525.Az

Sahil Babayev Birləşmiş Krallığın səfiri ilə görüşüb


 

AZƏRBAYCAN VƏ BÖYÜK BRİTANIYA ARASINDA ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İMKANLARI NƏZƏRDƏN KEÇİRİLİB

Sahil Babayev Birləşmiş Krallığın səfiri ilə görüşüb<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Karol Mari Kroftsu qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi strategiyasının mərkəzində insan amilinin, vətəndaş firavanlığının dayandığını vurğulayan nazir ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin "bir pəncərə"dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün DOST mərkəzlərinin yaradılması yönündə aparılan işlər barədə məlumat verib.

S.Babayev "British Council" tərəfindən icra olunan və BP tərəfindən dəstəklənən "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı"nın əhəmiyyətini qeyd edib.

Nazir bildirib ki, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək, məşğulluq, sosial təminat sahələrində idarəçilik və xidmətlərin avtomatlaşdırılması, bu sahələrdə "bir pəncərə"dən xidmət modelinin tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, əməyin təhlükəsizliyi və s. sahələrdə Böyük Britaniyanın müvafiq qurumları ilə təcrübə mübadilələrinin aparılması önəmli ola bilər. Bu məqsədlə həmin qurumlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üçün də imkanlar var.

K.M.Krofts Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi yönündə aparılan işləri maraqla izlədiyini, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrini əhatə etməsi üçün onun tərəfindən də səylərin göstəriləcəyini vurğulayıb.

Görüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə davam edib.

CEYHUN

 





17.08.2018    çap et  çap et