525.Az

Paşinyanın "Qarabağ klanı"na qarşı strategiyası uğursuz oldu


 

"ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİ DAVAM ETDİKCƏ, REGİONUN ÜMUMİ MARAQLARININ QORUNMASI VƏ ORTAQ MƏNAFELƏRİNİN TƏMİN EDİLMƏSİ MÜMKÜN OLMAYACAQ"

Paşinyanın "Qarabağ klanı"na qarşı strategiyası uğursuz oldu<b style="color:red"></b>

Ermənistanda baş verən etiraz aksiyaları nəticəsində cinayətkar Serj Sarkisyan hakimiyyətinə son qoyulması, muxalif deputat Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv dialoq mühitinin yaranacağına az da olsa ümid yaratmışdı. Çünki uzun illərdir hakimiyyəti əlində saxlayıb işğalçı siyasət həyata keçirən "Qarabağ klanı"nı devirən Paşinyan bəyan etdiyi kimi, ölkəni sosial-iqtisadi problemlər girdabında boğulmaqdan xilas etmək üçün tamam fərqli siyasət həyata keçirməliydi.

Bu mənada, işğal faktına görə Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid edən Azərbaycanla əlaqələrin bərpası düşmən ölkə rəhbərinə verdiyi vədləri yerinə yetirməyə imkan tanıya bilərdi. Bu, N.Paşinyanın erməni xalqı qarşısında etibarını itirməməsi üçün yeganə şansı idi.

Əvəzində ağır sosial-iqtisadi və siyasi böhran vəziyyətindən hələ də çıxa bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan əsas rəqiblərindən canını qurtarmağa çalışdı. O, işğalçı ölkənin sabiq prezidenti Robert Koçaryanı həbs etdikdən sonra diqqətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni generalı Yuri Xaçaturovun üzərində çəmləşdirmişdi. Növbədə devirdiyi Serj Sarkisyanı da oxşar taleyin gözlədiyi heç kimdə şübhə doğurmurdu. Lakin Kreml rəhbərliyinin barəsində cinayət işi qaldırılan generalın həbsinə yaşıl işıq yandırmaması Paşinyanın planlarına mane oldu. Ancaq düşmən ölkə baş naziri KTMT-də Y.Xaçaturovun əvəzinə keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə Qarabağ klanının aparıcı üzvlərini sıradan çıxararaq qarşısındakı bütün əngəlləri aradan qaldırmaqda israr olduğunu nümayiş etdirdi. Bu məqsədlə, hətta o, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə də müraciət etməli oldu. Qazaxıstan prezidentinə telefon zəngində N.Paşinyanın əsas məqsədi KTMT müstəvisində atmaq istədiyi addımlara dəstək qazanmaq olsa da, Rusiya amili onun bütün planlarını alt-üst etdi. Nəticədə, Ermənistanın baş naziri həbsə göndərdiyi sabiq prezident Robert Koçaryanın məhkəmə qərarı ilə azadlığa buraxılmasına mane ola bilmədi.

Bu mənada, Qarabağ problemi ilə bağlı istənilən səviyyədə həyata keçiriləcək yumşaq diplomatiyanın N.Paşinyanı xalqa qarşı çevirmək üçün "Qarabağ klanı"nın əlində fürsət, bəhanə yaradacağını nəzərə alsaq, onun əsas rəqibləri - Koçaryan-Sarkisyan cütlüyünün yenə də problemin həllində sədd funksiyasını icra edəcəkləri şübhə doğurmur. Eyni zamanda, bu, o deməkdir ki, nə qədər Sarkisyanlar, Koçaryanlar bu ölkənin başında "qara bulud" olmağa davam edəcək, o vaxta qədər də Ermənistan dövləti böhran vəziyyətindən çıxa bilməyəcək.

