525.Az

Mərkəzi Elmi Kitabxanada Mətbuat Günü ilə əlaqədar tədbir


 

Mərkəzi Elmi Kitabxanada Mətbuat Günü ilə əlaqədar tədbir <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blouna töhfəsi" adlı tədbir keçirilib. 

APA-nın məlumatına görə, MEK direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, qələm azadlığı arzu edib. 

L. İmanova MEK-in milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsini, "təhlükəsiz informasiya" prinsiplərinin formalaşdırılmasını, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsini, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılmasını təklif edib. Eyni zamanda KİV-lərlə birgə təlimlərin keçirilməsini məqbul sayıb. L. İmanova MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsindən də bəhs edib.    

"AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı təqdimata dair MEK əməkdaşlarının çıxışından sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən, müasir durumundan bəhs edib. M. Ələsgərli media və MEK-in əməkdaşlığının önəmli olduğunu söyləyib. Sonra MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib. 

Tədbirin sonunda MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-in media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsini elan edib. Bu, MEK-in 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüsüdür. MEK Azərbaycan dövlətçiliyinin maraqları baxımından strateji hədəf olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini təbliğ edən, mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Ənənə xarakteri daşıyacaq layihənin ilk mərhələsi 2018-ci il 1 sentyabr - 30 noyabr tarixini əhatə edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaq.

 





18.07.2018    çap et  çap et