525.Az

Siyasi fırtınalara barbarlığın təsiri - (XIX əsr Argentinasının timsalında)


 

Siyasi fırtınalara barbarlığın təsiri - <b style="color:red">(XIX əsr Argentinasının timsalında)</b>

Pampanın şəhər üzərində qələbəsi nəticəsində rollar dəyişildi, qauço ponçodan çıxıb mundir geyinməyə başladı. İstiqlaliyyət uğrunda müharibənin əsgəri isə ponçoya keçdi. Birinci qalib olmaqla, ikinnci məhv olurdu.

O dövrdə hər bir argentinalıda pampa ruhu var idi. Frakın ətəyini azacıq qaldırsan, onun altından qauço görünəcəkdi. Qauço çox və ya az şəkildə sivilizasiyalansa da, yenə də qauço olaraq qalırdı.

Lakin Fakundo epopeyası uzun müddət davam edə bilməzdi, onu daha güclü barbar məhv etməli idi. Ölkəni uzun müddət oda yaxan bu alov, nəhayət, söndü. Argentinalılar uzun müddət gözlədikləri günə qovuşduqlarını güman etməklə, yenə də səhvə yol vermişdilər. Onlar ümid edirdilər ki, torpağı suvaran qan quruyacaq, dərddən axıdılan göz yaşları yaddan çıxacaqdır.

Fakundo kimi yırtıcının qələbələrinin nəticəsi idarəetmə prinsiplərinin kobud surətdə pozulması, məhv edilməsi oldu. Onun adı ilə qanunçuluq, azadlıq və şəhər ruhu kökündən çıxarılıb atıldı.  Əyalətlərin bütün kaudilyolarını təkbaşına əvəz etdi. Nəhayət, Fakundo Kiroqanın da sonu çatdı. Ona tələ quruldu, lakin o, bu xəbərə də məhəl qoymadı. Gecə yarısı həyəcan və narahatlıq daha da artdı. Kiroqanı oyadıb, onu dəhşətli xəbəri çatdırdılar, lakin onu müşayiət etməyəcəklərini bildirdilər. Fakundo bu sözlərə söyüşlə cavab verdi. Səhər tezdən onlar bəla vəd edən yerə gəlib çatdıqda, əsgərlər yalın qılıncla hücum edib, bir neçə nəfəri öldürdülər. Bu vaxt onlar Fakundonun arabada oturduğunu gördülər. O, komandirin kim olduğunu soruşub, ona yaxınlaşmasını əmr etdi. “Bütün bunlar nə deməkdir?!” deyə soruşan Fakundoya cavab əvəzinə, onun gözünü hədəf seçən atəş açıldı və bəd qauço ölümcül vəziyyətdə yerə yıxıldı. Bu hadisə 16 fevral 1835-ci ildə Barranko-Yakoda baş vermişdi.

Əsgərlər dəstəsinin başçısı qəddarlıqda Fakundodan heç də geri qalmırdı, axı o da Kordobadan olan bəd qauço idi. Sonra o, serjantın arabadakı uşağın qohumu olduğunu bildikdə, onu da öldürdü, uşağı isə yerə çırpıb, başını kəsdi. Barbarlıq öz qaydalarını nümayiş etdirməkdən qalmırdı.

Fakundo özü çox qaniçən olmuşdu. İndi o, layiqli cavabını almışdı. O, bircə dəfə 20 nəfər zabiti güllələdiyinə görə kor vicdanının ona daim əzab verdiyini söyləmişdi.

Fakundonun qatili də çoxlu cinayətlər törətmişdi, onun özünü də bir gecə Kordobada tutdular. O, evində gizləndiyi məşuqəsini döymüşdü, yatandan sonra, bu qadın onun tapançasını və qılıncını götürüb, küçəyə qaçmış, patrul çağırmışdı. Zabiti Buenos-Ayresə gətirəndə, camaat onu adı ilə adlandırıb, “Santos Peresə ölüm!” deyə qışqırırdı. Onu da asdılar. Buenos-Ayres hakimiyyəti biganə qalmayıb, Fakundonun digər qatillərini də edam etdi. Fakundonun qanla dolu olan bədnam epopeyası, beləliklə, başa çatdı.

