525.Az

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası


 

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası <b style="color:red"></b>

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

İclasda çıxış edən iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev deyib ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rezidentin 2018-ci ilin ilk 6 ayının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Belə ki, bu dövrdə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6%, bitkiçilik 14%-dən çox, yükdaşımalar 1%, informasiya və rabitə xidmətləri 4,9%, pərakəndə ticarət dövriyyəsi 2,5% artıb.  2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47% icra olunub, dövlət büdcəsinin gəlirləri 27%, xərcləri 16% artıb.

Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3% artıb, inflyasiya 3% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən, qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir.

Ş.Mustafayev vurğulayıb ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.

Onun sözlərinə görə, Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub: "Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış "Xəzər" avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaqdır".

O bildirib ki, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilir. İndiyədək 15 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib və 2018-ci ilin birinci yarısında sahibkarlara 2,2 mln. manat, indiyədək isə 5,3 mln. manat ixrac təşviqi ödənilib.

Ş.Mustafayev qeyd edib ki, prezidentin  tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına diqqət daha da artırılacaq, səhiyyə və təhsil obyektlərinin tikintisi, əsaslı təmiri və ya yenidənqurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. İclasda Dövlət İnvestisya Proqramında nəzərdə tutulan layihələrin icrası üzrə monitorinqlərin intensivliyinin artırılması, mütəmadi təhlillərin aparılması barədə tapşırıqlar verilib.

S.QARAYEVA

 





18.07.2018    çap et  çap et