Təsadüfi deyil ki, N.Paşinyan son çıxışlarının birində Azərbaycanla Dağlıq Qarabağ danışıqlarına hazır olduğunu bəyan edib. O, bununla əvvəlki fikirlərindən, yəni danışıqlarda qondarma rejimin də iştirak etməsiylə bağlı şərtindən geri çəkildiyini göstərməyə çalışıb və prosesin bərpasının müəyyən vaxt tələb etdiyini deyib. Ancaq Ermənistana kənar qüvvələrin böyük təsirinin mövcud olduğu hazırkı şəraitdə danışıqların hansı istiqamətdə inkişaf edəcəyi ciddi sual doğurur. Bu mənada, son günlər Ermənistanın paytaxtı İrəvanda sözdə "böyük Ermənistan" iddiaları ilə bağlı saxta təbliğat materiallarının yenidən gündəmə gətirilməsi buna bariz nümunədir.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan növbədənkənar parlament seçkisi öncəsi "Qarabağ klanını" zəiflətmək xəttini götürməklə doğru strategiya seçmişdi: "Ancaq hədəfi böyütməyə gücü çatmadı. Onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini dəyişmək istəyi Moskvanın müqavimətiylə üzləşdi, üstəgəl, məhkəmə eks-prezident Robert Koçaryanı da azad etdi. Bundan sonra "Qarabağ klanı" və Ermənistandakı ruspərəst qüvvələr Paşinyana qarşı birləşəcəklər, lider axtarışında səssiz Serj Sarkisyanın fonunda Robert Koçaryanı seçə bilərlər".

Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Rusiya bizim siyasətimizə uyğunlaşmalıdır" dedikdən bir gün sonra Qarabağ separatçılarının lideri Bako Saakyan ona bu şəkildə cavab verib: "Rus-erməni münasibətlərinin tarixi kökləri mövcuddur, bunu daha da dərinləşdirmək lazımdır". Yəni Bako Saakyan demək istəyib ki, Nikol Paşinyan tarixdən gələn ənənəni dəyişə bilməz, dəyişmək istəsə, qarşısında Qarabağ ermənilərini görəcək".

Mərkəz sədrinin sözlərinə görə, Rusiyanın ermənipərəst qüvvələri Paşinyanın xarici siyasətindən narazıdırlar: "Ona görə də bu qüvvələr birbaşa Qarabağ separatçıları ilə təmasları genişləndirməyə qərar veriblər. Məsələn, Rusiyanın ermənipərəst "Regnum" saytının ermənipərəst baş redaktoru Modest Kolerov Qarabağ separatçılarının liderindən aldığı müsahibədə suallarını rus-erməni birliyi ətrafında formalaşdırıb. Bako Saakyan da müsahibə boyunca Rusiyanın böyük və tarixi rolundan danışıb. Bununla Rusiyadakı mərkəzlər Bako Saakyanın dili ilə Paşinyana mesaj yollayıblar ki, "bizim əleyhimizə gedərsənsə, Qarabağ separatçıları İrəvanın deyil, birbaşa Moskvanın təlimatı ilə idarə olunacaq, ta o vaxta kimi Ermənistan hakimiyyətində yenidən ruspərəst otursun".

Son vaxtlar Azərbaycanın KTMT-yə üz olmasının mümkünlüyü ilə bağlı səslənən fikirlərə də toxunan E.Şahinoğlu hesab edir ki, Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaratsa da, bu bizə eyforiyaya qapılmaq və "Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək" kimi tələsik qərarlar qəbul etməyə əsas vermir: "İşğalçı (Ermənistan) dövlətlə işğala məruz qalan (Azərbaycan) dövlət eyni hərbi təşkilatda necə fəaliyyət göstərə bilər? NATO-da belə hal mümkün deyil".

