525.Az

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı


 

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı<b style="color:red"></b>

Avqustun 15-dən ölkə üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.  Ərizələrin onlayn qeydiyyatı  Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən, həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək  (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 3 sentyabr tarixdən başlayacaq, 28 sentyabrda başa çatacaq.

Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən, həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Məlumata görə, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

S.QARAYEVA

 





17.08.2018    çap et  çap et