Fakundo qauçoların simvolu idi, bəd qauço idi. Bəd qauço isə sosial izqoydur, adam öldürdüyünə görə hakimiyyətdən daim gizlənir. Onun peşəsi quldurluqdur. Qauço laqeyd şəkildə öldürür və ölümü də laqeyd qaydada seyr edir.

“Qauço” ispan sözüdür. İspaniyada həmin sözlə avaraları və kənd oğrularını adlandırırdılar. İspan sözü olan “qauço” “beli bükülmüş, əyilmiş” mənasını verir, məcazi mənada “vicdansız”, “pis işlərə meylli” deməkdir. Qauço qarışıq mənşəli etnik adamlar olmaqla Argentina pampasının maldar əhalisidir.

Argentinada XIX əsrin əvvəllərində iri element metislər idi. Metislərin çoxu qaramal saxlamaqla dolanırdı, sonra onlardan qauçolar törəndi. Sonralar qauço Birləşmiş Ştatların qərbindəki kovboylar kimi, faktiki olaraq öz mövcudluqlarını kəsdilər.  

Unitarilərin idarəçiliyi. Rosas diktaturası 

Hakimiyyət düşkünləri öz məqsədlərinə çatmaq üçün hər cür vasitələrə, cinayətlərə əl atır, dəridən-qabıqdan çıxmaqla öz istədiklərinə nail olur və qanuna məhəl qoymadan hökmranlıq edirlər. Fransız şairi Lamartin belə eybəcər adamlar barədə yazırdı: “Belə hökmranlığa can atanın yolunda dayananlara dərd olsun! Həmin vəhşi heyvan nə qədər ki, qurbanı son nəfəsini vermir, onu buraxmayacaqdır. Bu zəli tamamilə doymayana qədər bədəndən ayrılıb düşməyəcəkdir”.

1835-ci ildə Fakundo artıq ölmüşdü, bu, Rosasın hakimiyyətinə gəlməsinə yol açdı. Lakin Rosas bu dəfə yalnız diktatura ilə, fövqəladə səlahiyyətlərlə heç də kifayətlənmədi. O, ənənələr, adətlər, həyat tərzi, qaydalar, qanunlar, din, ideyalar, şüarlar və məqsədlər üzərində ağalıq etmək eşqinə düşdü. Onlar üst-üstə toplandıqda onun axtardığı ictimai hakimiyyətin bütövlüyü alınırdı. 5 aprel 1935-ci ildə Nümayəndələr Palatası don Xuan Manuel Rosası 5 il müddətinə Buenos-Ayresin baş hökmranı seçdi. O, həm də Səhra Qəhrəmanı, Qanunların Şərəfli Bərpaçısı, Bütün İctimai Hakimiyyətin Bütövlüyünü Saxlayanı adlanmağa başladı.

Adamlar gözləyirdi ki, iki il müddətinə xalqı cana yığan dəhşətli qayda pozğunluqlarına son qoyulacaqdır. Havada isə artıq qorxu küləyi əsirdi. Əlbəttə, hər bir xalqın həyatında belə anlar olur. Mübarizədən yorulanlar uzun illər məhrum olduqları istirahəti arzu edirlər, buna görə azadlıq və ideyalar hesabına ağır xərc ödəməyə də hazırdırlar.

Onsuz da, heç kəs inanmırdı ki, Rosas özü hakimiyyətdən əl çəkəcəkdir və ya xalq cəsarət tapıb, bunu ondan xahiş edəcəkdir. Bədbəxt xalq bir anlıq zəifliyinin qurbanı olmaqla, özünü uzun illərin əzablarına və dərd yükünü çəkməyə məcbur edir.

Rosas 1833-cü ildən başlayaraq, şəhəri daim qorxuda saxlamışdı. O deyirdi: “Xalq mənimlə deyilsə, mənim düşmənimdir”. Rosası qəzəbləndirən adamı ağır cəza gözləyrdi. Hər yerdə Bərpaçının portretləri asılmışdı, hakimiyyətinin bir ili keçəndən sonra bu sədaqət partlayışı şəhərdən kəndlərə də yayıldı. Belə təsəvvür yaranırdı ki, bu bədbəxtlik dövrü heç vaxt ötüb keçməyəcəkdir. Sonra Rosasın portreti gündəlik geyimin bir hissəsinə çevrildi. Hamı Bərpaçının şəxsiyyətinə alovlu məhəbbət əlaməti kimi döşündə onun portretini gəzdirirdi. Təəccüblənməyə ehtiyac da yoxdur. Az qala iki əsr sonra Şimali Koreyada hamı döşündə ölkədə əbədi prezident elan edilən mərhum Kum İr Senin portretini gəzdirir. Həm də kimsə Rosasa azacıq şübhə ilə yanaşsaydı, onu ya sürgün, ya da qəbir gözləyərdi.