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Ermənistan regionda işğalçı dövlətdir və bu işğalçılıq siyasəti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub. O, "Trend"ə bildirib ki, məhz buna görə Cənubi Qafqaz ölkələri istər beynəlxalq münasibətlər sistemində, istərsə də geostrateji mənafelər baxımından mövcud reallıqlarda tam miqyasda uzlaşdırılmış siyasət həyata keçirərək bütövlükdə regionun ümumi maraqlarını qorumaqda çətinlik çəkirlər: "Bu azmış kimi, Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir və üstəlik, növbəti işğalçılıq siyasəti üçün də ideoloji və hərbi-siyasi əsaslar yaratmağa çalışır. Belə ki, hələ hakimiyyətdə olduğu zaman Ermənistanın eks-prezidenti Serj Sarkisyan demişdi ki, biz "böyük Ermənistan" yaratmaq yolunda ilkin addımı atdıq - Qarabağı işğal etdik, bundan sonrakı hədəfləri isə gələcək nəsillərə buraxırıq. Gələcək nəsillərə buraxılan hədəflər isə əslində, regionda Ermənistanla qonşu olan 3 ölkənin ərazilərini ələ keçirməkdir. Bu ölkələrdən biri uzun illərdir işğala məruz qalan Azərbaycandır. İkincisi Gürcüstandır ki, Ermənistan bu dövlətin Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürür. Üçüncüsü Türkiyədir, bu ölkənin Ərdahan, Ərzurum, Qars, Diyarbəkir və Van vilayətlərinə ərazi iddiası irəli sürülür. Hətta Ermənistan tərəfindən Urmiya daxil olmaqla İranın geniş bir bölgəsinə də ərazi iddiaları irəli sürülür".

Deputat vurğulayıb ki, əlbəttə, belə bir şəraitdə hazırkı gerçəkliklər və tarixi həqiqətlərdən çıxış edən qonşu ölkələr Ermənistanın bu səpkili ideoloji təxribatına və işğalçılıq siyasətinə qarşı birgə mübarizə aparmalıdır: "Təsadüfi deyil ki, İrəvanın mərkəzində "Respublika meydanı" metro stansiyasında yerləşdirilmiş "böyük Ermənistanın" qondarma "xəritə"sinin şəklini amerikalı analitik Coşua Kuçera çəkərək "Tvitter"ə qoyub. Şəkildə Azərbaycana açıq ərazi iddiası ilə bərabər Türkiyə, İran və Gürcüstana da ərazi iddiaları irəli sürülür. Bu vasitə ilə işğalçılıq siyasətinin istiqamətlərini göstərən təbliğat şəkilləri və plakatları nümayiş etdirilərək gənc nəslin beyninə bu ideologiya yeridilir. Onların zehninə həkk edilir ki, gələcəkdə bu işğalçılıq siyasətini davam etdirsinlər. Ona görə də əgər biz gələcəkdə regionda müharibə, savaş istəmiriksə, gələcəkdə regionun bütün çıxarlarını və mənafelərini qorumaq istəyiriksə, bu işğalçılıq siyasəti təbliğatının qarşısını indidən almalıyıq. Bunun ən yaxşı yolu isə Ermənistanın ərazi iddiası qaldırdığı hər dörd ölkənin - Azərbaycan, Gürcüstan, İran və Türkiyənin bu siyasətə qarşı birgə mübarizə aparmasıdır. Ən nəhayət, bununla bağlı "hücum diplomatiyası" həyata keçirərək, bu işğalçılığa əsas yaradan ideoloji təbliğat vasitələrinin Ermənistanın öz içərisindəcə boğulmasına nail olmaq lazımdır".

H.Babaoğlunun fikrincə, bunun üçün geniş informasiya kampaniyası aparmaq lazımdır: "Çünki işğalçı dövlət regiondakı başqa dövlətlərə qarşı bundan sonra da işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Ona görə də bu kontekstdə Ermənistanın bu işğalçılıq siyasətini ifşa etmək üçün 4 ölkə regional və beynəlxalq təşkilatları dəvət etməklə, onların nümayəndələrinin iştirakı ilə birgə beynəlxalq konfranslar təşkil edə bilər. Nəhayət, Ermənistanda "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün şovinist düşüncəli gənclər yetişdirilməsinin qarşısının alınması, Ermənistanın bu işğalçılıq siyasətindən çəkindirilməsi üçün bu istiqamətdə tədbirlər həyata keçirilməli, mütəmadi olaraq informasiya və ideoloji müharibə üsulları və digər vasitələrlə bu siyasət ifşa edilməlidir. Əks təqdirdə, Ermənistanın bu işğalçılıq siyasəti davam etdikcə regionun ümumi maraqlarının qorunması və ortaq mənafelərinin təmin edilməsi mümkün olmayacaq".

Ceyhun ABASOV

 





17.08.2018    çap et  çap et