünki buna nə Paşinyanın siyasi, nə də idarəçilik  təcrübəsi imkan verir.

Politoloq  İlqar Vəlizadə Brüssel səfərini şərh edib və bu səfərin Azərbaycan üçün çox məhsuldar, səmərəli olduğunu deyib. Onun sözlərinə görə, NATO Azərbaycanı Xəzər regionunda, eləcə də geniş regional kontekstdə əsas tərəfdaşı kimi görür. Brüsseldə imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədini Azərbaycanla Brüssel arasında əməkdaşlığın yol xəritəsi adlandırmaq olar.  Politoloqun fikrincə, Bakı Əfqanıstanda problemlərinin həllində mühüm rol oynayır və bu, NATO tərəfindən yüksək qiymətləndirilir: "Prezident İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasının iclasında çıxışı, eləcə də Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşü onu deməyə əsas verir ki, Azərbaycan və NATO münasibətləri qarşılıqlı dərin maraqlar əsasında genişlənir". Nümunə kimi  İ.Vəlizadə Azərbaycanın tranzit və nəqliyyat sistemi olan "Lazurit dəhlizi"ndə iştirakını  qeyd edib. Ekspert bildirib ki, layihəyə  beş ölkə - Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə qoşulub. Avtomobil və dəmir yollarının, multimodal dəniz və quru limanların daxil olduğu bu layihənin təşəbbüsü  2012-ci ildə irəli sürülüb. Azərbaycan layihədə qərb marşrutunun həyata keçirilməsini təmin edir və buna görə də ölkəmizin burada rolu müstəsnadır. Ekspertin sözlərinə görə, Əfqanıstan kontekstində hərbi təchizat və kommunikasiyalar ən çox müzakirə olunur, "Lazurit dəhlizi" isə həqiqətən humanitar funksiya daşıyır: "Bu dəhliz vasitəsilə Əfqanıstan müxtəlif məhsulların ölkəyə fasiləsiz idxalını, habelə öz mallarını qərbə ixrac etmək imkanını təmin edə bilər".

Millət vəkili Azər Badamov isə hesab edir ki, prezidentin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qətrb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Deputatın sözlərinə görə, son vaxtlar Azərbaycanın Avropaya inteqrasiyası prosesi sürətlənib: "Yəni bu onu deməyə imkan verir ki, Avropa İttifaqı Azərbaycanı dəstəkləyir və ölkəmizin ərazi bütövlüyünün təyin olunmasının tərəfdarıdır. Bir neçə gün bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi bunu deməyə əsas verir. O sənəddəki müddəalar Azərbaycanın həm iqtisadi, siyasi, həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Prezidentin Brüsselə səfəri çərçivəsində NATO-da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ermənistanın işğalçı dövlət olması ilə əlaqədar çıxışı olub. Həm NATO iştirakçılarının, həm də Avropa İttifaqının Azərbaycanı dəstəkləməsi bir daha onu göstərir ki, ölkəmiz bu gün dünya üçün əhəmiyyətli bir faktordur. Düşünürəm ki, belə dəstək bir daha bizə öz haqq səsimizin təmin olunması üçün həm stimuldur, həm də beynəlxalq dəstəkdir".

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova isə mətbuata açıqlamasında prezident İlham Əliyevin Brüsselə səfərinin olduqca məhsuldar keçdiyini vurğulayıb. O bildirib ki, dövlət başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə Azərbaycanla Aİ arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Görüşdən sonra "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanma mərasimi oldu: "Burada əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı".

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasını xüsusi qeyd edən ekspertin sözlərinə görə, burada diqqətçəkən başlıca məqam ondan ibarətdir ki, Avropa İttifaqının bundan əvvəl keçirilən "Şərq Tərəfdaşlığı" sammitində olduğu kimi münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bir daha vurğulandı: "Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həlli ilə bağlı iddialarının əsassız olduğunu bir daha təsdiq etdi. Bu da səbəbsiz deyil. Məlum olduğu kimi, Avropanın özü də separatçılıqdan əziyyət çəkir. Dediklərimizə misal olaraq İspaniyanın Kataloniya bölgəsində baş verən son hadisələri qeyd edə bilərik. Yəni Avropa özü də separatizmi görəndən sonra onun necə təhlükəli, dağıdıcı olduğunu başa düşdü".

Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Paşinyanla görüşünə də diqqət çəkən N. Məmmədova bildirib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatını dəyişmək cəhdi Avropa İttifaqında da narazılıq doğurub: "Heç kəsə sirr deyil ki, Paşinyan hakimiyyətə gələndən sonra sülh danışıqlarında Dağlıq Qarabağın erməni icmasının da iştirakına can atırdı. Mogerini isə danışıqların əvvəlki formatda davam etdirilməsinin məqbul olduğunu söyləməklə Paşinyanın arzusunu ürəyində qoydu. Bunu bir növ irad kimi də başa düşmək olar. Çünki görünən odur ki, Paşinyanın məsələyə bu cür, qeyri-konstruktiv yanaşması Avropa İttifaqında da narazılıq doğurub". Ekspert bildirib ki, bu səfər Avropa İttifaqına üzv ölkələrinin Azərbaycana daha önəmli tərəfdaş gözü ilə baxdıqlarını bir daha sübut etdi: "Ermənistan yalnız geosiyasi mövqeyinə görə Avropanı diqqətini cəlb edirsə, Azərbaycan geosiyasi mövqeyi ilə yanaşı, Avropaya verdiyi töhfələrə görə böyük əhəmiyyət kəsb edir. Hər kəsə yaxşı məlumdur ki, bu gün Azərbaycan Avropanın bir çox layihələrində yaxından iştirak edir, Çinlə Avropa ölkələrini birləşdirən Böyük İpək Yolunun mühüm bir hissəsidir və nəhayət, Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv rol oynayır. Bütün bunlar Avropanı Ermənistanla müqayisədə Azərbaycana daha üstün bir trəfdaş kimi baxmağa vadar edir".

PƏRVANƏ

 





18.07.2018    çap et  çap et