Meydandakı mühafizəçilər hər 15 dəqiqədən bir qışqırırdılar: “Yaşasın donya Enkarkasyon Eskura! (Bu qadın Rosasın arvadı idi.)” Yuxudan oyanan uşaq da səhəri belə müqəddəs kəlmə ilə salamlayırdı.

Həmin dövrün digər icadı rəylərin uçota alınması idi, Rosas şəhərdəki və kəndlərdəki hakimlərə göstəriş vermişdi ki, bütün sakinlərin adı yazılmış siyahı tutulsun. Bu siyahı Qədim Romadakı diktator Sulla dövründəki proskriptsiya siyahılarını yada salırdı. Həmin siyahılar Rosasınkından fərqli olaraq kütləvi xarakter daşımırdı və onlara düşənlər hökmən ölümə məhkum edilirdi. Argentinadakı vəziyyət fərqli olsa da, heç də az dəhşətli deyildi. Xüsusi orqan olan Masorkanın (Rosasın müxalifətə divan tutmaq üçün yaratdığı Bərpa Xalq Cəmiyyəti) bıçağı yeddi il ərzində dayanmadan işləyə biləcəkdi. Hətta İspaniyadakı İnkvizisiya dövründə də məhv edilməli olan bütün yeretiklərin (dilsizlərin) siyahısı tutulmamışdı, onların taleyi bunu xəbər verən çuğulçulardan asılı olurdu.

Rosas həm valideynlərindən, həm də sonralar yaşadığı kənd mühitindən sərt olmağı əxz etmişdi. Onun malikanəsində dəmir qayda hökm sürürdü. Sonra o, bu təcrübədən şəhərdə də istifadə etdi. Argentina qauçosu öz anadangəlmə meyllərinə və onun üçün doğma olan adətlərə sadiqdir. Əgər qauço öz bıçağını itirdiyini görsə, getdiyi mənzilə yaxınlaşsa da, hökmən geriyə qayıdacaqdır, axı onun üçün bıçaq, elə bil ki, nəfəs almaqdır, lap elə onun həyatıdır.

Rosasa öz idarəetməsinin köklərini, ona bütün həyatını sürdüyü mal-qara malikanəsi vermişdi. Həm də o, İnkvizisiyanın məşum adətləri əsasında tərbiyə olunmuşdu.

Fakundodan fərqli olaraq, o, mülkiyyət məsələlərinə xüsusi diqqət verirdi, qaramal oğrularını inadkarlıqla təqib edirdi.

Rosas öz ətrafındakıları himayə etsə də, onları da qəddarlıqla cəzalandırırdı. Nümayəndələr Palatasının sədri Visente Masa Rosasın karyera xətti ilə yüksəlməsində xeyli köməklik göstərmişdi, ondan xidmətinə qiymət verilməsini gözləyirdi. Lakin bir gün gördü ki, Masorka onun portretini Tribunal Salonundakı divardan çıxarmışdır. 1839-cu ildə bu hadisə baş verəndə Masa Rosasa şikayət məktubu yazdı. Üç gün sonra isə tutduğu vəzifədən istefa vermək barədəki ərizəsini öz katibinə diktə edərkən, onun boğazını kəsən bıçaq bu diktəni yarımçıq qoydu. Belə söhbət gedirdi ki, əgər Rosas onu öldürməyə göstəriş vermişdirsə, deməli, bir səbəb var imiş. Rosas özü isə deyirdi ki, qocanı öldürmüşlər ki, istəkli oğlunun ölüm xəbəri ilə əlaqədar çəkdiyi əzablardan onu xilas etsinlər. Bu, Drakulanın əlil adamları anbara yığıb yedirtməsini və sonra anbarı yandırmaqla onları məhv etməsi səhnəsini yada salır. Drakula guya bədbəxt insanları çəkdikləri əzabdan qurtarmaq məqsədini güdürmüş. Masanın oğlu isə zabit kimi Rosasın əleyhinə olan qəsddə iştirak etmişdi və qəsdin üstü açıldıqda öldürülmüşdü.

Sonra eyni vəhşiliklə Rosasın katibi də qətlə yetirildi, iclas zalında onun başını kəsmişdilər. Qəsd iştirakçılarının hamısının ağzı yumduruldu, onların ağzına soxulan əsgi parçasını isə daha etibarlı hesab edilən və torpaqda qazılan qəbir əvəz etdi.

Kiroqanın öldürülməsindən sonra Respublikanın birləşməsi baş verdi. Rosas ölkədəki unitar hakimiyyətin mütləq başçısına çevrildi. Rosasın Buenos-Ayresdə malik olduğu bütün İctimai Hakimiyyətin Bütövlüyü bu vaxt artıq bütünlüklə respublikaya yayıldı.

Rosas Avropaya, onun bəzi dövlətlərinə düşmənçilikdən də əl çəkmirdi. Fransaya qarşı mübarizə naminə özünəməxsus müdafiə vasitələri seçirdi. O, universitetlərin professorlarını maaşdan məhrum etdi, prezident Rivadavianın vaxtilə ibtidai məktəblərə təyin etdiyi bol dotasiyanı kəsdi. Bütün xeyriyyə idarələri bağlandı, kəmağıllı insanlar dəlixanalardan küçələrə atıldı və sakinlər bu təhlükəli bədbəxtləri öz evlərində saxlamağa məcbur oldular.

Argentinada mübariz ruhlu insanlarla yanaşı, elə adamlar var idi ki, onlar tiranın təpiyi altında da çörək yeməyə hazır idilər. Onlar üçün azadlıq, sivilizasiya və ləyaqət marağı qida və başının üstündəki damdan fərqli olaraq, elə bir əhəmiyyət daşımırdı.

Buenos-Ayresin ədəbi mühiti də zəngin olmamaqla, axsayırdı. Mətbuatda Avropa ideyalarına yaxın olan bir neçə əsər çap olunmuşdu. Onlarda da nə siyasət, nə də partiyalar barədə heç nə yox idi.

Amerika dövlətlərində liberallığı ilə seçilən, yüksək intellektə malik olan adamlar arasında da Rosas özünə tərəfdarlar tapa bilirdi və onlar tiranın devrilmə ehtimalını biabırçı hal hesab edirdilər. Onlar anlamırdılar ki, Rosas yalnız barbarlığı və despotizmi təcəssüm etdirir. Bir fransız ziyalısı azmış və səhv hərəkətlərə yol verən argentinalılar haqqında haqlı olaraq deyirdi ki, “onlar 1789-cu ilin fransız mühacirləri kimi hər şeyi xatırlasalar da, lakin heç nəyi öyrənməmişdilər”.

Bəzi Avropa qəzetləri də Rosasa məddahlıq etmək yarışında yerlilərdən geridə qalmırdılar. Onlar yazırdılar ki, Rosas yeganə adamdır ki, Amerikanın yarıbarbar xalqlarını idarə etməyə qadirdir. Bu prezident isə ölkəsinin, bir gün də olsun belə, sülh şəraitində yaşamasını istəməmişdi. Xalqını, əslində, cana yığmış, pozmuş, qan gölündə batırmışdı. Öz quldurluğunun bəhrəsindən faydalanmaqla kifayətlənmək əvəzinə, o, Latın Amerikasının üç dövləti - Uruqvay, Paraqvay və Braziliya ilə haqq-hesab çəkmək istəyirdi, Çili və Boliviya isə onun siyahısında hələ geridə idi. Müharibə heç vaxt xalqın iradəsindən asılı olmur, əsasən, hər bir ictimai vəziyyətə xas olan şəraitlərdən asılıdır. Öz xalqı üçün bəlaya çevrilən bir adam nahaq yerə ümid edir ki, sonra xalqı guya bu bədbəxtliklərdən azad edəcəkdir.

(Ardı var)

 





13.08.2018    çap et  çap et